top
Prezident İlham Əliyev Avropa çempionatının qalib güləşçilərini qəbul edib Idman.biz
30 aprel 2026, 12:47
- ↺ +

Prezident İlham Əliyev Avropa çempionatının qalib güləşçilərini qəbul edib

Aprelin 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında komanda hesabında Avropa çempionu olan yunan-Roma güləşi və sərbəst güləş, həmçinin qadın güləşi üzrə medal qazanmış idmançıları və onların məşqçilərini qəbul edib.

İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı görüşdə çıxış edib.

Prezident İlham Əliyevin çıxışı

- Salaməleyküm, əyləşin.

İlk növbədə, milli komandamızı Tiranada keçirilmiş Avropa çempionatında qazandığı böyük qələbə münasibətilə təbrik edirəm. Bu qələbə bizim hamımızı sevindirdi. Azərbaycan güləşçiləri bir daha göstərdilər ki, onlar Avropada birincidirlər. Avropa çempionatında komanda hesabında birinci olmaq, əlbəttə ki, böyük nailiyyətdir. Xüsusilə nəzərə alsaq ki, bu gün həm dünyada, həm Avropada güləş üzrə mübarizə daha gərgin keçir, bir çox ölkələrdən olan tanınmış güləşçilər böyük nəticələr göstərirlər və mübarizə də çox gərgin idi. Bəzi yarışları mən də izləmişəm və görmüşəm ki, bizim idmançılarımız öz peşəkarlığını göstərərək rəqibləri ədalətli mübarizədə məğlub etmişlər. Bu, əlbəttə, bütün xalqımızı sevindirir və bir daha göstərir ki, güləşimiz uğurla inkişaf edir. Güləşimizin böyük ənənələri var və biz bu ənənələri yaşadırıq. Şadam ki, tanınmış güləşçilərlə bərabər gənc güləşçilərimiz də böyük nəticələr əldə edirlər. Bu onu göstərir ki, məşq prosesi, seleksiya prosesi düzgün qurulubdur. Bu münasibətlə federasiyanı təbrik edirəm, məşqçiləri təbrik edirəm və əlbəttə ki, ilk növbədə, idmançıları.

Hər dəfə beynəlxalq yarışlarda bizim bayrağımız qaldırılanda bütün Azərbaycan xalqı qürur hissi keçirir, sevinir. Bu qələbə sevincini idmançılarımız xalqımıza bəxş edir və bu da öz növbəsində gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün çox önəmli amildir. İdman, ümumiyyətlə, cəmiyyətimizin ayrılmaz hissəsidir və xüsusilə son illər ərzində idmanda gedən müsbət proseslər, əlbəttə ki, hamımızı sevindirir.

Federasiyaya gəldikdə onu da qeyd etməliyəm ki, bizim tanınmış idmançılarımız, Olimpiya çempionları federasiya rəhbərliyində təmsil olunurlar. Məşqçilər arasında da tanınmış idmançılar təmsil olunur. Bu gün məşqçi kimi fəaliyyət göstərən idmançıların yarışlarını vaxtilə mən özüm izləmişəm, həm Bakıda, həm Olimpiya Oyunlarında onlara azarkeşlik etmişəm. İndi isə onların yetirmələri bizi sevindirir. Bax belə, nəsillər dəyişdikcə güləş və bütövlükdə idman Azərbaycanda nəinki yaşayır, hətta inkişaf edir və yeni zirvələrə çatır. Nəsillər dəyişir, amma bir şey dəyişmir, o da Azərbaycan idmanının uğurları.

Əlbəttə, indi federasiya, xüsusilə bölgələrdə olan gənc idmançıları məşq, təlim toplanışlarına cəlb etmək üçün işini bundan sonra da təkmilləşdirəcək. Çünki bu gün hər bir bölgədə həm Olimpiya İdman kompleksləri var, eyni zamanda, güləş zalları. Ona görə bu seleksiya işi, əlbəttə ki, gələcək uğurlarımızın əsasını təşkil edəcək.

Azərbaycan idmanının ümumi inkişafına gəldikdə hər şey göz qabağındadır. Həm Olimpiya Oyunlarında, həm də dünya, Avropa çempionatlarında bizim idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edirlər. Əlbəttə ki, uğurlarla bərabər məğlubiyyətlər də olur. Amma idmanda hər şey mümkündür. Əsas odur ki, idmançılarımızda qələbə əzmi çox güclüdür və bir daha ölkəmizin ümumi inkişafını əks etdirir. Bu gün qalib dövlət və qalib xalq kimi yaşayan dövlətimiz, xalqımız, o cümlədən idman uğurları ilə fəxr edir.

Mən sizi bu münasibətlə bir daha təbrik edirəm. Mənim idmançılarla görüşlərim müntəzəm xarakter daşıyır. 30 ilə yaxın müddət ərzində Azərbaycan Olimpiya Komitəsinə rəhbərlik edirəm. Bu 30 ilə yaxın müddət ərzində, əlbəttə ki, bir çox müsbət məqamlar olub. Əsas odur ki, idmanın dayanıqlı inkişafı, uğurlarımızın ardıcıl şəkildə davam etməsi və gənc nəslin yetişməsi – hər şey mənim gözümün önündə keçib. Görün, neçə nəsil dəyişib, amma bu gün biz yenə də uğurlarla fəxr edirik. Əsas budur və əminəm, həm Güləş Federasiyası, həm bizim digər federasiyalarımız gələcəkdə öz işlərini elə quracaqlar ki, Azərbaycan xalqı idman yarışlarına baxanda daim sevinc hissləri keçirsin.

Əlbəttə, ölkəmizdə keçirilən idman yarışları idman növlərini populyarlaşdırır. Bizim təcrübəmiz də böyükdür, çox böyük beynəlxalq yarışlar keçirmişik, həm Avropa Oyunlarını, həm İslam Həmrəyliyi Oyunlarını. Bunlar demək olar ki, Yay Olimpiya Oyunlarının səviyyəsinə çox yaxındır. Keçən il MDB Oyunlarını özü də paytaxtda yox, bölgələrdə keçirmişik. Yəni bu onu göstərir ki, çox güclü potensial var və idmana, idmançılara qayğı dövlət siyasətidir. Əminəm ki, idmançılar da bunu görür və hiss edirlər. Bir daha sizi təbrik edirəm, sizə yeni uğurlar arzulayıram.

Sonra idmançılar çıxış etdilər.

Sərbəst güləşçi Turan Bayramov dedi: Cənab Prezident, ilk növbədə, dəyərli vaxtınızı ayırıb bizi qəbul etdiyiniz üçün sərbəst güləş milli komandası adından Sizə təşəkkürlərimizi bildiririk. Ölkəmizi Avropa çempionatında layiqincə təmsil etdik. Komandamız ardıcıl surətdə ikinci dəfədir Avropa çempionu olur. Sizin bizi qəbul etməyiniz məsuliyyətimizi daha da artırır, bizə böyük bir stimul verir. Mən də inanıram və əlimdən gələni edəcəyəm ki, gələcəkdə qarşınıza qızıl medalla çıxım.

Yunan-Roma güləşçisi Həsrət Cəfərov dedi: Cənab Prezident, ilk növbədə, Sizi salamlayıram. Bizi qəbul etdiyiniz üçün çox sağ olun. Bildiyiniz kimi, Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında qızıl medal qazandım. Bu, mənim ümumilikdə dördüncü qızılımdır və yarış həqiqətən də çox çətin keçdi. Dördqat Avropa çempionu kimi Azərbaycan yunan-Roma güləşi tarixində bir rekorda imza atdım. Bizi belə dəstəklədiyiniz, bizə göstərdiyiniz diqqət və qayğı üçün Sizə öz təşəkkürümüzü bildiririk. Sizin diqqət və qayğınız bizim üçün ən böyük məsuliyyətdir. Çox sağ olun.

Qadın güləşçi Jalə Əliyeva dedi: Cənab Prezident, bu gün burada çıxış etmək mənim üçün böyük şərəfdir. Mən dörd il bundan qabaq da Sizinlə görüşdə iştirak etmişdim. 23 yaşadək güləşçilər arasında Avropa çempionu olmuşdum. Bu dəfə isə böyüklərdən ibarət yarışda Avropa mükafatçısı oldum. Biz Sizin diqqət və qayğınızı hər zaman hiss edirik. Bizi dəvət etdiyiniz üçün təşəkkür edirəm. Çox sağ olun.

Prezident İlham Əliyev dedi: Çox sağ olun. Komandamız çoxmillətlidir, hələ hamı Azərbaycan dilini kifayət qədər bilmir, ona görə də rus dilində bir neçə söz demək istərdim. Hamını bir daha təbrik etmək və Azərbaycanı beynəlxalq arenada belə layiqincə təmsil etdiyinizə görə təşəkkürümü bildirmək istərdim. Əlbəttə, Avropa çempionatında belə bir mühüm, deyərdim ki, tarixi qələbədən danışarkən xüsusi qeyd etmək istərdim, həm yunan-Roma güləş növündə, həm də sərbəst növdə güləşçilər birinci yeri qazanıblar. Yəni bu, çox əhəmiyyətlidir.

Qızlara gəldikdə onların da medalçılar arasında olmalarına çox şadam. Bu, qızlar arasında da gənc nəslin güləşə böyük maraq göstərdiyindən xəbər verir. Əminəm ki, gələcəkdə də qızlar qızıl medal qazanacaqlar, mən buna şübhə etmirəm. Qızlar arasında medalçılar daha çox ola bilərdi, amma kiminsə bəxti gətirmədi. Ola bilər ki, hər hansı səhvlər də oldu, lakin bu mühümdür, çünki həm sərbəst, həm yunan-Roma, həm də qadın güləşi üzrə bütün istiqamətlər Azərbaycanda uğurla inkişaf edir.

Milli komandada belə yaxşı ab-havanın, ruh yüksəkliyinin olmasına çox şadam, hamı vahid ailə kimi bir-birinin uğuruna, qələbəsinə sevinir və bu, çox qiymətlidir.

Əlbəttə, qeyd etməli olduğum daha bir vacib məqam ondan ibarətdir ki, tanınmış idmançılar daim cəmiyyətin diqqət mərkəzindədirlər. İdmançılarımızın həm cəmiyyətdə, həm də məişətdə özlərini layiqincə aparmaları məni eyni dərəcədə çox sevindirir. Məşhur idmançıların, çempionların adi həyatda məhz bu səviyyəni saxlaya bilmədiklərinə dair tarixdə çoxlu nümunələr var və bir müddət sonra onlara idmançı kimi münasibət həmin səhvlər və ya yanlış hərəkətlər ucbatından pis istiqamətdə dəyişir. Bizdə isə artıq dediyim kimi, ən azı mənim təqribən 30 ildir Milli Olimpiya Komitəsinə rəhbərlik etdiyim dövrdə xatırladığıma görə, belə hallar olmayıb. Bu, çox vacibdir. Medallardan heç də az əhəmiyyətli olmayan odur ki, çempionlar və mükafatçılar, həmçinin cəmiyyətdə və çalışdıqları kollektivlərdə yüksək mənəvi keyfiyyətlər nümayiş etdirsinlər. Bu belə də olmalıdır. Əlbəttə ki, burada çempionlarımızın — Olimpiya çempionlarının, Avropa çempionlarının və dünya çempionlarının nümunəsi var. Dediyim kimi, vaxtilə federasiyaya rəhbərlik edənlərə və məşqçilərə azarkeşlik etmişəm, bu gün isə onlar öz tələbələrinə azarkeşlik edirlər. Bu, bizim regionumuzda ənənələrin davamlılığıdır. Tarixdə ənənələr həmişə mühüm rol oynayıb və bu, Azərbaycan cəmiyyətində və bütövlükdə Qafqaz regionunda davam edir. Bu, bizi daha da yaxınlaşdırır.

Buna görə də idmançılarımızın həm mübarizə meydanında, həm də ondan kənarda özlərini necə ləyaqətli apardıqlarını xüsusi vurğulamaq istərdim. Hakim səhvləri və ya ədalətsizliklər baş verdikdə belə, ləyaqətli davranışı qorumaq həmişə vacibdir. Çünki bəzən qərəzlilik olur - biz bunu Azərbaycan idmançılarına qarşı təkcə güləşdə deyil, xüsusən də Avropa yarışlarında dəfələrlə görmüşük. Maraqlıdır, bir qayda olaraq Avropa yarışlarında Azərbaycan idmançılarına qarşı ədalətsizlik dünya çempionatlarına nisbətən daha çox olur. Yəqin ki, Avropada heç də hamı Azərbaycanın Avropa çempionatlarında iştirak etməsinə və təkcə iştirakına deyil, həm də bütün Avropa ölkələrinə qalib gəlməsinə sevinmir.

Məhz bu səbəbdən bir daha məmnunluqla qeyd etmək və arzulamaq istərdim ki, harada olmağınızdan asılı olmayaraq, - xalça üzərində və xalçadan kənarda, - layiqli davranış prinsiplərinə daim sadiq qalmağa davam edəcəksiniz. Bu, ölkəmizi təmsil edən bütün idmançılara aiddir.

Beləliklə, bir daha təbrik edirəm və yeni qələbələr arzulayıram. Sağ olun.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:32

Karlos Visens “Lion” klubunun baş məşqçisi təyin edildi

Cüdo
Bu gün, 02:02

Zaur Hacıyev ACA 211-də Artem Reznikovla 2026-cı ilin əsas revanşına çıxacaq

Güləş
Bu gün, 01:45

Azərbaycan gənc sərbəst güləşçilərinin Xasavyurt turnirində iştirakı gözlənilir

Güləş
Bu gün, 01:24

Tunar Quliyev və Elgün Kərimlinin qızıl medal qazanması və Zəfər Günü mesajları

Olimpiada
Bu gün, 01:11

Nihad Xudoyev Dakar 2026 Yay Olimpiya Oyunlarında fərdi ötüşmə yarışına qatılacaq

Cüdo
Bu gün, 01:01

Azərbaycanın cüdo dünya çempionatı üçün ilkin heyəti məlum oldu

Futbol
Bu gün, 00:28

Konate Rinerin prezidentlik namizədliyi və idmançıların ictimai rolu haqqında danışdı

Futbol
Dünən, 23:44

Mbappe Oktyabr ayında La Liqada ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:33

Raul Qonsales Real Madrid’in əfsanəsi olaraq Ovyedo ilə müqavilə imzaladı

Futbol
Dünən, 23:29

İnтер və Milan yeni Generali Stadium üçün 25 illik 650 milyon avroluq razılaşma imzalayıb

Futbol
Dünən, 23:15

Kapello: Kenan Yıldız İtaliyanın Lamin Yamalıdır

Digər
Dünən, 22:58

Aleksandr Plyuşenko Azərbaycanı təmsil edərkən Belarus variantını da nəzərdən keçirir

Basketbol
Dünən, 22:40

Trabzonspor Bakıda Sabahla qarşılaşacaqdı

Futbol
Dünən, 22:31

Batrakov agenti Qalatasaraydan ayrılma iddialarını rədd etdi

Futbol
Dünən, 22:26

Virgil van Dijkin zədəsi Niderland millisini zərər verir

Futbol
Dünən, 22:17

Messinin oğlu Tiaqo Pedro’nun formasını seçdi

Futbol
Dünən, 21:56

“Bavariya”da Manuel Noyerin karyerasını başa vurmaq və zədəsi ilə bağlı son vəziyyət

Futbol
Dünən, 21:43

Qızıl top laureatı FIFPro rəmzi komandadan kənarda qaldı

Digər
Dünən, 21:33

Azərbaycan milli karate komandasının üzvü Turqut Həsənov Astarxanda seminar keçirib

Voleybol
Dünən, 21:17

Ziya Rəcəbov: Turanın Döyünən Ürəyinin Rolunu Açır

Futbol
Dünən, 21:03

Araz‑Naxçıvan futbolçusu Ceyhun Nuriyev hərbi xidmətə cəlb edildi, AFFA Nazirliyə müraciət edib

Futbol
Dünən, 20:47

Lamin Yamalın "Betis"ə vurduğu qol La Liqada oktyabrın ən yaxşısı seçildi

Futbol
Dünən, 20:36

“Araz-Naxçıvan”ın müdafiəçisi İssuf Paro Türkiyədə əməliyyat olundu

Basketbol
Dünən, 20:29

ABL 1-ci dövrün son turu üçün oyun vaxtları açıqlandı

Oxşar xəbərlər