Dünya Güləş Birliyi (UWW) Dakar şəhərində keçirilən Yeniyetmələrin dördüncü Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarının uğuruna həsr olunmuş xüsusi material hazırlayıb.
İdman.Biz xəbər verir ki, qurum çimərlik güləşi üzrə iki qızıl medalımızı ön plana çıxarıb. Xüsusilə Tunar Quliyevin (70 kq) gürcüstanlı Luka Maxaradze, Elgün Kərimlinin (90 kq) isə Gürcüstanı təmsil edən azərbaycanəsilli Nurəddin Mustafayev üzərində qazandığı qələbələr diqqət çəkib.
Dünya Güləş Birliyi Tunar Quliyevin final görüşündəki əzmkarlığını xüsusi vurğulayıb. Hesab 1:1 olarkən əlavə göstəricilərə görə üstünlük rəqibində olsa da, azərbaycanlı güləşçi son anda vəziyyəti dəyişməyi bacarıb.
Federasiyanın məlumatına görə, Quliyev görüşün başa çatmasına cəmi 1,1 saniyə qalmış həlledici fəndi yerinə yetirib. Gürcüstan tərəfinin video etirazı da nəticəni dəyişməyib və qarşılaşma 3:1 hesabı ilə idmançımızın xeyrinə başa çatıb.
Qələbədən sonra Tunar Quliyev çimərlik güləşi üzrə ilin məşqçisi seçilmiş Oyan Nazariani ilə birlikdə fəxri dövrə vurub.
Dünya Güləş Birliyi Elgün Kərimlinin çıxışını da xüsusi qeyd edib. Bildirilib ki, U-17 dünya çempionatının gümüş mükafatçısı olan güləşçimiz Avropa çempionu Nurəddin Mustafayevə cəmi 30 saniyə ərzində qalib gəlib. Görüş 3:1 hesabı ilə başa çatıb.
Beləliklə, Azərbaycan təmsilçiləri çimərlik güləşi üzrə yarışların ikinci günündə hər iki kişi finalında qızıl medal qazanıblar. Hər iki finalda rəqiblər Gürcüstanı təmsil ediblər.