"Araz-Naxçıvan" istənilən turnirdə və yarışda iştirak edərkən qarşısına həmişə bir məqsəd qoyub: qalib gəlmək. Bu gün də hədəfimiz eynidir".
Bunu "Araz-Naxçıvan" futzal klubunun yeni prezidenti Mahmud Sadıqov komandanın Çempionlar Liqasındakı hədəfləri barədə danışarkən deyib.
Komandanın hazırda turnirin keçiriləcəyi Polşanın Qlivitse şəhərində olduğunu qeyd edən Mahmud Sadıqov bildirib.
"Araz-Naxçıvan" Avropada futzalın bir markasıdır. Biz də rəhbərlik, oyunçu və məşqçi heyəti olaraq, bu markanı yüksək tutmağa çalışmışıq və bu gün də həmin ənənəni davam etdiririk. Çalışacağıq ki, burada rəqiblərimizə layiqincə müqavimət göstərək", - deyə o AZƏRTAC-a açıqlamasında vurğulayıb.
Klub prezidenti ötən illə müqayisədə komandanın heyətində dəyişikliklərin olduğunu diqqətə çatdırıb:
"Bəli, həqiqət budur ki, keçənilki heyətimizlə builki arasında fərq var. Keçən il altı legionerlə çıxış edirdiksə, bu gün onların sayı azdır və sırf milli komandanın oyunçularından ibarət bir kollektiv var. Rəqiblərə qarşı tam gücünü ortaya qoyacaq bir əhvali-ruhiyyədəyik".
M.Sadıqov rəqiblər barədə də fikirlərini bölüşüb. O, ilkin mərhələdən gələn Bosniya və Macarıstan çempionlarını qeyd edərək, əsas rəqibin Polşanın "Piast" komandası olacağını bildirib:
"Güman edirəm ki, hər ikisi bizim düşüncəmizə görədir. Əsas rəqibimiz yerli komanda olacaq. Onların heyətində yaxşı oyunçular cəmləşib, bildiyim qədər bir neçə legioner də var".
Funksioner rəqiblərdən çəkinmədiklərini vurğulayaraq əlavə edib:
"Onlar bizi qorxutmur. "Araz-Naxçıvan" meydana çıxıb oyunu oynayana qədər heç kimdən qorxmayıb, bugünkü gündə də heç kimdən qorxmuruq. Öz əzmkarlığımızla, əməyimizlə gəlib bu nöqtəyə çıxmışıq. Ümid edirəm ki, burada da layiqincə çıxış edib Vətənə sevincli xəbərlərlə dönəcəyik".
Qeyd edək ki, 5-ci qrupun oyunları Polşanın Qlivitse şəhərindəki "Prezero Arena"da keçiriləcək.