"Bu oyunda nəyin bahasına olursa-olsun əsas məqsəd qələbə qazanmaq deyil. Çünki belə deyək, bir neçə yeni isim, bir neçə gənc oyunçu, ilk dəfə çağırılan futbolçular var. Məncə, bu oyunun əsas mahiyyəti həmin futbolçulara oyun praktikası vermək, ümumiyyətlə, milli komandanın formasında oynamaq hissini yaratmaqdır".
Bu sözləri Azərbaycan millisinin və "Qarabağ"ın sabiq yarımmüdafiəçisi, tanınmış futbol mütəxəssisi Aslan Kərimov yığmamızın bu gün Andorra ilə keçirəcəyi oyun barədə danışarkən deyib.
Təcrübəli mütəxəssis qarşılaşmanın əsas məqsədindən, yeni oyunçuların sınaqdan keçirilməsindən və rəqibin əks-hücum təhlükəsinə qarşı diqqətli olmağın vacibliyindən söz açıb.
"Təbii ki, oyun üslubumuzu da bir qədər ortaya qoyacağıq. Amma əsas niyyət bu matçda bəzi futbolçuların oyun performansına baxmaqdır. Təbii ki, demək istədiyim o deyil ki, bu görüşdə qələbə qazanmaq lazım deyil. Əlbəttə ki, qalib gəlmək də lazımdır. Sadəcə olaraq, mahiyyət bir qədər fərqlidir. Məsələn, Lixtenşteynlə qarşılaşmada nəyin bahasına olursa-olsun qələbə qazanmalıydıq və bunun da öhdəsindən gələ bildik. Amma Andorra ilə görüş nisbətən bir qədər fərqlidir.
Digər tərəfdən isə məhz qələbə qazanmaq üçün bu səviyyədə olan komandalarla oynayarkən onların əks-hücumlarına çox diqqət etməliyik. Yəni onların bizim qarşımıza qoya biləcəyi çətinlik yalnız biz hücumda olarkən, qol axtarışında olduğumuz zaman müdafiədə yaranan boşluqlardır. Bunlara qarşı diqqətli olmalıyıq. Çünki böyük qüvvə ilə irəli atılırsan, böyük qüvvə ilə hücum etməli olursan. Belə rəqiblər arxaya çəkilirlər, daha çox arxada boşluqlar verməməyə çalışırlar. Sən də daha böyük qüvvə ilə, daha çox oyunçu ilə hücum etmək məcburiyyətində olursan. Belə anlarda rəqibin əks-hücumları bizim üçün çətinlik yarada bilər. Ona görə də daha çox bu istiqamətdə diqqətli olmalıyıq ki, belə situasiyalardan qol buraxmayaq.
Qalan komponentlərdə isə, məncə, biz rəqibimizi üstələyə biləcəyik və Andorra ilə oyunda qələbə qazanmaq bizim üçün çox da çətin olmamalıdır. Amma hər halda bir daha təkrar etmək istəyirəm ki, bu cür oyunların mahiyyəti nisbətən başqadır. Xüsusən də baş məşqçilər üçün belədir", - deyə o fanat.az-a açıqlamasında vurğulayıb.
Qeyd edək ki, bu gün keçiriləcək Azərbaycan – Andorra görüşü Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.