"Hesab bizim üçün də gözlənilməz oldu. Əslində, rəqibin oyun üslubunu təhlil etmiş, onların mümkün gedişlərinə qarşı hazırlaşmışdıq. Lakin matç başlayan kimi futbolçularımızda həyəcan hiss olundu".
Bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi vəzifəsini müvəqqəti icra edən Elvin Quliyev DÇ-2028-in əsas seçmə mərhələsində Latviya ilə keçirilən oyundan (1:5) sonra İdman.Biz-ə açıqlamasında bildirib.
Mütəxəssis komandasının çıxışını dəyərləndirərək məğlubiyyətin əsas səbəblərindən danışıb:
"Futbolçularımızın həyəcanlı olduğu açıq hiss edilirdi. Standart vəziyyətlərdən dörd qol buraxdıq. Düşünürəm ki, burada təcrübə çatışmazlığının da müəyyən rolu var.
Əsas problemlərimizdən biri uzun ötürmələrə qarşı mübarizədə yaranırdı. Bəzi epizodlarda mövqe baxımından rəqibdən geri qalır, ikili mübarizələrdə üstünlüyü onlara verirdik. Latviya millisinin fiziki cəhətdən güclü, iri cüssəli futbolçulardan ibarət olduğunu gördünüz. Buna görə də daha sürətli oynamalı idik. Üstəlik, topu qəbul edərkən texniki səhvlərə yol verirdik. Nəticədə rəqibə standart vəziyyətlərdən yararlanmaq imkanı yaradırdıq və onlar da bundan maksimum istifadə edirdilər.
Artıq bir neçə oyundur ki, ikinci hissəyə istədiyimiz kimi başlaya bilmirik. Oyuna uyğunlaşmaq və özümüzə gəlmək üçün müəyyən vaxta ehtiyac duyuruq. Rəqib tez-tez müdafiə xəttimizin arxasına uzun ötürmələr edirdi. Biz isə onları daim təzyiq altında saxlamalı, bunun hesabına planlaşdırdığımız taktiki keçidləri həyata keçirməli idik. Bununla belə, ikinci hissədə oyunumuzu müəyyən qədər yaxşılaşdırdığımızı düşünürəm".
Qeyd edək ki, 12-ci qrupda mübarizə aparan yığmamız Bakı İdman Sarayında Latviya millisini qəbul edib.
Qarşılaşma qonaqların 5:1 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycan millisi seçmə mərhələdə keçirdiyi üç oyundan sonra bir xal toplayıb.