Qadın güləşi üzrə dörd dəfə Yay Olimpiya Oyunlarının mükafatçısı, ikiqat dünya çempionu, onqat Avropa çempionu, 5 dəfə Olimpiadada iştirak edən yeganə qadın güləşçi, Azərbaycan Güləş Federasiyasının qadın güləşi üzrə koordinatoru Mariya Stadnikin Offsideplus.az saytına müsahibəsi
"MƏN GÜLƏŞDƏN DOYMUŞAM"
- Sizin Ukraynanın Lvov şəhərindən olduğunuzu bilirəm, həmin şəhərdən olanlar ukraynaca danışmağı çox sevirlər. Gəlin, ukraynca danışaq.
- Məmnuniyyətlə. Bu çox xoş oldu.
- Ümidvaram ki, ukraynaca danışsaq, müsahibə daha səmimi alınacaq. Söhbətimizə elə dil mövzusundan başlayaq. Uzun müddətdir Azərbaycanda yaşayırsınız. Artıq azərbaycanca danışa bilirsiniz?
- Təəssüf ki, azərbaycanca danışmıram. Ancaq indi sizin dili daha yaxşı başa düşürəm. Mənə elə gəlir ki, mən azərbaycanca danışanda sözləri düzgün demirəm, gülməli çıxır. Məni heç kim anlamır. Düz 3 il əvvəl müharibə ilə əlaqədar övladlarımla birgə Ukraynadan Azərbaycana köçmüşəm. Əvvəllər daima Ukraynada yaşayırdım, yalnız yarışdan-yarışa Bakıya uçurdum. Burada insanlarla adətən rus dilində ünsiyyətdə oluram.
- Keçək idmanla bağlı suallara. İcazə versəniz, şəxsi suallara bir azdan qayıdardım.
- Əlbəttə.
- İki həftə öncə keçirilən Avropa çempionatında yarışan Azərbaycanın qadın güləşçilərinin çıxışını necə dəyərləndirirsiniz?
- Qitə çempionatına tam heyətlə yollana bilməmişdik. Çünki bütün çəki dərəcələrində təmsil olunmaq üçün qadın güləşçilərimiz yoxdur. Cəmi 4 idmançı ilə mübarizə aparsaq da, 1 medal qazanmağı bacardıq. Hərçənd qadınlar arasında Avropa çempionatının səviyyəsi yüksəkdir. Ona görə də əgər Azərbaycan qadın güləşi yığmasının hesabında 1 medal oldusa, bu, yaxşı nəticə sayılmalıdır. Özü də medalın əyarı bürünc yox, qızıl ola bilərdi. Jalə Əliyeva yarımfinalda görüşü davam etdirmək istəsə də, həkim zədə səbəbindən ona güləşmək imkanı vermədi.
- Ümumilikdə siz Azərbaycan qadın güləşi yığmasının nəticələrindən razı qaldınız?
- Elə insanlar var ki, onlar boylarından hündürə tullana bilməzlər. Avropa çempionatına yollanan qadın güləşçilər nəyi bacarırdılarsa, ona da nail oldular. Təkrar edirəm, Jalə qızıl medal qazanmağa yaxın idi. Ruzanna Məmmədova isə hələ cavandır. Düşünürəm ki, onun qitə çempionatına getməsinə ehtiyac yox idi. Amma məşqçilər Ruzannanı yoxlamaq qərarına gəldilər, güləşçinin təcrübə toplamasını istəyirdilər. O, gənclər arasında keçirilən yarışlarda özünü yaxşı tərəfdən göstərir. Bu dəfə məşqçilər eksperiment etdilər ki, onun böyüklər arasında güləşməyə nə dərəcədə hazır olub-olmadığını yoxlasınlar. Düzdür, Ruzanna birinci görüşdə uduzdu, əvəzində təcrübə topladı. Bəzən inkişaf etmək üçün belə yarışlar vacibdir. Ümid edirəm ki, o, nəticəyə görə məyus olmayacaq, əksinə başa düşəcək ki, öz üzərində daha çox işləməlidir.
- Həyatınızda ilk dəfə belə mötəbər yarışı kənardan federasiya rəsmisi kimi izləyirdiniz. Həmişə diqqət mərkəzində olmusunuz, xalça üzərində görünmüsünüz. Şəxsən siz özünüzü Avropa çempionatında necə hiss edirdniz?
- Yəqin ki, mən güləşdən doymuşam. Qitə çempionatlarındakı görüşlərə baxanda, güləş üçün qəti darıxmırdım. Məndə belə bir hiss yox idi ki, bu dəqiqə xalça üzərinə çıxmaq istəyirəm. Qızların çəkilərini aşağı salanda üzləşdikləri çətinlikləri, necə həyəcanlandıqlarını görəndə, vaxtilə stress keçirdiyim anları xatırladım. Öz-özümə dedim: "Nə yaxşı ki, mənim üçün bunlar arxada qalıb" (gülür) Tam fərqli hisslər yaşayırdım. Mən yığma üzvlərinin qələbələrinə sevinirdim. Əslində, mənə döyüşmək daha asan idi. Gücümü bilirdim, qalib gəlib-gəlməyəcəyimi hiss edirdim. Milli komandanın üzvləri ilə isə çətindir. Axı, onların başında hansı fikirlər olduğunu, yarışa necə kökləndiklərini bilmirsən. Xüsusilə qadın güləşi gözlənilməzliklərlə doludur. Bu gün qalib gələ, sabah isə xalça üzərində asanlıqla təslim ola bilərsən.
"2021-Cİ İLDƏ GÜLƏŞDƏN GETMƏK İSTƏYİRDİM"
- Karyeranızı bitirdikdən sonra niyə məşqçi olmaq istəmədiniz?
- Belə seçim etməkdə məqsədim məmur olmaq deyildi. Sadəcə, qarşımda bir sual dayanırdı: Azərbaycan qadın güləşinin inkişafı naminə hansı sahədə daha faydalı ola bilərəm? Başa düşürdüm ki, əgər məşqçiliyi seçsəm, bütün vaxtımı zallarda, təlim-məşq toplanışlarında keçirəcəyəm, inkişafla bağlı digər məsələlərə zaman qalmayacaq.
- Qadın güləşi üzrə koordinator olmaq sizin qərarınız idi, yoxsa federasiya rəhbərliyinin təklifi?
- Karyeramı başa vurub-vurmamaq haqda düşünürdüm. Rəhbərliklə görüşdə belə təklif irəli sürdüm. Bildirdim ki, qadın güləşinin inkişafında faydalı olmaq istəyirəm. Bütün həyatımboyu güəşmişəm, bu işi bacarıram. Komandaya xeyir verə biləcəyimi anlayırdım. Federasiya rəhbərliyi mənim təklifim üzərində düşündü və qarşılıqlı qərar verdik.
- Bəs kayeranızı bitirməkdən ötrü nə qədər müddət düşünməli oldunuz? Maraqlıdır ki, siz güləşlə Paris Olimpiadasından dərhal sonra vidalaşmadınız. Bir neçə ay pauza götürdünüz...
- Açığı, 2021-ci ildə Tokio Yay Olimpiya Oyunlarından sonra güləşdən getmək niyyətində idim. Olimpiadadan qayıtdıqdan sonra uzun müddət məşq etmədim. Bir çox yerlərdə oldum, fərqli düşüncələrə daldım. Ancaq necə deyərlər, həyat bizi başqa axın üzrə apardı. Ukraynada müharibə başlandı. Mən övladlarımı da götürüb Azərbaycana gəldim. Bir-iki həftəliyə... Arestoviç dediyi kimi... (gülür) (Ukrayna Prezident Ofisinin sabiq müşaviri Oleksey Arestoviç nəzərdə tutulur - red.) Bura gələndən bir az sonra yeniyetmələrdən ibarət komanda ilə təlim-məşq toplanışına yollandım. Məqsədim onlara kömək etmək, bilmədiklərini demək, göstərmək idi. Və onlarla məşq etməyə başladım. Sonra daha bir təlim-məşq toplanışı...
- Nə qədər vaxt idi məşq etmirdiniz?
- Təxminən 8-9 ay. O vaxta qədər ümumi fiziki formamı saxlamaq üçün həmişə idman zalına gedirdim. Ancaq ağlımda yarışlara qatılmaq fikirləri yox idi. Burada 1-2 təlim-məşq toplanışından sonra İslam Oyunları yaxınlaşırdı. Rəhbərlikdən dedilər ki, "bəlkə bu yarışda iştirak edəsən", mən də cavab verdim ki, "olar". Bax, beləcə, yenə o həvəs oyandı. İslam Oyunlarının qalibi oldum. Gördüm ki, müharibə uzanır, Ukraynaya qayıda bilmirəm. Qarşıdan isə Avropa çempionatı gəlirdi. Yaxşı formada idim. Öz-özümə dedim ki, niyə də qitə çempionatına getməyim. Avropa çempionatından sonra daha bir az keçdi və Yay Olimpiya Oyunları gəldi. Hər şey belə uzandı. Bir tərəfdən də düşünürdüm ki, əgər məni geri qaytarıblarsa, buraxmırlarsa, bəlkə bu, mənim üçün bir şansdır. Sonradan peşman olmamaqdan ötrü tarixdə ilk dəfə 5-ci dəfə Olimpiadaya düşmək imkanından yararlandım.
"...GÖZLƏRİMDƏKİ PARILTI, İSTƏK SÖNDÜ"
- Və bu ilin fevralında güləşlə vidalaşdınız...
- Paris Olimpiadasından sonra istirahət etmək qərarına gəldim. Tokio Yay Olimpiya Oyunlarından sonra olduğu kimi, yenə emosional qərar vermək istəmirdim. Birdən yenə həyatımda nələrsə dəyişə bilərdi. Beləcə, yenidən güləşmək istəyərdim. Gözlədim ki, sakit başla qərar verim.
- Güləş ayaqqabılarını özünüz çıxardıb xalçanın ortasına qoydunuz. Heç kim sizi məcbur etmədi. Deməli, özünüz də həmin ayaqqabıları geyinib güləşə bilərsiniz. Mariya Stadnikin geri dönməsi mümkündürmü?
- (gülür) Bilirsiniz, belə deyim var: "Heç vaxt heç vaxt demə". Ona görə mən susuram. Hər şey ola bilər. Düzdür, buna çox şühbə edirəm. İndi məndə qızlar komandası ilə böyük uğurlar qazanmaq üçün həvəs yaranıb.
- Qayıdış üçün fiziki gücünüz yoxdur?
- Fiziki cəhətdən hazıram. Paris Olimpiadasında da fiziki hazırlığım yaxşı səviyyədə idi. Ancaq bəzi məqamlarda sürət çatışmazlığı, yorğunluq hiss edirdim. Ötən il Ukrayna, Koreya, Monqolustan idmançılarına uduzdum... Bəlkə heç həyatımda bu qədər məğlubiyyət olmamışdı. Getmək vaxtı idi. 2016-cı ildə Rio de Janeyro Olimpiadasından sonra gözlərimdəki parıltı, istək söndü. Həmin yarışın finalında sona 5 saniyə qalmış uduzdum. Halbuki olimpiadaya bütün varlığımı vermişdim.
- Sanki güləş sizə zəhmətinizin əvəzini qaytarmadı.
- Elədir. Həyatımı, uşaqlarımla keçirə biləcəyim zamanı - hər şeyi güləşə vermişdim. Amma finalda uduzdum. Doğrudur, bundan 5 il sonra Tokioya getdim. Lakin daxilimdə bu idman növünə qarşı inciklik var idi: güləş mənə olimpiadanın qızıl medalını vermədi.
"BƏZƏN TOĞRUL ƏSGƏROVA DEYİRƏM Kİ, QIZLARLA BİR AZ SƏRT OL"
- Qadınlardan ibarət yığmada baş məşqçi əvəzi çalışan Toğrul Əsgərovu necə xarakterizə edərdiniz?
- O gəncdir, məşqçi kimi böyük təcrübəsi yoxdur. Toğrul öyrənir. Prinsipcə, onun məşqçilik yanaşması düzgündür. Sadəcə, o, idmançı biliyini qadın güləşçilərə düzgün çatdırmalıdır. Onu başa düşən qızların nəticələri var. Qavrama qabiliyyəti bir az aşağı olanlar isə onu anlamırlar. Toğrulun səviyyəsi çox yüksəkdir. Bəzən o qədər yaxşı danışır, yaxşı göstərir ki, bu gənclər onu anlamaqda çətinlik çəkirlər. Onlar hələ həmin səviyyəyə çatmayıblar.
- Elə hallar olurmu ki, siz məşq prosesində Toğrul Əsgərovu tənqid edəsiniz?
- Mən onu tənqid etmirəm, məsləhətlər veririəm. Çünki qadın psixologiyasını daha yaxşı bilirəm. Qadınlar kişilərdən fərqlənir. Oğlan güləşçilərə bir dəfə dedin, onlar əməl edirlər, artıq suallar vermirlər. Qızlarda isə belə deyil. Onlar inciyə, ağlaya bilərlər. Yəni Toğrulla təcrübəmi bölüşürəm.
- Şübhəsiz ki, qızlara xüsusi yanaşma tələb olunur. Toğrul Əsgərovun bütün çətinlikləri aşmaq üçün səbri varmı?
- Hə. Toğrul həddən artıq səbrlidir. Bəzən ona deyirəm ki, "Toğrul, sən çox səbrli, yumşaqsan, bir az sərt ol!". Yəqin ki, zalda mən ondan daha əsəbi oluram. Toğrul loyal, sakitdir. O, qızlara başa salmaq istəyir ki, güləş onların özünə lazımdır. Onun yanaşması belədir: "Kim istəmirsə, onları məcbur etməyəcəyəm". Bəlkə bu, bir tərəfdən düzgündür. Ancaq 15-16 yaşlı qızların psixologiyası fərqlidir. İndi havalar xoş keçir, bəziləri gəzməyə çıxmaq, vaxtını xoş keçirmək istəyir. Buna görə onları məcbur etmək lazımdır ki, məşq etsinlər, vaxtlarını boşa verməsinlər.
- Ötən həftə Astarada 15 və 17 yaşlı qızlar arasında Azərbaycan çempionatı keçirildi. Bu, Azərbaycan qadın güləşində bir ilk idi. Çempionatın səviyyəsi barədə nə deyə bilərsiniz?
- Mən birinci dəfə Azərbaycana 2007-ci ildə gəlmişəm. Yerli qızlar güləşlə məşğul ola bilmədiklərinə görə bizim kimi legionerləri yığmaya cəlb etmişdilər. Biz yerli qadınlar üçün güləşdə nümunə idik. Nəhayət, 18 ildən sonra ilk Azərbaycan çempionatı keçirildi. Bu məni çox sevindirir. Çempionat keçirməkdən ötrü lazımi sayda qız tapa bildik. Əvvəllər də milli komandalara güləşçilər çağırılırdı. Ancaq onların sayı hər çəkidə 1-2 nəfərdən çox olmurdu.
- Deyəsən, bu dəfə də bəzi çəkilərdə oxşar problemlər var idi.
(Davamı var...)
İdman.biz
Sportnews.az — idman dünyasında baş verən əsas hadisələrə həsr olunmuş aparıcı idman portalıdır. Biz hər gün ən son xəbərləri, oyun nəticələrini, müsahibələri, analizləri və proqnozları təqdim edirik.
Saytımızda siz tapa bilərsiniz:
Futbol: yerli və beynəlxalq liqalar, xüsusi diqqət — "Qarabağ" FK
Tennis, şahmat, gimnastika, voleybol, basketbol
Döyüş növləri: boks, güləş, cüdo
Formula 1 və Olimpiya Oyunları
Eləcə də diqqətəlayiq digər idman növləri
Biz azərbaycanlı idmançıların uğurlarını izləyirik, mühüm turnirləri işıqlandırırıq, yığmaların hazırlığı və fərdi nailiyyətlər barədə məlumat veririk. Bütün materiallar faktlara, ekspert şərhlərinə və keyfiyyətli təqdimata əsaslanır.
Niyə məhz Sportnews.az:
Yalnız aktual və etibarlı xəbərlər
Azərbaycan və dünya idmanının tam əhatəsi
Rahat struktur, müntəzəm yenilənmələr, obyektiv baxış
Əsas idman xəbərlərindən xəbərdar olmaq üçün bizimlə qalın.
Sportnews.az — burada idman ucadan danışır.