top
Pərviz Nəsibov: Ukraynada azərbaycanlı, dünyada müharibənin səsi - İDMAN.BİZ-DƏ EKSKLÜZİV Idman.biz
13 avqust 2025, 17:28
- +

Pərviz Nəsibov: Ukraynada azərbaycanlı, dünyada müharibənin səsi - İDMAN.BİZ-DƏ EKSKLÜZİV

Gənclər və idman naziri Fərid Qayıbovun xaricdə yaşayan Azərbaycan əsilli idmançılarla son görüşünün iştirakçılarından biri də Olimpiadanin ikiqat vitse-çempionu yunan-Roma güləşçisi Pərviz Nəsibov olub. O, 6 yaşında ailəsi ilə birlikdə Ukraynaya köçüb və hazırda bu ölkənin yığmasının üzvüdür. İki dəfə Olimpiya Oyunlarının finalına qədər yüksəlib, lakin həlledici görüşlərdə məğlub olub. Beynəlxalq yarışlarda o, dəfələrlə Azərbaycanı təmsil edən güləşçilərlə də qarşılaşıb.

İdman.biz-ə eksklüziv müsahibəsində Pərviz Nəsibov nazir Fərid Qayıbovla söhbətindən, Şuşaya səfərindən, xalça üzərində azərbaycanlı güləşçilərlə qarşılaşmalarından və Ukraynada idmançıların hazırkı vəziyyətindən danışıb.

- Tarixi vətənə səfəriniz barədə məlumat verərdiniz.

- Yaxınlarda Polşada keçirilən "A" kateqoriyalı beynəlxalq turnirdə qələbə qazandım. Bundan sonra mənə tarixi vətənimə gəlmək və qohumlarımı görmək imkanı yarandı. Eyni zamanda, Azərbaycan və Ukrayna arasında əlaqələri gücləndirmək istəyirdim. Mən etnik azərbaycanlıyam, Ukrayna üçün çıxış edirəm və başa düşürəm ki, bu mənim, kiçik də olsa, missiyamdır.
Bundan əvvəl Azərbaycana təxminən il yarım əvvəl gəlmişdim. O zaman Paris Olimpiadası üçün lisenziya qazanmaq məqsədilə Bakıya səfər etmişdim. Amma etiraf edim ki, yarışa gəlmək bu səfər kimi olmur. O vaxt məqsədim və arzum Olimpiadaya vəsiqə qazanmaq idi, ona görə də yarışlardan başqa heç nə görmədim.

- Bu dəfə ölkədən zövq ala bildiniz?

- Həqiqətən də çox gözəl təəssüratlarım oldu. Azərbaycan məni inanılmaz dərəcədə təəccübləndirdi. Deyə bilərəm ki, bu, indiyədək olduğum ən gözəl ölkələrdən biridir.
İlk dəfə Şuşada oldum, çox duyğusal və gözəl bir səfər idi. Bu səfər mənim üçün yaddaqalan oldu, çünki orada baş verənləri bilirəm. Orada olmaq mənə sevinc verdi, ümid edirəm ki, yenidən gedəcəyəm. Mən, hər bir azərbaycanlı kimi, 30 il bu torpaqların işğal altında olması ilə bağlı narahatlıqla yaşamışam. Orada gülümsəyərək gəzməyim təsadüfi deyildi.
Ümumiyyətlə, Azərbaycanda çox isti qarşılandım. Gənclər və idman naziri Fərid Qayıbovun bu qədər səmimi münasibət göstərməsi məni təəccübləndirdi. Onun Azərbaycan idmanına birbaşa bağlı olmayan idmançılara belə dəyər verməsi sevindiricidir.

- Görüş zamanı əməkdaşlıqla bağlı məsələlər müzakirə olundumu?

- Bəli, nazir Fərid Qayıbov mənə və ümumilikdə Ukrayna idmançılarına Azərbaycanda təlim-məşq toplanışları keçirmək üçün bütün şəraitin yaradılacağını bildirdi. Güləşçiləri yaxın zamanda Xorvatiyanın Zaqreb şəhərində dünya çempionatı gözləyir və Azərbaycan tərəfi bizi qəbul etməyə hazırdır.
Nazir həmçinin hazırlaşmağa normal şəraiti olmayan qaçqın idmançılar üçün təlim-məşq proqramlarından danışdı. Belə hallar artıq olub və ümid edirəm ki, bu cür təşəbbüslər reallaşacaq. Bir daha Fərid Qayıbova təşəkkür edirəm.

- Müharibə şəraitində Ukraynada idmanla məşğul olmaq necədir?

- Çox çətindir. Bəzən normal yatırsan, bəzən isə gecəni zirzəmidə keçirməli olursan. Elə bil rus ruleti oynayırsan - hər küncdə ölüm ola bilər. Zaporojyeni tərk edib Kiyevə köçsəm də, özümüzü təhlükəsiz şəraitdə hiss etmirik. Gecə ərzində 600-700 raket və dron gələ bilər.
Belə bir mühitdə Paris-2024 Olimpiadasına hazırlaşdım və gümüş medal qazandım. Ola bilsin, bu şərait bizi daha güclü edir. Durmaq fikrimiz yoxdur.

- Belə şəraitdə medal qazanmaq doğrudan da heyrətləndirir…

- İnsan hər şeyə öyrəşir. Amma müharibəyə alışmaq istəmirik. Başqa seçimimiz yoxdur. Əgər varsa, deyin, biz də ondan yararlanaq (gülümsəyir).
Ona görə də dünya miqyasında Ukraynanın bayrağını və himnini yüksəltmək üçün çalışırıq. Eyni zamanda, Ukraynada azərbaycanlı olduğumu da heç vaxt unutmuram. Mənim missiyam çətindir: Ukraynada azərbaycanlı olduğumu demək, dünyada isə Ukraynadakı müharibədən danışmaq.

- Döyüş əməliyyatları sizi necə yaxaladı?

- Biz Zaporojedən Kiyevə köçməyə məcbur olduq, sahib olduğumuz hər şeyi orada qoyduq. Əslində isə müharibəni Xersonda qarşıladım, həyat yoldaşımın doğma şəhərində. Xatırladım ki, Xerson rusların ilk girdiyi şəhərlərdən biridir. Azərbaycanda olan müharibə haqqında da çox yaxşı bilirəm - valideynlərim mənə bu barədə çox danışıb. Müharibə sanki bizi təqib edir, ona görə də nə olduğunu yaxşı bilirəm.

- Xersondan necə çıxa bildiniz?

- Mənim çox tanışlarım var idi ki, işğal altına düşmüşdülər. Bəziləri çıxmaq istəyərkən Rusiya tanklarına rast gəldi, kimisi öldürüldü, kimisi isə çıxmağı bacardı. Allaha şükür, biz heç bir tankla qarşılaşmadıq. Vaxtında çıxmağı bacardıq. O vaxt hər saniyənin əhəmiyyəti var idi.

- Yarışlarda neytral statusla iştirak edən rusiyalı idmançılarla qarşılaşanda nə hisslər keçirirsiniz?

- Məncə, bu bir az düzgün deyil. O yatağında rahat yatır, mən isə bir yaşlı uşağımı qucağıma alıb zirzəmilərdə qaçıram. Burada heç bir ədalət görmürəm. Bəli, deyirlər ki, idman siyasətdən kənardır, amma Rusiya hər addımda bunun əksini sübut edir.
Bilirsiniz, çoxlu sayda azərbaycanlı soydaşım və dostum hazırda cəbhədədir və məhz onların sayəsində mən beynəlxalq arenada çıxış edə bilirəm. Hər dəfə yarışa gedəndə mənə deyirlər: "Bax, biz burada əlimizdən gələni edirik ki, sən orada onları məğlub edəsən".
Əgər hisslərdən danışırıqsa, yəqin ki, erməniləri məğlub edən azərbaycanlı idmançılardan da soruşmaq olar. Mənim də ruslara qarşı eyni hisslərim var.

- Sizin hesabınızda iki gümüş medal var. Üçüncü dəfə Olimpiadaya düşəcəyinizə ümid edirsiniz?

- Əslində, Ukraynada yaşamaqla plan qurmaq çox çətindir. Mən bu günlə yaşayıram və sadəcə ailəmin sağ qalması üçün əlimdən gələni edirəm. İdman məqsədlərinə gəldikdə isə, təəssüf ki, onlar hazırda birinci yerdə deyil. Buna baxmayaraq, yaxın hədəf qarşıdakı dünya çempionatında medal qazanmaqdır. Ən yaxşısı - qızıl medal. Həmçinin Olimpiya Oyunlarında iki gümüşü bir qızıla dəyişmək istərdim.

- Yeri gəlmişkən, tez-tez azərbaycanlı güləşçilərlə xalçaya çıxırsınız. Xüsusən də, iki dəfə Həsrət Cəfərovu məğlub etmisiniz...

- Bilirsiniz, çoxları mənimlə Həsrət arasında guya düşmənçilik mövzusunu şişirtməyə çalışır (Cəfərov Zaqrebdəki turnirdə məğlubiyyətdən sonra Nasibova əl uzatmamışdı və daha sonra bildirmişdi ki, sadəcə uduzmağı sevmir - Red.).
Düzünü desəm, mənim üçün fərqi yoxdur. Mən onunla düşmən deyiləm, xalçada rəqibəm. Onu iki dəfə məğlub etmişəm və özümü daha güclü hesab edirəm. Onun haqqında pis nəsə deyə bilmərəm - gənc və perspektivli idmançıdır. Bu mənim işimdir: o məni udmaq istəyir, mən də onu.
Ulvü ilə də güləşmişəm (Ulvü Qənizadə Nasibovu Avropa çempionatında məğlub edib - Red.) – əla insandır, aramızda yaxşı münasibət var. Onunla xalçanı bölüşmək xoşdur. İnanıram ki, qarşıdakı dünya çempionatında ondan revanş ala biləcəyəm. Eyni zamanda Sənan Süleymanovla da hesabımız 1:1-dir.

- Amma yenə də Həsrət Cəfərovla münasibətlərinizdə bir qədər gərginlik hiss olunur...

- Xeyr (gülümsəyir). Birgə təlim-məşqlərdə görüşürük və sakit şəkildə ünsiyyət qururuq. Aramızda heç bir neqativ məqam yoxdur. Yarışlarımız olub, mən qalib gəlmişəm və hər zaman ona hörmət göstərmişəm – qalxmasına kömək üçün əl uzatmışam. O vaxt necə davrandısa, bu, artıq onun problemidir, mən buna fikir vermirəm.
Yəni Həsrətlə heç bir gərginliyim yoxdur, sadəcə Ulvü ilə ünsiyyət qurmaq mənə daha asandır. O, mənə çox xoş gəlir. Ümumiyyətlə, İslam Abbasov, Rafiq Hüseynov və digərləri ilə də münasibətlərim yaxşıdır.

- Ukrayna yığmalarında Azərbaycan əsilli idmançılar çoxdurmu?

- Çoxdur. Xüsusilə də güləşdə - ən azı on azərbaycanlı var. Hamımız çox mehribanıq, bir-birimizə dəstək oluruq. Mən isə komandanın kapitanı və yaşca böyüyü kimi həmişə soydaşlarıma diqqət ayırmağa çalışıram.

- Onların arasında tarixi vətənləri olan Azərbaycanda çıxış etmək istəyənlər varmı?

- Düzünü desəm, bu məsələ ilə bağlı heç maraqlanmamışam. Əgər bu sualı mənə versəniz, açıq deyim ki, tamamilə əleyhinə olduğumu deyə bilmərəm. Sadəcə olaraq, mənim iki məşqçim var - hərəsinin 85 yaşı var - və onlar, necə deyim, sanki mənim nailiyyətlərim sayəsində yaşayırlar. Vicdanım mənə imkan verməz ki, bütün bunları buraxıb gedim.
Mən o idmançılardan deyiləm ki, pulun və ya imkanların dalınca qaçım. Azərbaycan və Bolqarıstan mənə daha sərfəli şərtlər təklif etmişdi, amma məsələ heç də pulla bağlı deyil. Sadəcə bu məşqçilər mənə yalnız güləşi yox, həyatı da öyrədən insanlardır. Onlar mənim üçün valideyn kimidirlər və mən onlardan üz döndərə bilmərəm.
Amma onu da deyim ki, Azərbaycanı çox sevirəm. Ukraynada harada olsam və kim soruşsa, açıq şəkildə deyirəm ki, mən azərbaycanlıyam. Bəli, artıq 20 ildir Ukraynada yaşayıram - bu, tarixi vətənimdə yaşadığım müddətdən daha çoxdur - amma həmişə xatırlayıram və bəyan edirəm: mən, hər şeydən əvvəl, azərbaycanlıyam.

Teymur Tuşiyev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:44

Enzo Fernandes: Messi tarixdəki ən böyük futbolçudur

Futbol
Bu gün, 01:36

Lionel Messi Argentina milli komandası üçün dostluq matçlarına dəvət edildi

Futbol
Bu gün, 00:27

Barcelona, Rafinha ilə yeni müqavilə danışıqlarına start verdi

Futbol
Dünən, 23:54

U-20 milli komandamız oktyabrın 3‑ü Moldovayla, 6‑sı Yaponiyaya qarşı yoldaşlıq matçları keçirəcək

Futbol
Dünən, 23:50

Xames Rodriges milli komandada futbol karyerasını başa vurdu

Futbol
Dünən, 22:35

AFFA-nın Media və İctimaiyyətlə Əlaqələr şöbəsinə yeni mətbuat katibi və digər əməkdaşlar təyin olundu

Futbol
Dünən, 21:31

Mikloško, Çex və Çexoslovakiya millisinin keçmiş qapıçısı, 64 yaşında vəfat edib

Futbol
Dünən, 21:13

Harri Keyn 2026-cı ilin “Qızıl top” mükafatı üçün kampaniya aparmayacaq

Futbol
Dünən, 20:58

David Domgjoni-nun Kəpəzdəki debutu: Hər şey yaxşı alındı

Qarabağ FK
Dünən, 20:28

“Qarabağ”ın mərkəz müdafiəçisi Bense Varkonyi ilk dəfə Macarıstan milliyə dəvət olundu

Futbol
Dünən, 19:29

Elvin Camalov Neftçiyə veda etdi, karyerasını Qəbələdə davam etdirəcək

Qarabağ FK
Dünən, 18:50

Azərbaycan – Tacikistan dostluq matçının hakim heyəti kimlərdən ibarətdir?

Basketbol
Dünən, 16:23

Naxçıvan basketbol klubu Said İsmayılovu 1 illik müqavilə ilə transfer etdi

Futbol
Dünən, 15:40

Karvan‑Yevlax, “Zirə”nin hücumçusunu icarəyə götürdü

Futbol
Dünən, 12:55

“Kəpəz” komandası “Qəbələ” matçında pirotexnika istifadəsi üçün 5 000 manat cərimə aldı

Qarabağ FK
Dünən, 10:50

"Neftçi" Premyer Liqanın ilk 5 oyununda 17 qol ilə XXI əsrin rekordunu qırdı

Futbol
Dünən, 05:44

Premyer Liqa nəhəngləri Fulham‑un 19‑yaşlı ulduzu Coş King ilə maraqlanır

Gimnastika
Dünən, 02:14

Mədinə Mustafayeva və Vladimir Dolmatov dünya gimnastika çempionatında gümüş medal qazandılar

Futbol
Dünən, 00:36

"Traktor" Asiya Çempionlar Liqasının Elit mərhələsində 0:1 məğlubiyyətlə başladı

Basketbol
14 sentyabr 2026, 23:54

Erhan Toker: “Matçdan razı qaldıq, amma nəticədən narazıyıq”

Futbol
14 sentyabr 2026, 23:37

Zaur Haşımov: “Sabah”a 0:3 məğlubiyyətdə də layiqincə mübarizə apardıq

Futbol
14 sentyabr 2026, 23:06

Valdas Dambrauskas: Çempionlar Liqasından sonra komandamızın tam köklənməsi çətindir

Güləş
14 sentyabr 2026, 22:30

Optimist və ILCA4 siniflərində Yelkən İdmanı Açıq Azərbaycan Çempionatı sona çatdı

Futbol
14 sentyabr 2026, 22:05

Azərbaycan U19 qadın milli komandası Moldova ilə 2-2 bərabərlikdə nəticələndi

Oxşar xəbərlər