top
Fərid Qayıbov: İyun ayının idman uğurları və qarşıdakı hədəflər Idman.biz
04 iyul 2025, 10:43
- ↺ +

Fərid Qayıbov: İyun ayının idman uğurları və qarşıdakı hədəflər

"İlin ilk yarısını tamamlayan iyun zəngin fəaliyyətlər, fəxr ediləsi uğurlarla tarixə çevrildi".

İdman.biz xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov iyun ayını dəyərləndirərkən deyib.

O, sayca 46-cı "Nazirin Nöqteyi-Nəzəri"ndə bildirib ki, ölkəmizin 7 şəhərində keçiriləcək III MDB Oyunlarına 3 aydan da az vaxt qalır: "Hazırlıq işlərinin tərkib hissəsi olan Yevlax Olimpiya İdman Kompleksinin tikinti işləri də davam edir. Yevlaxa səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Yevlax Olimpiya İdman Kompleksində görülmüş işlərlə tanış oldu və müvafiq tapşırıqlar verdi. Dövlətimizin başçısına kompleksdə həyata keçirilmiş işlər barədə məlumat verdim. Ümumiyyətlə, III MDB Oyunlarına hazırlıq plan üzrə davam edir. Oyunların yüksək səviyyədə təşkili üçün aidiyyəti qurumlar koordinasiyalı olaraq fəaliyyət göstərirlər. Həm Baş nazirin müavini Samir Şərifovun sədrliyi ilə Təşkilat Komitəsinin ikinci iclasında, həm də Gənclər və İdman Nazirliyində işçi qrupuna daxil olan federasiya nümayəndələri ilə növbəti iclasımızda Oyunlara hazırlığın əsas istiqamətləri üzrə görülən işlər nəzərdən keçirildi, qarşıda duran vəzifələr konkretləşdirildi və bütün istiqamətlər üzrə görülən işlər barədə hesabatlar dinlənildi, müvafiq tapşırıqlar verildi. Bütün bu hazırlıq işləri Azərbaycanın növbəti dəfə mühüm bir beynəlxalq tədbiri uğurla təşkil edəcəyinə əminlik yaradır. Yeri gəlmişkən, 2025-ci il üçün MDB-nin "İdman Paytaxtı" seçilmiş Gəncədə bu ay sertifikatın təqdimetmə mərasimi keçirildi. Bu münasibətlə bütün Gəncə sakinlərini və idmansevərləri təbrik edirəm".

Nazir qeyd edib ki, Azərbaycanda ilk dəfə olaraq, UFC döyüş gecəsinin təşkili ayın əlamətdar hadisələrindən olub: "Möhtəşəm tədbirin yüksək səviyyədə təşkili UFC-nin Azərbaycana etimadının təsadüfi olmadığını göstərdi. Bir tərəfdən tədbirin Bakıda yüksək səviyyədə təşkili, azarkeş izdihamı, xarici qonaqların ölkəmizə səfəri, həmçinin UFC kanalları vasitəsilə dünyanın dörd bir yanından on milyonlarla izləyicinin diqqətinin Bakıya yönəlməsi qürur yaşatdısa, digər tərəfdən də idmançılarımızın doğma arenada uğurlu çıxışları azarkeşlərə sevinc hissi bəxş etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ötən ilin idman yekunlarında idmançılarla görüşdə Böyük Qayıdış məsələsinə toxunaraq idmançıların işğaldan azad edilmiş bölgələrə səfərlərinin vacibliyini qeyd etmişdi. Dövlətimizin başçısının Qarabağ və Şərqi Zəngəzura səfər etmək çağırışına ilk "Qarabağ" futbol klubu qoşuldu. Şuşa, Xankəndi, Ağdam və Füzuli şəhərlərində sakinlərlə keçirilən görüşlər uşaqlar və gənclər üçün qürurverici anlarla yadda qaldı. Bu təşəbbüsə qoşulan "Qarabağ"ın rəhbərliyinə və futbolçularına təşəkkür edirəm və bu addımın ənənəyə çevriləcəyinə, digər idmançılar tərəfindən davam etdiriləcəyinə inanıram".

Qayıbov ötən ay beynəlxalq yarışlarda fərqlənən idmançılarla bir sıra görüşləri də xatırladıb: "Onlarla bir araya gələrək təəssüratlarını dinlədik və qarşıdakı yarışlarda daha böyük nailiyyətlər arzuladıq. Həmçinin Türkiyə-Azərbaycan Gənclər və İdman Əməkdaşlıq İşçi Qrupunun üzvləri, Vinq Çun ustası Böyük Usta Samuel Kvoku və UNICEF-in Azərbaycandakı nümayəndəsi Saca Faruq Abdullah ilə də görüşlərim oldu. Elə bir ay olmur ki, paytaxtımız hər hansı bir beynəlxalq yarışın məkanına çevrilməsin. Bu dəfə akrobatika gimnastikası üzrə Dünya Kubokunun məkanına çevrilən Milli Gimnastika Arenası idmançılarımızın növbəti zəfərlərinə şahidlik etdi. İdmançılarımız iki qızıl və iki gümüş medal qazanmaqla ölkəmizin idman potensialını bir daha dünyaya göstərdilər. Ümumiyyətlə, Azərbaycan idmançıları bu ay müxtəlif beynəlxalq arenalarda tarixi və parlaq nəticələrlə yadda qaldılar. Azərbaycan milli komandası çövkən üzrə Avropa çempionatında tarixi uğura imza ataraq ilk dəfə qitə çempionu oldu. U-15 Avropa çempionatında 2 qızıl, 4 gümüş və 1 bürünc medal qazanan sərbəst güləş üzrə millimiz ikinci dəfə Avropa çempionu oldu. U-17 Avropa çempionatında isə sərbəst güləşçilərimiz 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanaraq ümumi hesabda Avropa çempionu adını qorudular. Yunan-Roma güləşçilərimiz 5 medalla çıxış edərək komanda hesabında üçüncü yeri tutdular. Qızlardan ibarət yığmamız da yarışda 1 bürünc medal qazandı. Cüdo üzrə dünya çempionatında isə idmançılarımız 3 bürünc medal qazanaraq ölkəmizin uğurlar sırasını daha da zənginləşdirdilər. Cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatında 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıldı. Bu uğurlar idmançılarımızın gərgin məşqinin və ölkəmizin idmana davamlı dəstəyinin nəticəsidir. Əlamətdar nəticələrlə yanaşı, Bakı daha bir beynəlxalq tədbirə – "Gimnastika hamı üçün" növü üzrə üçüncü "Challenge" festivalına da ev sahibliyi etdi. Rəngarəngliyi və inklüzivliyi ilə seçilən bu festival paytaxtın idman təqviminə xüsusi rəng qatdı. "Ulduz" Futbol Akademiyasının U-11 komandası Bolqarıstanın Albena şəhərində "Golden Sands Cup 2025" beynəlxalq futbol turnirinin qalibi oldu. Qeyd edim ki, Akademiya Nazirliyin təşəbbüsü və dəstəyi ilə bir neçə ildir yaradılıb. 8 yaşdan 15 yaşadək istedadlı uşaqları heyətə cəlb edərək yaradılmış "Ulduz" FA qısa müddətdə ölkə çempionatında və beynəlxalq turnirlərdə uğurlu çıxış edir. Qələbə münasibətilə komandanı və Akademiyanın kollektivini təbrik edirəm".

Nazir bildirib ki, Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin üzgüçülərini bir araya gətirən "Üzgüçülük hamı üçün" layihəsinin final mərhələsi də uğurla başa çatıb: "Bakı Su İdmanı Sarayında keçirilən yarışlarda müxtəlif yaş qruplarından olan idmançılar öz bacarıqlarını nümayiş etdirərək layihənin məqsədinə uyğun olaraq üzgüçülüyün kütləviləşdirilməsi və inkişafına töhfə verdilər. Regionlarda idman infrastrukturunun genişləndirilməsi istiqamətində ardıcıl addımlar atılır. Lənkəranda Cənub Regional Boks Mərkəzinin açılışı da ayın ən pozitiv hadisələrindən biri oldu. Yeni mərkəzdə boksçular üçün yüksək standartlara cavab verən şərait yaradılıb. Şamaxı və Göyçayda müasir güləş zallarının istifadəyə verilməsi isə həmin rayonlarda bu idman növünün inkişafına geniş imkanlar yaradacaq. Regionlarda aktiv fəaliyyətə görə federasiyalara dərin təşəkkür edirəm".

Qayıbovun sözlərinə görə, ölkəmizin beynəlxalq idman qurumlarında təmsil olunması önəmli hadisədir: "Bu il artıq bir neçə federasiyamızın rəhbəri bu etimadı qazanıb. Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyevin Beynəlxalq Cüdo Federasiyasının İcraiyyə Komitəsinə üzv seçilməsi növbəti uğur oldu. Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərovun Beynəlxalq Avtomobil Federasiyasının (FIA) ali idarəetmə orqanı olan Senatın üzvü seçilməsi isə ölkəmizin beynəlxalq idman ailəsində mövqeyinin daha da möhkəmləndiyinin bariz nümunəsidir. İnanıram ki, bu seçimlər ölkəmizin beynəlxalq federasiyalarda uğurla təmsil edilməsinə, müvafiq idman növlərinin inkişafına əhəmiyyətli töhfələr verəcək. Əldə olunan bütün nailiyyətlər davamlı və birgə fəaliyyətin nəticəsidir. Qarşıda bizi daha böyük hədəflər və yeni uğurlar gözləyir. Gənclərimizin potensialını üzə çıxarmaq və ölkəmizin idman şöhrətini yüksəltmək üçün səylərimizi davam etdirəcəyik. Çünki hər bir gəncin və idmançının uğuru bizim fəaliyyətimizin prioritet məsələsidir".

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Şahmat
Bu gün, 00:36

Şəhriyar Məmmədyarov qrup mərhələsində 3 xal ilə başladı

Futbol
Bu gün, 00:23

Britaniya nəşri Azərbaycan millisinin qrup mərhələsində məğlubiyyətsiz lider olduğunu qeyd edir

Futbol
Bu gün, 00:09

Tuxel: 7:0 məğlubiyyət Xorvatiyanın gücünü əks etdirmir

Futbol
Dünən, 23:51

De la Fuente: Yamalın vəziyyəti və mediadakı yanlış iddialar

Olimpiada
Dünən, 23:48

Azərbaycan taekwondoçusu Adil Kazımlı gümüş medal qazanıb

Futbol
Dünən, 23:37

Tçuameninin “Selta” ilə qarşıdakı oyunda iştirakının qeyri-müəyyənliyi

Futbol
Dünən, 23:12

Real Madrid, Endrik'i komandada saxlamaq üçün planlaşdırır

Cüdo
Dünən, 22:55

Coşqun Əliyev -60 kg çəki sinifində Avropa çempionu

Basketbol
Dünən, 22:52

Kostas Vasiliadis: ‘Neftçi və Azərbaycan basketbolu üçün sevinc dolu’

Digər
Dünən, 22:41

Dvalişvili Usman və Umar Nurməhəmmədovun arxadan hücum etdiyini iddia edir

Futbol
Dünən, 22:29

“Roma” Ermosonun maaşını azaltaraq müqaviləni uzatmaq istəyir

Şahmat
Dünən, 22:05

Nərmin Abdinova 8 qələbə ilə Avropa çempionu oldu

Futbol
Dünən, 22:01

Atletiko 17 futbolçu və Simeon olmadan məşq etdi

Futbol
Dünən, 21:46

Peres, Bernar Arnonun Real Madridi investisiya etməsini təklif edir

Futbol
Dünən, 21:31

Kain: “Bayern olmadan Qızıl Topu qazana bilməzdim”

Futbol
Dünən, 21:20

Harri Keyn 126. oyunu ilə İngiltərə rekordunu qırmağa hazırdır

Qarabağ FK
Dünən, 21:16

Almeydanın Qarabağda məşqçi vəzifəsi ilə bağlı iddialar təkzib edilir

Güləş
Dünən, 21:07

Ömər Mursaqulov Romada 27 kq çəki çempionu oldu

Futbol
Dünən, 20:58

Chelsea qapıçısı Robert Sançes 400 min dollarlıq Ferrari-ni qəzaya saldı - FOTO

Futbol
Dünən, 20:43

Kurtua: “Alonsoya daha çox vaxt verilsə, hər şey alınardı”

Futbol
Dünən, 20:19

Nenad Vukçeviç Azərbaycan U‑19 komandası 7:2 qələbəsindən sonra ikinci hissədə tempi azaldığını bildirib

Qarabağ FK
Dünən, 20:01

“Qarabağ” “Kəpəz” qarşılaşması üçün Azərsun Arena’da məşq başladı – FOTO/VİDEO

Futbol
Dünən, 19:48

Bastian Assomo 21 dəqiqədə dörd qol vurdu

Futbol
Dünən, 19:37

"Neftçi" 4 günlük istirahətdən sonra məşqlərə başladı və növbəti matçına hazırlaşır

Oxşar xəbərlər