"Lixtenşteynlə oyundan gözləntilərim əslində pozitivdir. Hesab edirəm ki, Lixtenşteynlə oyunda qələbə qazanmaq üçün bizim bütün potensialımız var. Bu ondan ibarətdir ki, bütün oyunçularımız kifayət qədər yaxşı vəziyyətdədirlər".
Bu sözləri Azərbaycan millisinin və "Qarabağ"ın sabiq yarımmüdafiəçisi, futbol mütəxəssisi Aslan Kərimov UEFA Millətlər Liqasının D Liqası çərçivəsində səfərdə Lixtenşteynə qarşı keçiriləcək oyun barədə danışarkən deyib.
Təcrübəli mütəxəssis Ayxan Abbasovun rəhbərlik etdiyi yığmamızın şanslarını dəyərləndirib, heyətin komplektləşdirilməsindən və səfər matçında diqqət yetirilməli olan taktiki məqamlardan söz açıb.
"Düzdür, bəzi futbolçular kifayət qədər oyun praktikası qazanmayıblar. Amma məncə, Ayxan Abbasov bütün mövqeləri kifayət qədər komplektləşdirib. Nə olmasından asılı olmayaraq, məncə, artıq Lixtenşteynə qalib gəlməliyik. Yəni oyunçularımızın oyun praktikası olub-olmamasından asılı olmayaraq, bunu etmək məcburiyyətindəyik. Mən buna tam əminəm ki, Lixtenşteynlə oyunda xal qazanacağıq. Xal deyəndə isə qələbə qazanacağımızı nəzərdə tuturam.
Sadəcə olaraq, bəzi məqamlarda, belə deyək, rəqib meydanında oynayırsansa, istər-istəməz onların az da olsa əks-hücumları olacaq. Diqqətli olmalı olduğumuz məqam odur ki, bu əks-hücumlarda rəqibi düzgün və təşkilatlanmış şəkildə qarşılayaq. Çünki ola bilər ki, oyunun əvvəllərində biz yenə də təzyiqli oynayacağıq və dominant tərəf biz olacağıq. Amma rəqib komanda qapalı oynadığı halda zaman-zaman qollar vura bilməyə, kombinasiyalarımız alınmaya bilər. Bu isə bizi təşvişə salmamalıdır. Belə situasiyalarda komandalar qol vura bilmədikcə, əsəbiləşdikcə müdafiədə boşluqlar buraxa bilərlər. Bundan qorunmalıyıq. Yalnız belə situasiyalarda xal itkisinə məruz qala bilərik. Düşünürəm ki, Ayxan Abbasov da bu məsələləri öncədən həll edib, uşaqlarla bu barədə danışıb və belə deyək, həmin məsələləri artıq yoluna qoyub. Ona görə də qələbə qazanacağımıza inanıram", - deyə o fanat.az-a açıqlamasında bildirib.
Qeyd edək ki, UEFA Millətlər Liqası çərçivəsində Vadutsda keçiriləcək Lixtenşteyn - Azərbaycan görüşü bu gün Bakı vaxtı ilə saat 23:45-də baş tutacaq.