"İlk hissədə hər şey plan üzrə gedirdi. İkinci hissədə isə texniki səhvlər buraxmağa başladıq və rəqib bunu bizə bağışlamadı".
İdman.Biz xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçi vəzifəsini müvəqqəti icra edən Elvin Quliyev DÇ-2028-in seçmə mərhələsində Çexiya ilə keçirilən oyundan (2:2) sonra təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis komandasının çıxışını dəyərləndirərək səhvlərin əsas səbəblərindən birinin təcrübəsizlik olduğunu bildirib:
"Çox sağ olun ki, dəstək üçün Lənkərana gəlmisiniz. Oyunun əvvəlində, ilk hissədə hər şey plan üzrə gedirdi. İkinci hissədə isə texniki səhvlər buraxmağa başladıq və rəqib bunu bizə bağışlamadı. Sonda risk etməli olduq və hesabı bərabərləşdirdik.
Təcrübəsizlik də öz sözünü dedi. Zamanla səhvləri düzəldəcəyik. Rəqibə standart vəziyyətdən şans vermək istəmirdik, amma bəzən hər şey plan üzrə getmir.
Biz istəyirik ki, gənclərə yer verək, inkişaf edək. Gənclər belə oyunlarda bişərək oynamağı öyrənməlidirlər. Başqa yolumuz yoxdur".
Qeyd edək ki, Lənkəran Olimpiya İdman Kompleksində keçirilən qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Azərbaycan millisinin hər iki qolunu Kənan Manafov vurub.