Şotlandiyanın "Seltik" futbol komandasının hücumçusu, "Qarabağ" klubunun sabiq üzvü Kamilo Duran Kolumbiya millisinə dəvət almasında yeni klubuna keçidinin böyük rol oynadığını deyib.
İdman.Biz "Scotsman"a istinadən xəbər verir ki, 24 yaşlı kolumbiyalı yayda "Qarabağ"dan altı milyon funta (13,7 milyon AZN) transfer olunub. Duranın sözlərinə görə, yeni liqada və böyük klubda çıxış etməsi milli komandadakı perspektivinə təsir göstərib. O, "Seltik"də yüksək səviyyədə oynamağı davam etdirəcəyi təqdirdə yığmaya yeni dəvətlər alacağına ümid edir.
Hücumçu ötən həftə Kolumbiya millisində debüt edib. O, Paraqvaya 0:1 hesabı ilə uduzduqları ev oyununda iki dəqiqə, Peru üzərində 2:0 hesablı qələbədə isə 29 dəqiqə meydanda olub. Duran milli komandada oynamağın uşaqlıq arzusu olduğunu, o vaxt Hames Rodriges və Luis Diası özünə kumir saydığını söyləyib. Onun sözlərinə görə, bu iki oyunda istirahət verilən Dias növbəti toplanışda Çili ilə ev və səfər matçlarına qayıtmalıdır.
Futbolçu komanda yoldaşı Kasper Höqlə hücumda cüt oynamaq ehtimalına da münasibət bildirib. O, baş məşqçinin tapşırdığı istənilən mövqedə - cinahda, hücumun mərkəzində və ya "onluq" kimi çıxış etməyə hazır olduğunu deyib.
"Kasperlə irəlidə birlikdə oynaya bilərik", - deyə Duran vurğulayıb.
Norveçin "Budyo-Qlimt" futbol klubundan 11 milyon funta (25,2 milyon AZN) alınan Höq yeni komandasında üç qol vurub və hamısını iki ay əvvəl "Kilmarnok"la oyunda keçirib. Baş məşqçi Martin O'Nil isə indiyədək iki hücumçu ilə oynamaqdan əsasən çəkinib.
Duran O'Nilin vəzifəsində qalmasından məmnun olduğunu da söyləyib. Şimali irlandiyalı mütəxəssisin millilərin oyunlarına görə yaranan fasilədə istefa verə biləcəyi barədə söz-söhbət yayılıb. Kolumbiyalı baş məşqçinin onu çox yaxşı qarşıladığını və özünə inam verdiyini bildirib.
Dalbadal üç məğlubiyyət alan "Seltik" bu gün Şotlandiya Premyerşipində səfərdə "Mazervell"lə qarşılaşacaq.