"Matç qolsuz başa çatsa da, kifayət qədər maraqlı keçdiyini düşünürəm". Bu sözləri Sport24.az-a açıqlamasında Elmar Baxşıyev deyib.
Təcrübəli mütəxəssis Misli Premyer Liqasının IX turunda baş tutan "Sabah" - "Qarabağ" qarşılaşması haqda fikirlərini bölüşüb:
"Hər iki komanda meydanda ehtiyatlı davranır, ilk növbədə müdafiədə etibarlı oynamağa çalışırdı. Bu səbəbdən hücumlarda o qədər də kəsərli ola bilmədilər və yaradılan imkanlardan yararlanmaq çətinləşdi. Tərəflər daha çox rəqibin səhvindən istifadə etməyə çalışır, müdafiədə boşluqlar verməməyə üstünlük verirdilər. Belə qarşılaşmalarda bir qol adətən qarşılaşmanın gedişatını dəyişir, komandaları daha çox risk etməyə və hücumda fəallaşmağa məcbur edir. Qol vurulduqdan sonra hesabda geri qalan komanda bərabərlik üçün irəli atılır, bu da oyunun daha açıq və dinamik keçməsinə şərait yaradır. Lakin bu qarşılaşmada tərəflər fərqlənə bilmədilər və hər iki komanda qolsuz heç-heçə ilə kifayətləndi".
Baxşıyev avrokuboklarda iştirakın "Sabah"ın çempionatdakı çıxışına təsiri barədə danışıb:
"Düşünmürəm ki, ÇL-də çıxış etməsi "Sabah"ın çempionat matçlarına təsir göstərir. Komandanın heyəti kifayət qədər genişdir və rotasiya etmək üçün imkanları var. Baş məşqçinin sərəncamında müxtəlif mövqelərdə oynaya bilən futbolçuların olması heyətdə dəyişikliklər etməyə və oyunçuların fiziki vəziyyətini nəzərə almağa şərait yaradır. Bu baxımdan, avrokubok matçlarından sonra çempionat görüşlərinə hazırlaşmaq üçün seçim imkanları kifayət qədərdir".
Qeyd edək ki, ötən gün Mərdəkandakı "Sabah Arena"da baş tutan "Sabah" - "Qarabağ" oyunu qolsuz başa çatıb.