"Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində çıxış edən "Araz-Naxçıvan" üçün qrupda ən uyğun rəqib Macarıstanın "Uypeşt" komandasıdır".
Bu barədə Azərbaycan millisinin sabiq üzvü Rəcəb Fərəczadə deyib.
Mütəxəssis komandanın hazırlıq səviyyəsini dəyərləndirib.
"Komanda bir aya yaxındır yığılıb. Heyətin 90 faizini milli üzvləri təşkil edir. Düzdür, yoxlama oyunları az olub. Ardıcıl keçiriləcək görüşlərdə futzalçıların fiziki durumu həlledici rol oynayacaq", - deyə o report.az-a açıqlamasında söyləyib.
O, Naxçıvan təmsilçisinin heyətində xeyli dəyişikliklər olduğunu bildirib:
"Ötən ildən bəri heyətdə çoxlu dəyişikliklər olub. Baş məşqçi ayrılıb, 6-7 legioner komandanı tərk edib. İndi heyəti əsasən yerli oyunçular təşkil edir və yeni komanda formalaşıb. Bu turnir onlar üçün böyük təcrübə olacaq. İndiki durumda "Araz-Naxçıvan"dan böyük nəticə gözləmək absurddur. Əsas odur ki, layiqincə çıxış etsinlər".
Mütəxəssis Naxçıvan klubunun zəngin tarixə malik olduğunu vurğulayıb:
"Araz-Naxçıvan" 20 qat Azərbaycan çempionudur və hər il Çempionlar Liqasında çıxış edir. Mənim oynadığım vaxtlarda iki dəfə yarışın bürünc medalçısı olmuşuq. İtaliya klubunu məğlub edərək üçüncü yeri tutmuşduq. Futzalçı layiqincə çıxış edib hansı komandada oynadığını dərk etməli və maksimum nəticə qazanmağa çalışmalıdır".
R.Fərəczadə komandanın taktikasına da toxunub:
"Məşqçilər korpusunun müdafiədən oynayıb uğuru əks-hücumlarda axtaracağını düşünürəm. Çünki belə güclü rəqiblərlə açıq futbol oynamaq doğru olmaz. Güclərini qorumaq üçün bəzən 5-in 4-ə hücum taktikasına da müraciət edə bilərlər".
O, "Uypeşt"in ən uyğun rəqib olduğunu söyləyib:
"Qrupda zəif komanda yoxdur. Rəqiblərdən ikisi ilkin mərhələni keçib, Polşa təmsilçisi "Piast" isə komandamız kimi birbaşa bu raundda iştirak edir. Digər iki komanda ilə müqayisədə "dişimizə uyğun" rəqib Macarıstan çempionudur. İlk oyunda mütləq yaxşı nəticə qazanmaq lazımdır ki, növbəti matçlar öncəsi şans itməsin. Bosniya və Herseqovinanın "Buba Mara" klubunda fərdi keyfiyyətləri ilə seçilən yerli və braziliyalı futzalçılar var. Qrupun ən çətin komandası isə meydan sahibi "Piast" olacaq. Beynəlmiləl heyətə malik Polşa komandasında 7-8 ölkədən legionerlər çıxış edir".
Qeyd edək ki, "Araz-Naxçıvan" - "Uypeşt" qarşılaşması Polşanın Qlivise şəhərindəki "Prezero Arena"da, Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Naxçıvan təmsilçisi yer aldığı V qrupda oktyabrın 28-də Bosniya və Herseqovinanın "Buba Mara", 30-da isə Polşanın "Piast" komandası ilə qarşılaşacaq.