"FIFA U-15 dünya çempionatı və festivalına hazırlıqlar tam sürətlə davam edir. Turnirdə mübarizə aparacaq Azərbaycanın U-16 millisi "Bayıl Arena"da təlim-məşq toplanışını başa vurub".
Yığmanın baş məşqçisi Famil Xəlilov komandanın hazırlığı, heyət seçimi və turnirin əhəmiyyəti barədə danışıb.
O, futbolçuların fiziki və psixoloji durumunun yüksək səviyyədə olduğunu bildirib.
"İnanıram ki, ölkəmizi layiqincə təmsil edəcəyik. Turnirdə iştirak edəcək 14 futbolçunun adları son məşqdən sonra dəqiqləşdi. Seçim prosesinə gəlincə, bu, bir neçə mərhələdən ibarət olub və Azərbaycanın müxtəlif bölgələrini əhatə edib. Üç mərhələdə seçimlər təşkil edərək 19 futbolçu və 3 qapıçıdan ibarət ilkin heyəti formalaşdırdıq. Son məşqlərə qədər 19 futbolçu və 3 qapıçı ilə çalışdıq. Turnirin vaxtı yaxınlaşdıqca oyunçuların sayını tədricən azaltdıq. Hazırkı heyətdə bölgələrdən olan futbolçular da var. Onların əksəriyyəti "Ulduz", "Neftçi" və "Qarabağ" akademiyalarında çıxış edən bölgə uşaqlarıdır", - deyə o AZƏRTAC-a açıqlamasında söyləyib.
Baş məşqçi komanda üzvlərində müəyyən həyəcanın olduğunu, lakin futbolçuların turnirə böyük istək və motivasiya ilə yanaşdıqlarını vurğulayıb:
"Turnirin böyük olduğunu nəzərə alsaq, uşaqlarda müəyyən həyəcan var. Amma motivasiya və istək yüksək səviyyədədir. Bunu məşqlərdə də görmək mümkündür. Ümumiyyətlə, dünya çempionatı həm futbolçular, həm də məşqçilər üçün əhəmiyyətli təcrübə olacaq. Futbolçular beynəlxalq səviyyənin tələbləri ilə yaxından tanış olacaq, məşqçilər isə onların üzərində işləməli olduqları məqamları müəyyənləşdirəcəklər".
FIFA U-15 dünya çempionatı və festivalında Azərbaycan millisinin heyətində çıxış edəcək hücumçu Yusif Əlizadə turnirə yaxşı hazırlaşdıqlarını və yüksək nəticə qazanmaq istədiklərini bildirib. O, dünya çempionatına az vaxt qaldığını və komandanın hazırlığının yaxşı keçdiyini söyləyib:
"Artıq tam hazır olduğumuzu demək olar. Dünya çempionatında yaxşı çıxış edəcəyimizi düşünürük. Çempion olmağı, kuboku qaldırmağı da hədəfləyirik. Rəqiblərimizin oyun üslubunu öyrənməyə çalışdıq. Xüsusilə Andorra yığmasının oyunlarını izləmişik və bu rəqibə qarşı uğur qazana biləcəyimizə inanırıq".
Hücumçu turnirdə fərdi hədəfinin də olduğunu gizlətməyib:
"Mundialda bombardir olmaq istəyirəm. 25-30 qol vurmağı hədəfləyirəm. Bunun üçün əlimdən gələni edəcəyəm. Dünya çempionatında yaxşı çıxış xarici klubların və menecerlərin diqqətini cəlb edə bilər. Bu da xaricdə oynamaq üçün imkan yarada bilər. Bununla belə, əsas məqsədimiz Azərbaycan millisinin uğurlu nəticə qazanmasıdır".
Üç ildir "Ulduz" Futbol Akademiyasında (FA) çıxış edən hücumçu orada yaradılan şəraitdən razılığını ifadə edib:
"Ulduz" hazırda ən yaxşı akademiyalardan biridir. Burada bizə çox yaxşı baxırlar, intizama böyük önəm verirlər. Futbol baxımından da inkişafımız üçün yaxşı şərait yaradılıb. Hələlik akademiyada qalaraq özümü daha yaxşı göstərmək və gələcəkdə xaricdə oynamaq istəyirəm".
Azərbaycanın millisinin qapıçısı Said Bayramov FIFA U-15 dünya çempionatı və festivalında iştirak etməyin onun üçün böyük sevinc olduğunu bildirib. O, turnirə hazırlığın yaxşı keçdiyini və komanda yoldaşlarının məşqlərdə səylə çalışdıqlarını deyib:
"Hazırlıq prosesi çox yaxşı keçdi. Məşqlərdə hər kəs yaxşı çalışdı. İnanıram ki, bu hazırlığın nəticəsində çempion olarıq".
Bayramov ilk dəfə milli komandaya dəvət aldığını və heyətə düşmək üçün bir neçə seçim mərhələsindən keçdiyini söyləyib:
"Dünya çempionatında oynamaq hamının arzusudur. Mən də ilk dəfədir millidəyəm. Seleksiyala məşqlərində iştirak etmişəm. Seçilə-seçilə 14 nəfərlik heyətə düşmüşəm".
"Neftçi"nin U-16 komandasında çıxış edən qapıçı klubdakı vəziyyətin də yaxşı olduğunu vurğulayıb. Onun sözlərinə görə, klubda milli komandaya uyğun məşq proqramı verilir ki, futbolçular çox yorulmasınlar.
Qolkiper gələcək hədəflərindən də danışıb. O, ölkə xaricində oynamaq və Azərbaycanı beynəlxalq səviyyədə təmsil etmək istədiyini bildirib:
"İspaniya kimi ölkələrdə çıxış etmək istəyirəm".
Qeyd edək ki, FIFA U-15 dünya çempionatı və festivalı oktyabrın 22-dən 30-dək Bakıda keçiriləcək.