Komandamızın futbolçusu Aleksey Kaşuk Ukrayna millisinə dəvət alması ilə bağlı saytımıza müsahibə verib. 26 yaşlı yarımmüdafiəçi karyerasında ilk dəfə əsas yığmaya çağırılmasını sevinclə qarşıladığını bildirib:
- İlk növbədə, Ukrayna millisinin əsas komandasına ilk dəfə dəvət almağın münasibətilə səni təbrik edirik! Bu xəbəri necə qarşıladın? İlk hisslərini bizimlə bölüşərdin...
- İlk növbədə təbriklərə görə təşəkkür edirəm. Əlbəttə, ilk dəfə milliyə dəvət almağıma görə hədsiz dərəcədə sevinirəm və xoşbəxtəm. Hazırda yaşadığım hissləri sözlə ifadə etmək çətindir. Çünki bu, bütün həyatım boyu arzuladığım bir an idi. Bunun üçün çalışmış, inanmış və bu günə çatmağa can atmışam. Şükürlər olsun ki, arzum gerçəkləşdi. İndi isə komandaya qoşulacağım və bunun həqiqətən baş verdiyini bütün varlığımla hiss edəcəyim anı səbirsizliklə gözləyirəm.
- Bu mövsüm "Qarabağ"ın heyətində məhsuldar çıxış edirsən. Milli komandaya dəvət almağında klubumuzdakı performansının mühüm rol oynadığını düşünürsənmi?
- Əlbəttə ki, 100 faiz. Hər şey klubda özümü necə göstərməyimdən asılıdır. Komandam qələbə qazanarsa və mən də bu uğurlara töhfə verərsəm, bunun mütləq qarşılığını görəcəyəm. Bilirdim ki, məni izləyirlər. Sadəcə meydanda özümü sübut etməli və bacarığımı göstərməli idim ki, bu şansı qazanım. İndi isə yaranmış fürsətdən maksimum dərəcədə yararlanmaq istəyirəm.
- Noyabrda Ukrayna millisi Şimali İrlandiya və Gürcüstanla qarşılaşacaq. Bu toplanışdan gözləntilərin nələrdir? Əsas millidə debüt etmək şansını necə dəyərləndirirsən?
- Qarşıdakı iki oyunda mütləq qələbə qazanmalıyıq. Buna görə də ölkəmizi layiqincə təmsil etmək və yaxşı nəticə əldə etmək üçün əlimizdən gələni edəcəyik. Debütə gəlincə, əlbəttə ki, bu formanı geyinməyi və komandama maksimum fayda verməyi çox istəyirəm. Ümid edirəm, hər şey arzuladığım kimi olacaq. Bunun üçün əlimdən gələni edəcəyəm.
- Sonda "Qarabağ" azarkeşlərinə nə demək istərdin? Onların dəstəyini necə hiss edirsən?
- Azarkeşlərə demək istəyirəm ki, onların dəstəyini hiss edir, bizdən qələbələr gözlədiklərini və bunu nə qədər çox arzuladıqlarını bilirik. Hazırda hamımızın ortaq bir məqsədi var – çempion olmaq. Bu məqsədə çatmaq üçün bütün gücümüzü ortaya qoyacağıq. Əminəm ki, hər şey öz yoluna düşəcək. Sadəcə bir az səbir və inam lazımdır.