"Oyun planında rəqibdən geri qaldığımızı düşünmürəm. Futbolçular meydanda sona qədər mübarizə apardılar". Bu sözləri Sport24.az-a açıqlamasında "Qarabağ"ın futbol akademiyasının koordinatoru Aftandil Hacıyev UEFA Gənclər Liqasının Çempionlar yolunun ikinci mərhələsinin ilk oyununda Zaqreb "Dinamo"suna 1:2 hesabı ilə uduzduqları görüş barədə danışarkən deyib.
Təcrübəli mütəxəssis məğlubiyyətin səbəblərindən söz açıb:
"Sadəcə, üç gün əvvəl çempionatda əsas rəqiblərimizdən olan "Sabah"la qarşılaşmışdıq. Bu baxımdan, oyunçularda yorğunluq hiss olunurdu. Matçı iki hissəyə bölsək, birinci bplüm bizim üçün yaxşı alındı. İkinci hissədə isə bəzi futbolçularımızda yorğunluq açıq-aydın özünü göstərdi. Əvəzetmələrdən sonra üstünlüyü rəqibə verdik və görüşün sonlarına yaxın üzücü bir qol buraxdıq. Bəlkə də, qarşılaşmanın ədalətli nəticəsi heç-heçə olardı. Məğlub olsaq da, nikbinik. Cavab matçına hazırlaşmaq üçün bir həftə vaxtımız var. Mərhələ adlamaq üçün əlimizdən gələni edəcəyik. Futbolçular da özlərinə inanırlar. 1:2 hesabı ilə uduzsaq da, rəqib qapısı önündə çoxlu təhlükəli epizodlarımız oldu. Səfərə inamla yollanacağıq".
Hacıyev komandanın baş məşqçisi Rəşad Sadıqovun "Bəzi futbolçularımız dərsdən məşqə acqarına gəlir" fikrinə münasibət bildirib:
"Düşünmürəm ki, məsələ yalnız bizim futbolçulara aiddir. Rəşad Sadıqov bunu ümumi şəkildə nəzərdə tutub. 19 yaşadək futbolçulardan ibarət bütün komandalarda bu problem var. Bu yaşda olan futbolçular arasında universitetdə oxuyanlar, müəllim yanına gedənlər var. Məsələ illərdir davam edir. O, bu yaş qrupuna daha ciddi yanaşılmasından, çempionatın peşəkarlaşdırılmasından və futbolçulara daha çox diqqət ayrılmasından bəhs edib. "Qarabağ"da hazırkı U-19 komandası ilə üç il əvvəlki kollektiv arasında bu baxımdan ciddi fərq var. Kluba gənclərə göstərilən diqqəti getdikcə artırır. Bu, nəticələrdə də əksini tapır".
Xatırladaq ki, tərəflər arasındakı cavab oyunu noyabrın 4-də keçiriləcək. Cütün qalibi növbəti mərhələdə "Benfika" (Portuqaliya) – "Pafos" (Kipr) duelinin üstün tərəfi ilə qarşılaşacaq.