"İmişli" - "Qarabağ" – 0:2
Aleksey Kaşuk, 59; Jali Muaddib, 88
Komandamız növbəti oyununu keçirib. "Qarabağ" Misli Premyer Liqasının VII tur matçına çıxıb. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda "İmişli"nin qonağı olub.
Komandamız Yevlax şəhər stadionundakı görüşə aşağıdakı start heyəti ilə çıxıb: 23. Martin Zlomisliç, 22. Musa Qurbanlı, 20. Kadi Borqes (k), 2. Mateus Silva, 5. Bruno Lanqa, 10. Joni Montiel, 25. Cebrail Makreçkis, 21. Aleksey Kaşuk, 7. Jali Muaddib, 35. Pedro Bikalyo, 4. Bense Varkonyi.
Qarşılaşmaya komandamız daha fəal başlayıb. İlk dəqiqələrdən təşəbbüsü ələ alan futbolçularımız topa daha çox sahib olublar. Rəqib isə əsasən əks-hücumlara üstünlük verib. Birinci hissədəki fəallıq nəticəyə təsir göstərməyib.
Buna baxmayaraq, fasilədən sonra təzyiqi artıran komandamız istəyinə çatıb. 59-cu dəqiqədə çoxgedişli ötürmələrin davamında Jali Muaddibin sol cinahdan yerlə ötürməsini Aleksey Kaşuk qolla tamamlayıb.
Qoldan sonra da üstünlüyü əldən verməyən futbolçularımız 88-ci dəqiqədə ikinci topu rəqib qapısından keçiriblər. İlk qolun məhsuldar ötürməsini verən Muaddib bu dəfə özü fərqlənib.
Beləliklə, Azərbaycan çempionatlarında keçirdiyi 1000-ci matçında 2:0 hesablı qələbə qazanan komandamız xallarının sayını 16-ya yüksəldib.
Qeyd edək ki, komandamız VIII turda "Neftçi"ni qəbul edəcək. Oktyabrın 17-də Tofiq Bəhamov adına Respublika stadionunda keçiriləcək görüş saat 19:00-da başlayacaq.