"İdman sənayesində müəllim kimi fəaliyyət göstərən kadrlar olduqca azdır. Məşqçi kimi çalışan və ya peşəkar idmançı olan şəxslər çox ola bilər".
Bunu Azərbaycan İdman Akademiyasının (ASA) tədris işləri üzrə prorektoru Ülkər Babayeva AZƏRTAC-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
- Ülkər xanım, Akademiyanın tədris siyasətində son illərdə hansı prioritetlər müəyyən edilib?
- Akademiya 2024-cü ildə Nazirlər Kabinetinin qərarı ilə publik hüquqi şəxsə çevrildi və əvvəlki "Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası" adı "Azərbaycan İdman Akademiyası" kimi təsdiqləndi. Hüquqi statusun dəyişməsi ilə yanaşı, institusional kimliyimiz və təşkilati strukturumuz da dəyişdi. Strukturumuz yeniləndikdə biz digər ali təhsil müəssisələrindən bir az fərqli format seçdik. Məsələn, Ömürboyu təhsil şöbəsi təsis olundu ki, bu da bəzi ali təhsil müəssisələrində yoxdur. Bundan əlavə, keyfiyyət təminatı ilə tələbələrə akademik dəstək funksiyasını birləşdirən departament yaradıldı. Yeni struktur bölmələrindən biri də Beynəlxalq əməkdaşlıq və kommunikasiya departamentidir. Bu departament daxilində Beynəlxalq əməkdaşlıq və layihələrlə iş şöbəsi, İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi, eləcə də MediaLab fəaliyyət göstərir.
Tədris sahəsində 2024-cü ilin ən mühüm nailiyyətlərindən biri isə üç ixtisasın beynəlxalq akkreditasiyadan keçməsi oldu. Bunlar bakalavriat təhsil səviyyəsində İdman menecmenti və kommunikasiya, magistratura təhsil səviyyəsində İdman menecmenti və İdman tibbi və reabilitasiya ixtisaslarıdır. Hər üç proqram beynəlxalq standartlara uyğun olaraq xarici akkreditasiya qurumu tərəfindən tanınıb və beş il müddətinə akkreditə edilib.
- Müəllim heyətinin peşəkar inkişafı üçün hansı proqramlar və təlimlər həyata keçirilir?
- İdman sənayesində müəllim kimi fəaliyyət göstərən kadrlar olduqca azdır. Məşqçi kimi çalışan və ya peşəkar idmançı olan şəxslər çox ola bilər. Lakin ali təhsil müəssisəsində dərs demək üçün elmi dərəcə tələb olunur. Elmi dərəcəsi olan, praktik idmandan gələn, eyni zamanda, pedaqoji təcrübəsi olan və ya pedaqoq kimi fəaliyyət göstərmək istəyən şəxslərin sayı azdır. Məsələn, həndbol və ya velosiped idmanı üzrə müəllim tapmaq bizim üçün olduqca çətindir. Qış idman növləri ixtisasımız var, amma bu sahə üzrə ölkədə mütəxəssis yoxdur. Bu səbəbdən əcnəbi mütəxəssislər dəvət edirik. Dərslərin bir qisminin Bakıda, bir qisminin Şahdağda keçirilməsi planlaşdırılır. Ümumiyyətlə müxtəlif ixtisaslarda ehtiyac səbəbindən əcnəbi mütəxəssislərə müraciət edirik. Buna baxmayaraq müsbət tendensiyalar da var. Son 5 il ərzində kifayət qədər məzunumuzun Akademiyada işə marağı artıb. Kadr hazırlığı prosesi məzunların müəllim kimi fəaliyyət göstərməsinə töhfə verir. Bir çox ixtisasların xüsusilə, idman tibbi, idman menecmenti ixtisaslarının məzunları Akademiyada müəllim kimi çalışırlar.
İdman tibbi üzrə magistratura proqramımız Böyük Britaniyanın London Kollec Universiteti (University College London-UCL) ilə birgə həyata keçirilir. London Kollec Universiteti idman tibbi sahəsində dünyanın ilk üçlüyünə daxil olan universitetlərdəndir və onlar bir qayda olaraq ikili diplom proqramları həyata keçirmirlər. Lakin müəllim və tələbə mübadiləsinə, təcrübənin bölüşülməsinə açıqdırlar. Bu proqramın özəlliyi ondadır ki, idman tibbi üzrə tədris yalnız ingilis dilində aparılır və tədrisə əcnəbi müəllimlər cəlb olunur. Əcnəbi müəllimlərin böyük əksəriyyəti London Kollec Universiteti, London Kral Kolleci, Kil Universiteti, Uorvik Universiteti kimi nüfuzlu universitetlərdən gəlir. Proqramın rəhbəri Böyük Britaniyanın UCL Universitetinin professoru, UCL-in İdman Fiziki Fəaliyyət və Sağlamlıq İnstitutunun aparıcı eksperti, Böyük Britaniyanın Kral Tibb Cəmiyyətinin İdman Tibbi Bölməsinin vitse-prezidenti, İdman Tibbi üzrə Avropa Standartının müəllifi, Beynəlxalq Olimpiya Komitəsinin tibbi eksperti Mayk Luzmordur. Müəllimlər onun tövsiyəsi ilə seçilir və cəlb olunurlar. Tədris müddətində tələbələr İngiltərəyə səfər edirlər. Tələbələrin elmi işlərinin hazırlanmasında elmi rəhbərlərin iştirakı danılmazdır, bu səbəbdən proqrama cəlb olunan bütün elmi rəhbərlər əcnəbilərdir. Müdafiə zamanı həm yerli, həm də əcnəbi mütəxəssislər iştirak edirlər. Müxtəlif federasiyalarda idman həkimlərinə ehtiyac olduğundan İdman tibbi proqramının məzunları tədris bitirmədən əmək bazarında işə dəvət olunurlar. Sevindirici haldır ki, Akademiyanın ekosistemi məzunların burada qalmasını və Akademiyanın inkişafına töhfə verməsini təşviq edir. Sözügedən proqramın məzunları adətən bakalavriat təhsil səviyyəsində fizioterapiya ixtisasında təhsil alan tələbələrə dərs deyirlər.
Peşəkar inkişaf proqramlarına gəldikdə 2024-cü ildə həyata keçirdiyimiz təlimlərdən danışmaq istəyirəm. "İdman təhsili: Tədris və təlimə fərqli baxış" adlı 30 akademik saatdan ibarət bu proqrama 400-dən artıq müəllimimiz cəlb olunub. Təlimlərdə pedaqoji strategiyalar, tələbənin öyrənməyə cəlb olunması, motivasiyanın artırılması, müəllim-tələbə münasibətləri və bu münasibətlərin tədrisə təsiri kimi mövzular yer almışdır. Bununla yanaşı, əcnəbi müəllimlərimizin dəstəyi ilə mütəmadi elmi müzakirələr, dəyirmi masalar təşkil olunur.
İdman müəllimlərimiz həm yerli, həm də beynəlxalq idman təşkilatlarının təşkil etdiyi proqramlarda iştirak edirlər. Qeyd edim ki, idman müəllimlərimizin böyük əksəriyyəti peşəkar idmançı və ya beynəlxalq dərəcəli hakimdir. Onların idman karyerası zəngindir, bir çoxunun fəxri adları və dövlət təltifləri var. İdman tibbi, Fizioterapiya ixtisaslarında dərs deyən müəllimlərimiz üçün də peşəkar inkişaf proqramları həyata keçirilir. Məsələn, diz və çiyin nahiyəsində zədələrin aradan qaldırılmasına yönəlik təlimlər əcnəbi mütəxəssislər tərəfindən aparılır.
- İdman ixtisasları xüsusi sahədir. Bu ixtisasları bitirənlərin işlə təmin olunması üçün akademiya hansı layihələri həyata keçirə bilər?
- Son 5 ildə ali təhsil müəssisələri məzunların karyera inkişafına fokuslanıb. ASA-da fəaliyyət göstərən Karyera İnkişafı Şöbəsi tələbələrin işlə təmin olunmasına, karyera planlamasına və praktiki bacarıqların artırılmasına dəstək verir. Təlimlər, seminarlar, CV hazırlığı, müsahibə və təcrübə proqramları tələbələrin peşə hazırlığını gücləndirir.
Şöbə 2018-ci ildən məzunların məşğulluğunu izləyir və onların ixtisaslarına uyğun işlə təmin olunmasını qiymətləndirir. ASA-nın məzunları ölkədə ali təhsil müəssisələri arasında işlə təmin olunma göstəricisinə görə 5-ci yerdədir. Məzunların əksəriyyəti güc strukturları, idman federasiyaları, reabilitasiya mərkəzləri, özəl və dövlət klinikalarında çalışır. Fizioterapiya ixtisası üzrə məzunlar ən yüksək işəgötürülmə faizinə malikdir və III kursdan etibarən işləməyə başlayırlar.
- İdman təhsilində qadınların rolu getdikcə artır. Akademiyada qız tələbələrin sayı, onların iştirak etdiyi proqramlar və uğurları haqqında məlumat verə bilərsinizmi?
- Kənardan belə bir təəssürat yarana bilər ki, ASA-da qadınların sayı azdır. Əslində isə əməkdaşlarımızın 50 faizdən çoxu qadınlardır. Tələbə statistikalarında isə təəssüf ki, qızların sayı oğlanlara nisbətən xeyli aşağıdır. İdman menecmenti və kommunikasiya, Fizioterapiya kimi ixtisaslarda isə qadın tələbələr üstünlük təşkil edir. Sırf idmana yönəlik ixtisaslarda təhsil alan qızların sayı son 5 ildə artıb. Məsələn, artıq güləş, cüdo, veloidman ixtisaslarında oxuyan qız tələbələr var. Gimnastika ixtisasında isə qızların sayı kifayət qədər çoxdur. Ümumilikdə müxtəlif idman növləri üzrə təhsil alan qızların sayı ildən-ilə artır ki, bu da bizim üçün sevindirici haldır. Peşəkar idmandan gələn çoxsaylı tələbələrimiz var. Bununla belə, rəqəmlərin bərabərləşməsi və bəzi istiqamətlərdə qızların sayının üstünlük təşkil etməsi ölkə üzrə mövcud tendensiyalarla əlaqəlidir. Məsələn, əgər ölkə üzrə cüdo ilə məşğul olan qızların sayı azdırsa, təbii olaraq bu, Akademiyaya müraciət edən qızların sayına da təsir göstərir. Əgər ölkə üzrə gimnastika ilə məşğul olan qızların sayı çoxdursa, bu ixtisası seçənlərin sayı da müvafiq şəkildə yüksək olur. Bu səbəbdən həm Gənclər və İdman Nazirliyi, həm də federasiyalar müxtəlif idman növlərində gender balansının təşviqi istiqamətində təbliğat işləri aparırlar. Bakı və regionlarda qızların fərqli idman növlərinə cəlbi ilə bağlı müxtəlif təşəbbüslər mövcuddur. Düşünürəm ki, bir neçə ildən sonra bu istiqamətdə tam fərqli mənzərə ilə qarşılaşacağıq.
- Hazırda akademiya hansı xarici universitetlərlə ikili diplom proqramları həyata keçirir?
- Magistratura təhsil səviyyəsində Böyük Britaniyanın Koventri Universiteti, Rusiyanın MGİMO Universiteti ilə həyata keçirilən ikili diplom proqralarımız var. Hər iki proqram İdman menecmenti ixtisası üzrədir və tədris ingilis və rus dillərində aparılır. Bakalavriat təhsil səviyyəsində Məşqçilik ixtisası üzrə iki ikili diplom proqramımız mövcuddur: Rusiyanın Povoljye Dövlət Bədən Tərbiyəsi, İdman və Turizm Universiteti və Türkiyənin Akdeniz Universiteti ilə. Akdeniz Universiteti ilə ikili diplom proqramı çərçivəsində 5 tələbənin bizdən, 5 tələbənin isə Akdeniz Universitetindən tədrisə cəlb olunması nəzərdə tutulur. Tələbə ASA-ya qəbul olduqdan sonra I kursu burada, II və III kursları Akdeniz Universitetində, IV kursu isə yenidən Akademiyada tədrisini dava etdirərək təhsilini başa vurur. Nəticədə tələbə hər iki universitetin tələblərini tam ödəyərək hər iki ali təhsil müəssisəsinin diplomunu əldə edir.
İkili diplom proqramı olmayan, lakin beynəlxalq komponenti olan layihələrimiz də mövcuddur. Bunlara Böyük Britaniyanın London Kollec Universiteti ilə birgə həyata keçirilən İdman tibbi proqramı və Böyük Britaniyanın Şeffild Hallam Universiteti ilə birgə həyata keçirilən İdman jurnalistikası proqramı daxildir. Bu proqramları beynəlxalq layihələr adlandırırıq, çünki müəllimlər Böyük Britaniyadan dəvət olunur və tələbələr üçün tədris səfərləri həmin ölkədə təşkil edilir. Məsələn, İdman jurnalistikası üzrə təhsil alan tələbələr BBC-də təcrübə keçmək imkanı əldə edirlər ki, bu da nadir fürsətlərdəndir. Hazırda bakalavriat təhsil səviyyəsi ürə Fizioterapiya ixtisasında da beynəlmiləşmə mövzusu Çexiyanın Karlov Universiteti ilə müzakirə edilir. Hesab edirəm ki, 2026-cı ildə Karlov Universiteti ilə ikili diplom proqramının imzalanması Akademiyanın ən böyük nailiyyətlərindən biri olacaq.
- İkili diplom proqramları çərçivəsində tərəfdaş universitetlərin seçilməsində hansı meyarlar əsas götürülür?
- Bu prosesdə yalnız ASA-nın deyil, eyni zamanda, qarşı tərəfin də diqqət yetirdiyi meyarlar mövcuddur. ASA-nın əsas hədəflərindən biri beynəlxalq reytinqlərdə irəliləməkdir, çünki ali təhsil müəssisələrinin dünya təhsil ictimaiyyətində mövqeyini həmin reytinqlər müəyyən edir. Tədrisin keyfiyyəti, elmi fəaliyyət, müəllimlərin və tələbələrin nailiyyətləri bu reytinqlər vasitəsilə qiymətləndirilir. Bu səbəbdən meyarlardan biri tərəfdaş universitetin beynəlxalq reytinqlərdəki mövqeyidir. Əsasən QS və Times Higher Education kimi tanınmış reytinqlər nəzərə alınır. ASA 2025-ci ildə iki beynəlxalq reytinqdə - "GreenMetric Ranking 2025" və "Times Higher Education Impact Rankings 2025" reytinq cədvəllərində yer alıb. Qeyd edim ki, 2025-ci ilə qədər Akademiya heç bir beynəlxalq reytinqdə təmsil olunmurdu. Hesab edirəm ki, gördüyümüz işlər sayəsində buna nail ola bildik. Beynəlxalq reytinqlərə daxil olduqdan sonra tərəfdaş universitetlərdən aldığımız müsbət cavabların sayında ciddi artım müşahidə edirik. Sevindirici haldır ki, tərəfdaş universitetlərimizin əksəriyyəti reytinqlərdə bizdən daha yüksək mövqelərdə qərarlaşıb. Biz öz zəif və güclü tərəflərimizi aydın şəkildə görürük. Zəif tərəflərin aradan qaldırılması üçün ən yaxşı dəstək mübadilə və təcrübə paylaşımıdır. İkili diplom proqramları və beynəlxalq mübadilə layihələri tələbələrin, müəllimlərin və əməkdaşların inkişafına, eyni zamanda institusional boşluqların aradan qaldırılmasına kömək edir. Bəzən sual yaranır ki, qarşı tərəf üçün bu əməkdaşlığın marağı nədən ibarətdir? Niyə Böyük Britaniya, Türkiyə və ya Çexiya universitetləri Azərbaycanla ikili diplom proqramları həyata keçirməyə maraq göstərirlər? Bu mərhələdə digər faktorlar dövriyyəyə girir. Türkiyədən mübadilə proqramları çərçivəsində bizə gələn tələbələrin böyük əksəriyyəti Azərbaycanda məşhur olan idman növlərinə (məsələn, güləş və cüdo ixtisaslarına) müraciət edir. Eyni zamanda, bizdən Türkiyəyə gedən tələbələrin əksəriyyəti də Türkiyənin güclü olduğu idman növlərini seçir. Böyük Britaniya üçün isə Azərbaycanla işləmək fərqli və maraqlı təcrübədir. Məsələn, bir professor iki həftə ərzində Azərbaycanda dərs deməklə yanaşı, ölkənin mədəniyyəti, musiqisi, mətbəxi və qonaqpərvərliyi ilə yaxından tanış olur. Bu mühit onlarda o qədər müsbət təəssürat yaradır ki, bir çoxu hər tədris ili yenidən fərqli fənlər tədris etmək istəyir. Elə müəllimlərimiz var ki, şərtlərimiz onların tələblərini tam ödəmədiyi halda belə, ən azı bir dərs keçmək arzusunda olurlar. Bunun əsas səbəbi burada gördükləri hörmət, isti münasibət və açıq akademik mühitdir. Biz tədqiqatlara açığıq və anlayırıq ki, bu sahə inkişaf etdirməli olduğumuz istiqamətlərdəndir. Portuqaliya, Belçika, Niderland, İsveç, Norveç və Sloveniya kimi ölkələrdən Akademiyaya gələn müəllimlərin diqqətini cəlb edən əsas məqam tələbələrimizin fərqli potensialda olmasıdır. Digər vacib amil isə Azərbaycanın idman ölkəsi olması, burada müxtəlif beynəlxalq idman yarışlarının keçirilməsidir.
- Son olaraq gənc nəslə idman təhsili ilə bağlı hansı mesajı vermək istərdiniz?
- Belə bir yanlış təsəvvür var ki, ASA-da təhsil almaq üçün üçün mütləq idmançı olmalısan, ancaq idman təhsili düşündüyümüzdən qat-qat geniş anlayışdır. Akademiyada həkimlər çalışır, tibb sahəsində fəaliyyət göstərmək istəyən gənclər təhsil alır. Kommunikasiya, PR, media və idarəçilik bacarıqlarını inkişaf etdirmək istəyənlər də burada özlərinə uyğun ixtisaslar tapa bilirlər. Hazırda tələbələrimizin təxminən 700 nəfəri milli yığma komandaların üzvləridir. Eyni zamanda, idman sahəsindən kənar olan şəxslər də Akademiyada müxtəlif ixtisaslar üzrə təhsil alırlar. Məsələn, İdman menecmenti ixtisasını seçmək üçün hansısa idman növü ilə peşəkar səviyyədə məşğul olmaq şərt olmasa da arzuolunandır. Məncə, Akademiyanın cəmiyyətə verə biləcəyi töhfə bəzən bizim düşündüyümüzdən də böyükdür. Potensialımız ifadə etdiyimizdən daha genişdir. Şəxsən mən Akademiyada fəaliyyət göstərməyə başladıqdan sonra müəllimlərin, inzibati heyətdə çalışan əməkdaşların peşəkarlıq səviyyələrini, tələbələrin potensiallarını gördüm. Burada riyaziyyatçılar, mexaniklər, həkimlər, pedaqoqlar, media nümayəndələri və s. sahələrin peşəkarları fəaliyyət göstərirlər. Bu da idman təhsilinə yeni baxış bucağı qazandırır və həm tələbələrə, həm də akademiyada çalışan əməkdaşlara rəngarəng təcrübə yaşadır.