Bu gün, fevralın 10-da İtaliyada keçirilən Qış Olimpiya Oyunları-2026-da fiqurlu konkisürmə üzrə fərdi yarışlara start veriləcək. Kişilər qısa proqramla çıxış edəcək və buz üzərinə Azərbaycan idmançısı Vladimir Litvintsev də çıxacaq.
Bundan əvvəl keçirilmiş komanda yarışları kişi turnirinə marağı daha da artırıb. Olimpiya "qızıl"ına əsas namizəd amerikalı İlya Malinin təzyiqin öhdəsindən gələ bilməyərək qısa proqramda yaponiyalı Yuma Kaqiyamadan 10 xal geri qalıb. Günün əsas sualı budur: Malinin toparlanaraq mütləq favorit statusunu təsdiqləyə biləcəkmi?
Vladimir Litvintsev Qış Olimpiya Oyunları 2026-da
Vladimir Litvintsev Qış Olimpiya Oyunları-2026-da Azərbaycanı təmsil edən yeganə fiqurlu konkisürəndir. Bu, onun ikinci Olimpiadasıdır. O, 2022-ci ildə Çində keçirilən Oyunlarda qısa proqramda 84,15, sərbəst proqramda 155,04 xal toplayaraq (cəmi – 239,19) 18-ci yeri tutmuşdu.
Litvintsevin yaxın hədəfi növbəti mərhələyə, yəni fevralın 13-də keçiriləcək sərbəst proqrama vəsiqə qazanmaqdır. Qısa proqramın nəticələrinə əsasən 29 iştirakçıdan 24-ü növbəti mərhələdə çıxış edəcək.
Vladimir Litvintsev 13-cü nömrə ilə buz üzərinə çıxacaq və Erik Serranın "Leon" kompozisiyası altında çıxış edəcək. Planlaşdırılan elementlərə dördqat tulup, üçqat aksel və üçqat flip + üçqat tulup kaskadı (4T, 3A, 3F+3T) daxildir.
O, 2025-ci il dünya çempionatında 15-ci yeri tutaraq Olimpiya Oyunları 2026 üçün lisenziya qazanmış və qısa proqramda 83,10 xal toplamışdı. 2025/2026 mövsümündə isə qısa proqram üzrə ən yaxşı və ən zəif nəticələri belə olub:
Ən yaxşı göstərici
- 78,52 xal (Denis Ten Memorial Challenge, Almatı, 1–4 oktyabr). Bu, mövsümdə ilk startı idi və qısa və sərbəst proqramların yekununda 6-cı yeri tutdu.
Ən zəif göstərici
- 68,68 xal (Trialeti Trophy, Tbilisi, 8–11 oktyabr) – 8-ci yer.
2022–2023-cü illərdə Litvintsev karyerasının ən yaxşı formasında idi. Pekində qısa proqramda 84,15 xal toplamış, şəxsi rekordunu isə 2022-ci il dünya çempionatında 85,83 xalla müəyyən etmişdi. Sərbəst proqram və ümumi cəmdə ən yüksək nəticələri isə 2023-cü il dünya çempionatında göstərmişdi – müvafiq olaraq 169,05 və 251,76 xal. 2025/2026 mövsümündə isə göstəricilər xeyli aşağıdır.
Kim sərbəst proqrama vəsiqə qazana bilməyə bilər?
Litvintsevin proqramının tullanmalar üzrə baza dəyəri (elementin icrasına görə verilən ilkin xal) 27,00-dır və texniki baxımdan 29 iştirakçı arasında ən zəif beş proqramdan biri sayılır. Bu siyahıya həmçinin Endryu Torqaşev (ABŞ, 27,00), Yu-Syan Li (Tayvan, 23,40), Andreas Nordeebek (İsveç, 23,40) və Denis Vasiļevs (Latviya, 23,40) daxildir.
Lakin aşağı baza dəyəri hələ nəticənin əvvəlcədən müəyyənləşməsi demək deyil. Komponent xalları – artistizm, musiqililik və sürüşmə – çox vaxt həlledici rol oynayır. Üstəlik, daha çətin proqramın olması onun uğurla yerinə yetiriləcəyi anlamına gəlmir.

2025/2026 mövsümündə 29 fiqurlu konkisürənin qısa proqram üzrə ən yaxşı nəticələri müqayisə edildikdə ən aşağı göstəricilər aşağıdakı idmançılara məxsusdur:
Litvintsevin bu mövsümdəki ən yaxşı nəticəsi, proqramı dördqat lutz sayəsində daha çətin hesab olunan Fedirs Kulisinkindən yüksəkdir.
Qeyd edək ki, bu göstəricilər yalnız Beynəlxalq Konkisürmə İttifaqının (ISU) himayəsi altında keçirilən yarışları əhatə edir və milli çempionatlar nəzərə alınmır. Məsələn, Maksim Naumov Olimpiadadan əvvəl ABŞ çempionatında "bürünc" qazanaraq qısa proqramda 85,72 xal toplamışdı.
Naumov üçün ötən il son dərəcə ağır keçib: o, 29 yanvar 2025-də Vaşinqton üzərində baş vermiş aviaqəzada həlak olan, həm də onun məşqçiləri olan dünya çempionları Vadim Naumov və Yevgeniya Şişkovanı itirib.

Beləliklə, fiqurlu konkisürmədə yekun nəticəyə təsir edən onlarla amil var. Lakin Litvintsev proqramını təmiz icra edərsə, sərbəst proqrama vəsiqə qazanmaq şansı real görünür. Xüsusilə də onun artıq Olimpiya təcrübəsi var.
Qısa proqramın liderliyi uğrunda kimlər mübarizə aparacaq?
Olimpiadanın əsas favoriti 21 yaşlı amerikalı İlya Malinindir. Son illərdə o, dünya fiqurlu konkisürməsində dominantlıq edir və tez-tez məğlubedilməz dahi adlandırılır.
Malinin 17 yaşında tarixdə yarış zamanı dördqat aksel yerinə yetirən ilk və hələlik yeganə fiqurlu konkisürən olub. Bu element faktiki olaraq 4,5 dövrə deməkdir.
O, öz imkanları barədə iddialı danışır: sosial şəbəkələrdə özünü "dördqatların tanrısı" adlandırır və müsahibələrindən birində "fizikanın qanunlarını sındırdığını" bildirib. Azarkeşlər də Olimpiadada onun asan qələbə qazanacağını proqnozlaşdırırdılar.
Lakin komanda yarışlarının qısa proqramında Malinin risk etməyərək kontenti sadələşdirdi (4F, 3A, 4Lz+3T), iki ciddi səhvə yol verdi və 98,00 xal toplayaraq Yuma Kaqiyamadan (108,67) 10 xal geri qaldı.
Komanda turnirinin sərbəst proqramında isə dördqat lutsda yıxılsa da, güclü texniki dəsti hesabına liderliyi ələ aldı və ABŞ yığmasına qızıl qazandırdı. Həmin çıxışı zamanı tribunada ailəsi ilə oyunu izləyən tennis əfsanəsi Novak Cokoviç onu ayaqüstə alqışladı.
Bu gün Malinin ehtiyatlı davranmayacaq. O, qısa proqram üçün dördqat aksel + üçqat tulup, üçqat aksel və dördqat lutz (4A+3T, 3A, 4Lz) elan edib. Bu, Qış Olimpiya Oyunları 2026-nın ən güclü qısa proqramlarından biridir. Lakin təzyiqin öhdəsindən gəlib-gəlməyəcəyi sual altındadır.

İlya Malinin
Onun əsas rəqiblərinin texniki dəsti:
Yuma Kaqiyama (Yaponiya) – 4T+3T, 4S, 3A
Syun Sato (Yaponiya) – 4Lz, 4T+3T, 3A
Adam Syao Him Fa (Fransa) – 4Lz, 3A, 4T+3T
Olimpiadanın "qara atları"
Bu gün sürpriz edə biləcək digər idmançılar arasında Daniel Qrassl (İtaliya) və Ça Junhvan (Cənubi Koreya) da var. "Qara at" kimi isə rusiyalı fiqurlu konkisürən Pyotr Qumennik göstərilir. O, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalı səbəbindən rus idmançılarının beynəlxalq yarışlardan kənarlaşdırılması nəticəsində dünya reytinqinə malik deyil. Məhz bu səbəbdən Qumennik buz üzərinə ilk çıxan iştirakçı olacaq.
Buz üzərinə çıxış ardıcıllığı böyük əhəmiyyət daşıyır. ISU-nun dünya reytinqinə əsasən ən güclü fiqurlu konkisürənlər adətən sonuncu çıxış edirlər. İlk start götürən idmançılar isə adətən komponentlər üzrə (artistizm, sürüşmə, musiqiyə uyğunluq) daha ehtiyatlı qiymətləndirmələrlə üzləşirlər. Hakimlər, bir qayda olaraq, favoritlər üçün "ehtiyat" saxlayırlar.
Komponentlər üzrə aşağı bal gözləyən Qumennik Olimpiadada texniki baxımdan ən mürəkkəb proqramlardan birini hazırlayıb: dördqat flip + üçqat tulup, dördqat salxov və üçqat aksel (4F+3T, 4S, 3A). Onun qısa proqram üzrə ən yaxşı nəticəsi Rusiya yarışlarında 109,05, ISU turnirlərində isə 93,80 baldır.

Petr Qmennik
Lakin əlavə bir çətinlik də yaranıb: starta bir neçə gün qalmış müəllif hüquqları səbəbindən Qumennikin qısa proqram üçün seçdiyi musiqi təsdiqlənməyib və o, kompozisiyanı təcili dəyişməli olub. Proqramın texniki məzmunu isə eyni qalıb ki, bu da idmançının psixoloji ritmini poza bilər.
Qeyd edək ki, erkən çıxış edəcək digər fiqurlu konkisürən Tomas Quarino Sabate də musiqi problemi ilə üzləşib. Əvvəlcə "Minyonlar" franşizasından seçilmiş kompozisiya təsdiqlənməsə də, ictimai rezonansdan sonra Universal kinostudiyası saundtrekin istifadəsinə icazə verib.
Kişilərin qısa proqram üzrə çıxışları Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.