"Beynəlxalq səviyyəli yarışdır və ilk dəfə keçirilir. Yarış haqqında müsbət fikirdəyəm. Belə beynəlxalq təcrübə ilə tanış olmaq, onun ab-havasını hiss etmək yeniyetmə və gənc futbolçuların inkişafında vacib rol oynayacaq".
Bu sözləri Azərbaycan millisinin və "Qarabağ"ın sabiq yarımmüdafiəçisi, tanınmış futbol mütəxəssisi Aslan Kərimov Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalı barədə danışarkən deyib.
Təcrübəli mütəxəssis turnirin keçirilmə formatını, gənc futbolçuların inkişafındakı rolunu şərh edib, həmçinin tanınmış mütəxəssis Arsen Vengerlə keçirilən görüşün təfərrüatlarını bölüşüb.
"Performanslarına gəlincə, burada taktiki baxımdan oyunçuların çıxışını dəyərləndirə bilmərəm. Çünki bu, fərqli formatda keçirilən oyundur. Meydanda yeddi oyunçu və bir qapıçı olur. Burada əsas məsələ tez düşünmək, qısa zaman ərzində qərarlar vermək və onları dəyişməkdir. Yəni bu, dar zonada və məhdud çərçivədə problemlərin düzgün həllinə yönəlmiş oyun formatıdır. Bu da uşaqların həmin istiqamətdə inkişafına kömək edir. Bununla bağlı hesab edirəm ki, bəzi ölkələrdən bir qədər geri qalırıq, bəzilərini isə üstələyirik. Hər halda, bu yaş qrupumuzun keçənilki və ondan əvvəlki yaş qrupları ilə müqayisədə daha təcrübəli və inamlı göründüyünü düşünürəm. Amma performans baxımından, yəqin ki, bu komandadan çempion olmağı gözləmirəm. Çünki bu çempionatda həqiqətən də daha güclü rəqiblər var və daha güclü ölkələr iştirak edir. Ona görə də hesab edirəm ki, bu turnirə komandamızın birinci yeri tutması və ya yer uğrunda mübarizə aparması prizmasından yanaşmamalıyıq. Bəlkə də uşaqlar, oyunçular buna belə baxırlar. Mən isə bu turniri daha çox beynəlxalq səviyyədə özlərini başqaları ilə müqayisə etmək və öz güclərinə inanmaq baxımından dəyərləndirirəm. Bu, böyük meydanda 11-ə 11 formatında keçirilən oyun deyil, yəni bütöv bir futbol oyunu deyil. Bu, oyunçularımızı fərqli istiqamətdə inkişaf etdirmək üçün tamamilə başqa formatdır.
Dünən Arsen Vengerlə də görüşümüz olmuşdu. Premyer Liqanın və Federasiyanın nəzdində fəaliyyət göstərən baş məşqçilərlə Arsen Venger arasında iki saatlıq master-klass və görüş keçirildi. Burada oyunçularımızın inkişaf prosesində kiçik meydanlarda keçirilən oyunların (small-sided games) əhəmiyyəti, bu formatda oyunların məşqlərə daxil edilməsi ilə bağlı müzakirələr apardıq. Bunun çox vacib olduğunu vurğuladıq. Dediyim kimi, belə turnirlər uşaqların dar zonada sürətli oynamasına və tez düşünməsinə kömək edir, bu keyfiyyətlərin inkişafına ciddi dəstək verir. Ona görə də biz bu turnirə daha çox məhz bu istiqamətdən yanaşmalıyıq", - deyə o fanat.az-a açıqlamasında söyləyib.