İtaliyanın "Sampdoriya" futbol komandasının azərbaycanlı hücumçusu Lorenzo Mezzotero əsas heyətin növbəti oyun üçün iştirak ərizəsinə daxil edilib.
İdman.Biz İtaliya mediasına istinadən xəbər verir ki, baş məşqçi Luka Dancelo gənc futbolçunu B Seriyasının doqquzuncu turunda "Askoli" ilə keçirilən qarşılaşma üçün heyətə çağırıb.
"Sampdoriya"nın U-19 komandasının kapitanı olan Mezzotero mövsümə məhsuldar başlayıb. Hücumçu "Primavera 2" çempionatında keçirdiyi altı oyunda səkkiz qol vurub və iki məhsuldar ötürmə edib. O, hazırda turnirin bombardirlər siyahısına başçılıq edir.

"Askoli" ilə keçirilən qarşılaşmada meydana çıxmasa da, 39 nömrəli formanı geyinən futbolçu daha əvvəl "Yuve Stabiya" və "Palermo" ilə görüşlərin son dəqiqələrində əsas komandanın heyətində meydana çıxıb.
Qeyd edək ki, 18 yaşlı Mezzotero İtaliyanın Monza şəhərində anadan olsa da, uşaqlıq illərini Azərbaycanda keçirib. Atasının SOCAR-da çalışması ilə əlaqədar 2014-cü ildə Bakıya köçən futbolçu ilk addımlarını "Qarabağ"ın uşaq komandalarında atıb, daha sonra "Leon" və "Neftçi"nin akademiyalarında çıxış edib.

2020-ci ildə ailəsi ilə birlikdə İtaliyaya qayıdan hücumçu "Atalanta" və İspaniyanın "Marcet" akademiyalarında hazırlıq keçib. O, 2024-cü ildə "Sampdoriya"ya qoşulub və bu il avqustun 29-da "Yuve Stabiya" ilə qarşılaşmada əsas komandada debüt edib.
Azərbaycan vətəndaşlığına malik Mezzotero bu ilin iyununda U-21 millimizin heyətində ilk oyununu keçirib. O, iyunun 6-da Bəhreynlə yoxlama görüşündə (3:0) yığmamızın üçüncü qoluna imza atıb.
