top
Bakıda avarçəkmə slalomunun inkişafı üçün yeni arena tikilir Idman.biz
04 sentyabr 2026, 12:31
- ↺ +

Bakıda avarçəkmə slalomunun inkişafı üçün yeni arena tikilir

Azərbaycanda olimpiya proqramına daxil olan avarçəkmə slalomunun (kanoe slalomu) inkişaf etdirilməsi planlaşdırılır. Bu planın əsas hissəsini Bakıda slalom və digər sürətli axarlı su növləri, o cümlədən rafting üçün arenanın tikintisi təşkil edəcək.

Bu, regionda ilk belə layihə olacaq. Layihənin həyata keçirilməsində Beynəlxalq Kayak və Kanoe Federasiyası (Paddle Worldwide) birbaşa iştirak edir. Federasiya layihənin yalnız idmanın inkişafı üçün deyil, həm də ölkə iqtisadiyyatı baxımından böyük potensiala malik olduğunu düşünür.

Beynəlxalq federasiyanın vitse-prezidenti Luis Rabanedanın İdman.Biz-ə bildirdiyinə görə, bu təşəbbüsün həyata keçirilməsi ilə bağlı müzakirə və razılaşma "Paddle Worldwide"nin prezidenti Tomas Konieçkonun Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı əldə olunub.

Vitse-prezidentin sözlərinə görə, yeni arena həm yüksək nailiyyətlər idmanının inkişafına, həm də avarçəkmə slalomunun əhali arasında populyarlaşdırılmasına töhfə verəcək:

"Bu obyekt Azərbaycana yeni nəsil idmançıları sürətli axarlı su növlərinə cəlb etməyə kömək edəcək. Sizin çaylarınız var, lakin hazırda orada çox sayda insan məşğul olmur. Azərbaycanda bir neçə çayı ziyarət etdik və avarçəkmə üçün uyğun ola biləcək yerləri də gördük. Beləliklə, olimpiya standartlarına uyğun bir obyektə və bütün bu təbii su ehtiyatlarına malik olmaqla, bütöv bir icma yaratmaq mümkündür.

Bundan başqa, regionun qonşu ölkələrində belə obyektlər yoxdur. Buna görə də arenadan digər ölkələrin idmançıları da istifadə edə biləcəklər. Beləliklə, Bakıda sürətli axarlı sularda avarçəkmənin inkişafı üzrə regional mərkəz yarada bilərik".

Layihənin detalları ilə İdman.Biz-ə "Paddle Worldwide"nin Avarçəkmə Slalomu Komitəsinin sədri, bu növdə 11 qat dünya çempionu Riçard Foks da bölüşüb.

O bildirib ki, ərazidə geotexniki və digər tədqiqatlar artıq başa çatdırılıb, həmçinin tikinti işlərini həyata keçirəcək şirkət seçilib. Hazırda həmin şirkət Azərbaycan tərəfdən bütün zəruri sənədləri və məlumatları əldə edir və fəaliyyət planı hazırlayır. Tikintiyə gələn il başlanılması gözlənilir.

"Düşünürəm ki, proses başlayan kimi bu, onu mümkün qədər qısa müddətdə başa çatdırmaq və komandaların hazırlığı imkanlarını əhəmiyyətli dərəcədə genişləndirmək üçün motivasiya olacaq. Düşünmürəm ki, obyekt 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiya Oyunlarına qədər hazır olacaq – müddət çox qısadır, baxmayaraq ki, nəzəri cəhətdən bu mümkündür. Daha çox 2032-ci ildə Brisbendə keçiriləcək Olimpiya Oyunları ərəfəsindəki dövrdən danışırıq", - Foks deyib.

Komitə sədri əlavə edib ki, arenanın layihələndirilməsi zamanı müasir tendensiyalar, o cümlədən obyektin dayanıqlı istismarı prinsipləri, eləcə də burada müxtəlif fəaliyyət növlərinin keçirilməsi imkanları nəzərə alınacaq.

"Əlbəttə, digər obyektlərlə müəyyən oxşarlıqlar olacaq, çünki istənilən halda söhbət su axınının hərəkəti və idarə olunmasından gedir. Amma mənim fikrimcə, bu, ən müasir standartlara cavab verən müasir bir obyekt olacaq. Ümid edirik ki, bu layihə dizayn baxımından dünyanın ən yaxşılarından biri, bəlkə də ən yaxşısı olacaq.

Biz digər ölkələrin təcrübəsini, xüsusilə də 2032-ci il Olimpiya Oyunları üçün hazırda Redlend-Sitidə kanal layihəsinin həyata keçirildiyi Avstraliyanın təcrübəsini nəzərə alacağıq. Azərbaycan Su İdmanı Federasiyasına lazımi dəstəyi göstərmək istəyirik. Çünki bu, onlar üçün ilk belə layihədir, bizim ekspertlər qrupumuz isə bu sahədə böyük təcrübəyə malikdir", - Riçard Foks bildirib.

Funksionerlərin sözlərinə görə, bu arenada istənilən səviyyəli yarışların - Dünya Kubokunun mərhələlərindən dünya çempionatlarına qədər, həmçinin qitə və regional çempionatların keçirilməsi planlaşdırılır.

Foks qeyd edib ki, arenanın yaradılması həmçinin Azərbaycanda sürətli axarlı su növlərinin inkişafına kömək edəcək əlavə hazırlıq proqramlarının tətbiqini nəzərdə tutur.

"Məsələn, əgər obyektdə raftinglə məşğul olmaq planlaşdırılırsa, bu növ üzrə təlimatçıların sertifikatlaşdırılması zəruridir. Biz onların harada hazırlanmasının mümkün olduğunu müəyyənləşdirməyə kömək edəcəyik. Məsələn, Avropadakı digər obyektlərdə onlar su təhlükəsizliyi və digər istiqamətlər üzrə təlim keçə bilərlər.

Bundan başqa, gənclər üçün yeni proqram yaratmaq olar ki, uşaqlar və yeniyetmələr obyektin tikintisi başa çatmamışdan əvvəl bu idman növü ilə məşğul olmağa başlasınlar. O zaman bir neçə ildən sonra obyekt hazır olduqda onlar artıq ondan tam şəkildə istifadə edə biləcəklər", - Foks deyib.

Bununla yanaşı, layihə yalnız yüksək nailiyyətlər idmanının inkişafına hesablanmayıb. Onun ölkəyə bütövlükdə daha geniş təsir göstərməsi də nəzərdə tutulur. Luis Rabaneda vurğulayır ki, "Paddle Worldwide" dayanıqlı olan, uzunmüddətli irs yaradan, həmçinin yerli icmaların və iqtisadiyyatın inkişafına töhfə verən obyektlərin tikintisinə böyük diqqət yetirir.

"Biz real sosial təsir göstərən layihələr yaratmaq istəyirik. Belə bir obyektin idmançıların hazırlığı və kütləvi idmandan əlavə bir neçə təsir istiqaməti ola bilər.

Burada istirahət və turizm komponenti də var. Bakı çoxlu sayda qonaq qəbul edən şəhərdir. Belə bir arena onlara əlavə imkanlar - rafting və sürətli axarlı sularda digər fəaliyyət növlərini təklif edə bilər.

Digər çox mühüm məqam isə xilasetmə xidmətlərinin hazırlanmasıdır. İqlim dəyişikliyi səbəbindən bu cür təlimlər getdikcə daha aktual və zəruri olur. Təhlükəsizlik xidmətlərinin – ordu, polis, yanğınsöndürənlər və digər strukturların – sürətli axarlı sularda işləməyə hazır olması vacibdir. Daşqınlar və güclü yağışlar baş verdikdə məhz belə şəraitdə fəaliyyət göstərməyi bacarmaq lazımdır. Bir çox ölkələrdə bu cür obyektlər artıq xilasedicilərin hazırlanması üçün istifadə olunur. Bu, arenanın əhəmiyyətini artırmaqla yanaşı, cəmiyyətə də böyük fayda gətirir", – o, sözlərini yekunlaşdırıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:56

İspaniya U21 komandası Qrimaldonun yüksək temperatur səbəbiylə İngiltərə oyunu üçün itki yaşayır

Futbol
Bu gün, 18:26

“Fənərbağça” Dirk Kuyta 1.125 milyon avroluq təzminatı ödədiyi bildirildi

Futbol
Bu gün, 17:49

Ağstafa Gəncləri 3:0 Difai, Marafon 5:0 Şəki

Basketbol
Bu gün, 17:37

Murad Dikmen: Gəncə komandası LandaU Lions qarşısında istədiyimiz oyunu göstərə bilmədi

Basketbol
Bu gün, 17:10

Erhan Toker: "Komandamıza uzun səfərlər və uçuşlar təsir edir"

Futbol
Bu gün, 16:58

Lukaku zədəsini sağaldı, Belçika millisi ilə İtaliya oyununa dəvət edildi

Gimnastika
Bu gün, 16:35

Lənkəranda bədii gimnastika regional yarışında qaliblər müəyyənləşdi

Futbol
Bu gün, 16:03

Manchester United Nussair Mazraoui'ni saxlamaq niyyətindədir

Voleybol
Bu gün, 16:03

“Turan” voleybol komandası “Naxçıvan”la Tovuzda üz-üzə gəlir

Futbol
Bu gün, 16:02

Ronaldo 2027-ci ildə Portuqaliyada 35 milyon avroluq yeni evə köçürülür

Futbol
Bu gün, 15:59

Polşanın qələbəsi, “Sabah” müdafiəçisinin oyuna çıxması mümkün olmadı

Cüdo
Bu gün, 15:52

Abşeron Olimpiya İdman Kompleksində Bakı cüdo çempionatının qalibləri bəlli oldu

Futbol
Bu gün, 14:30

İngiltərə sabiq məşqçisi ABŞ millisinin rəhbərliyinə namizəd ola bilər

Futbol
Bu gün, 14:05

Azərbaycan U-20 milli komandası İraqla iki yoldaşlıq matçı keçirəcək

Olimpiada
Bu gün, 13:47

Elnur Amanov: 'Yeniyetmələrdə gümüş medal qazanıldı, gələcəkdə daha böyük uğurlar gözlənilir'

Futbol
Bu gün, 13:30

Romario Ancelotti'yi tənqid edib: "Çantanı yığ, rədd ol!"

Gimnastika
Bu gün, 13:27

Ammar Baxşalıyev 54,850 balla dünya batut gimnastikası finalına yüksəldi

Futbol
Bu gün, 13:22

Ançelotti və Mourinyo Viniciusun formasını bərpa etmək üçün əməkdaşlıq edirlər

Futbol
Bu gün, 13:18

Portuqaliya yığmasının üç futbolçusu düşərgəni tərk etdi

Futbol
Bu gün, 13:05

Andorra - Azərbaycan matçında hakimlər təyin edildi

Futbol
Bu gün, 13:00

Şahdağ Qusar məşqçisi Füzuli Məmmədov: Birliyimiz bizi çempion edəcək

Futbol
Bu gün, 12:45

Portuqaliya Millisi Danimarkaya 1:4 məğlubiyyətdən sonra üç əsas futbolçusunu itirdi

Futbol
Bu gün, 12:30

İnfantino yenidən FİFA prezidentliyi üçün 180+ federasiya dəstəyinə sahib

Futbol
Bu gün, 12:30

Barselona: de Yonqun bel yarası səbəbindən heyət problemi

Oxşar xəbərlər