Azərbaycanın 15 yaşadək futbolçulardan ibarət millisi Bakıda keçirilən FIFA dünya çempionatı və festivalına Timor-Leste üzərində 6:0 hesablı böyük qələbə ilə başlayıb. Lakin bu nəticənin arxasında daha bir maraqlı məqam dayanır: milli komandanın vurduğu altı qolun hamısına cəmi iki futbol akademiyasının yetirmələri imza atıb.
İdman.Biz xəbər verir ki, AFFA-nın açıqladığı rəsmi heyətlə qol müəlliflərinin müqayisəsi Famil Xəlilovun komandasının ilk qələbəsində hansı futbol məktəblərinin daha böyük pay sahibi olduğunu müəyyənləşdirməyə imkan verir.
Əsas diqqət çəkən məqam "Ulduz FA" akademiyasının yetirmələrinin çıxışı olub. Bu akademiyanın üç futbolçusu qarşılaşmada fərqlənərək altı qoldan dördünü vurub.
Müşfiq Zamanov dubla imza atıb, Yusif Əlizadə və Asif Allahverdizadə isə hərəyə bir qol vurublar.
Digər iki qol "Sabah"ın akademiyasını təmsil edən Həsən Mehmedovun hesabına yazılıb. O da dubl edərək görüşün ən məhsuldar futbolçularından biri olub.
Beləliklə, iki akademiyanın dörd futbolçusu Azərbaycan millisinin vurduğu altı qolun hamısının müəllifi olub.
"Ulduz FA"nın çıxışı xüsusilə diqqətəlayiqdir. Bu akademiyanın üç yetirməsi - Zamanov, Əlizadə və Allahverdizadə milli komandanın turnir üçün açıqlanan rəsmi heyətinə daxil edilib. Onların hər biri artıq ilk qarşılaşmada fərqlənməyi bacarıb.
Bununla yanaşı, yığmanın heyətində "Qarabağ" və "Neftçi" də daxil olmaqla, ölkənin digər tanınmış futbol strukturlarının yetirmələri də yer alırlar.
Əlbəttə, bir oyunun nəticəsinə əsaslanaraq müxtəlif akademiyalarda futbolçuların hazırlıq səviyyəsi haqqında yekun nəticə çıxarmaq olmaz. Bununla belə, bu göstərici daha çox tanınan klub sistemlərindən kənarda gənc futbolçularla aparılan işə diqqət yetirmək üçün maraqlı əsas yaradır.
"Ulduz FA" üçün yetirmələrinin beynəlxalq turnirdə dörd qol vurması əhəmiyyətli nailiyyətdir. "Sabah" akademiyası üçün isə Məhmədovun dublu yetirmələrinin məhsuldarlığını təsdiqləyən daha bir göstəricidir.
Növbəti qarşılaşmalar gənc futbolçuların daha güclü rəqiblərlə oyunlarda da məhsuldarlıqlarını qoruyub saxlaya biləcəklərini göstərəcək.
Azərbaycan millisi oktyabrın 25-də saat 12:45-də Andorra, 19:30-da isə Avstraliya yığması ilə qarşılaşacaq. Hər iki görüş Hövsan İdman Kompleksinin 10A meydançasında keçiriləcək.
Bakıda təşkil olunan turnir oktyabrın 30-dək davam edəcək.