"Baş məşqçi Qurban Qurbanovla mütəmadi olaraq danışıqlarımız olur. O, bizə yol göstərəndir. Təbii ki, oyunumu daha da yaxşılaşdıra bilərəm. Amma hazırda əsas məqsədim komandama kömək etmək üçün əlimdən gələni etməkdir".
Bunu "Qarabağ"ın mozambikli futbolçusu Bruno Lanqa deyib.
29 yaşlı müdafiəçi Azərbaycan Premyer Liqasının doqquzuncu turunda səfərdə "Sabah"la 0:0 hesablı heç-heçə etdikləri oyun barədə fikirlərini bölüşüb.
"Çətin oyun olacağını gözləyirdik və elə də oldu. Düşünürəm ki, pis oynamadıq. Qazandığımız bu bir xal, ümumi götürdükdə, mövsümün sonunda bəlkə də böyük dəyər kəsb edəcək. Biz işimizi yaxşı görürük. Çempionat hələ çox uzun bir marafondur. Qarşıda çoxlu hadisələr baş verəcək, fərqli nəticələr olacaq. Ona görə də hər şeyə normal baxırıq", - deyə o teleqraf.az-a açıqlamasında söyləyib.
B. Lanqa hakimliklə bağlı da fikirlərini bildirib:
"Düşünürəm ki, hakim öz işini gördü və qərarları düzgün idi. Qeydə alınmayan iki qoldan biri açıq-aşkar oyundankənar vəziyyət idi. Digər epizodda isə futbolçu əllə oynadı. Haqlı olaraq həmin qollar qeydə alınmadı. Mənə elə gəlir ki, hakim oyunu yaxşı və ədalətli idarə etdi. Hakimlik haqqında pis fikir bildirə bilmərəm".
Qeyd edək ki, hazırda "Qarabağ" və "Neftçi" 18 xalla turnir cədvəlinin ikinci-üçüncü pillələrini bölüşür. "Sabah" isə 20 xalla liderdir.