Azərbaycanın gənc sərbəst güləşçilərinin Rusiyanın Xasavyurt şəhərində Tejdi Hüseynovun xatirəsinə keçiriləcək beynəlxalq turnirdə iştirakı gözlənilir.
İdman.Biz xəbər verir ki, U-20 yaş qrupunu əhatə edən yarış noyabrın 28-29-da Həmid Həmidov adına İdman Sarayında təşkil olunacaq.
Üçüncü dəfə keçiriləcək turnirə Rusiyanın 30-dan çox regionundan, həmçinin Azərbaycan, Ermənistan, Belarus, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Türkmənistan və Türkiyədən güləşçilərin qatılması nəzərdə tutulur.
Yarışın proqramına əsasən, noyabrın 28-də on çəki dərəcəsində ilkin mərhələnin və yarımfinalın görüşləri keçiriləcək. Ertəsi gün isə təsəlliverici qarşılaşmalar, bürünc medal uğrunda görüşlər və finallar baş tutacaq.
Turnir çərçivəsində hakimlər və məşqçilər üçün seminar da planlaşdırılır.