Naxçıvan Futbol Federasiyasının və Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundovun Sport24.az-a müsahibəsi
- Mövsümün əvvəlində sizinlə söhbətimizdə qeyd etmişdiniz ki, "Araz-Naxçıvan"ın ciddi hədəfləri var. Bunun üçün baş məşqçinin istədiklərinin 99 faizi yerinə yetirilib. Geridə qalan 32 tura nəzər yetirsək, vəziyyət necə görünür?
- Mövsümün startından öncə baş məşqçinin istədiyi seleksiya həyata keçirildi. "Araz-Naxçıvan"ın büdcəsi digər klubların 80 faizinin büdcəsindən daha azdır. Buna baxmayaraq, komanda mövsümü uğurlu keçirir. Uzun müddətdir ilk "üçlük"də qərarlaşıb, mövsümün ilk yarısında 14 tur məğlubiyyətsiz irəlilədi. Hazırda sona 4 tur qalıb və "Araz-Naxçıvan" avrokuboklara yaxındır. Düzdür, mövsümün ikinci yarısı komanda bir qədər uğursuz oldu. Amma futbolda belə hallar olur. Əsas məqsəd yayda dediyim kimi, avrokuboklara vəsiqə qazanmaqdır. Buna görə komanda toparlanıb son 4 oyunu yüksək səviyyədə keçirməlidir.
- "Araz-Naxçıvan" kubokda da iddialı idi, lakin cavab oyununda məğlub oldu. Düşünmürsünüz ki, "Qarabağ"ın finalda oynaması daha sərfəlidir? Çünki Ağdam klubunun kuboku qazanması "Araz-Naxçıvan"ın Avropaya gedən yolunu daha da asanlaşdıracaq...
- Təbii ki, "Qarabağ" güclü komandadır. Amma oturub finalın nəticəsini gözləməyin tərəfdarı deyiləm. Kiminsə qələbəsini, yaxud məğlubiyyətini gözləmək mənim planlarıma daxil deyil. Biz nə eləməliyiksə, özümüz eləməliyik. Komanda çempionatdan avrokuboklara vəsiqə qazanmalıdır. Mövsümün ilk hissəsindən sonra xal fərqi daha çox idi. Hazırda elə deyil. Elmar Baxşıyev kubokda uğur qazanmağı bacaran məşqçidir. Lakin reallıqlar da var. Yarımfinala kimi irəlilədik, birinci oyunda da qalib gəldik, bununla belə, mən avrokuboklar vəsiqəni kubokdan görmürdüm.
- "Qarabağ"la yarımfinal matçından sonra hakimlik məsələsi xeyli müzakirə edildi. Siz bu barədə hansı fikirdəsiniz?
- Həmin oyundakı hakimlikdən məyus oldum. Bakıda deyildim, matçı televiziya vasitəsi ilə izlədim. Mən futbol eksperti deyiləm. Düzdür, 20 ildir futboldayam, futbolu bilirəm. Özünüz də şahidsiniz ki, buna qədər hakimlər barədə danışmamışam. Nə bu, nə də ötən mövsüm. Heç bir narazılığımı bildirməmişəm. Hakim səhvləri dünyanın hər yerində var. VAR-da oturanlar da səhv edə bilər. "Qarabağ"la matçdan sonra bir neçə xarici hakimlə söhbətim oldu. Mübahisəli epizodların fraqmentlərini onlara yolladım. Kiminsə haqqına girmək istəmirəm. Amma qoymaram da kimsə "Araz-Naxçıvan" haqqına girsin. 3-4 epizodu Rusiyadakı, eləcə də Almaniyadakı hakimlərə göndərdim. Hansılar ki, Bundesliqada, Rusiya Premyer Liqasında idarəçilik ediblər. Mən hakimlik etməmişəm, ola bilər səhv edim. Ona görə həmin adamlardan penalti və qırmızı vərəqə ilə bağlı epizodları soruşdum. Bir epizodda iki futbolçumuz rəqib qapıçı ilə üz-üzə qalırdı. Hakim fit səsləndirib, bizim əlehimizə cərimə verdi. Bu, heç bir məntiqə sığmırdı. Epizod hakimlərin düz gözünün qabağında idi. Həmişə qürur hiss ilə demişəm ki, Azərbaycanda Əliyar Ağayev, Rəvan Həmzəzadə, Elçin Məsiyev kimi hakimlərimiz var, beynəlxalq oyunlara təyinat alırlar. Əliyar Ağayevə hətta Yunanıstandakı vacib matçlar etibar edilir. Lakin "Qarabağ"la oyundan sonra onlara olan hörmətim sıfırın altına düşdü. Belə olmaz. Rəvan Həmzəzadə mübahisəli epizodların heç birində VAR-a getmədi. Beniza Jatobanı açıq-aşkar vurdu. Fikrini soruşduğum əcnəbi hakimlər bildirdilər ki, həmin epizod 100 faiz qırmızı vərəqədir. Hakimlər Komitəsinin sədri intensivlik deyir. İntensivliyin bura nə aidiyyəti var? Gərək kimsə rəhmətə getsin ki, qırmızı vərəqə verəsən? Jatoba Benzianı keçib, rəqib də onun qolundan tutur, topa oynamır. Ekspertlər də izah etdilər ki, Beniza topa oynamır, Jatobanın ayağına zərbə endirir. Bəs "qırmızı" necə olur? Həmin hakimlər "Araz-Naxçıvan"ın haqqına girdilər, belə olmaz. Bu cür hakimlər Azərbaycan futbolunu geri salırlar. Başa düşə bilmirəm, məqsədləri nədir? Hələ də həmin oyundan sonra özümə gələ bilməmişəm. 25-ci dəqiqə Bəhlul Mustafazadə ayağa zərbə endirir. Qırmızı vərəqə, penalti necə olmalıdır? Rəvan Həmzəzadə oyunu "sındırdı". Çox narazıyam. Fikrini soruşduğum əcnəbi hakimlər desəydilər ki, epizod mübahisəlidir, qırmızı vərəqə, yaxud penalti 50-nin 50-yədir, mən heç bu barədə danışmazdım. VAR sistemi niyə qurulub? AFFA prezidenti Rövşən Nəcəf, baş katib Cahangir Fərəcullayev çalışırlar nəsə etsinlər, strategiya hazırlanır. Lakin hakimlər bu cür hərəkətlərlə onların əziyyətini də yerə vururlar.
- Düşünmürsünüz ki, hakimlər barədə bu açıqlamanız qarşıdakı turlarda "Araz-Naxçıvan" üçün əks təsir yarada blər?
- Elədiklərini elədilər də. Daha neynəyəcəklər ki? Mən həqiqəti deməkdən çəkinmirəm. Qoymaram futbolçuların haqqını yesinlər.
- Özünüz də qeyd etdiniz ki, daha əvvəl hakimlərlə bağlı narazılığınızı dilə gətirməmisiniz. "Qarabağ"la çempionat oyununda hakim səhvləri olmuşdu. Kamal Umudlu "Qarabağ"ın futbolçularını cəzalandırmadı, sonradan AFFA İntizam Komitəsi onun səhvini düzəltdi. Düşünmürsünüz ki, bəlkə həmin vaxt etirazınızı bildirsəydiniz, kubok oyununda o cür hallar yaşanmazdı?
- Düzdür, həmin vaxt da hakimlərdən narazı idim. Amma özümü saxladım. Sonradan AFFA İntizam Komitəsi "Qarabağ"ın futbolçularını cəzalandırsa da, oyunun taleyi baxımından heç nə dəyişmədi. Mənim kimi emosional adam özümü zorla saxladım. O, dalınca da bu, belə olmur. Yenə deyirəm, VAR nəyə lazımdır? Rəvan Həmzəzadə həmin epizodların heç birində VAR-a getmədi. Mübahisəli epizodlar hesab 2:0, yaxud 3:0 olanda yaşansaydı, deyərdik ki, oyun bitib artıq. Özünüz də gördünüz ki, komanda 65 dəqiqə vuruşdu.
- Sizcə, Hakimlər Komitəsinin sədri Frank de Bleker niyə Rəvan Həmzəzadənin lehinə açıqlama verdi?
- Onun açıqlaması ilə tanışam. Bilmirəm niyə elə deyib. Amma mənim danışdığım əcnəbi referilər də kifayət qədər təcrübəlidirlər, aralarında elələri var ki, Bundesliqada da oyunlar idarə edib. Adlarını çəkmirəm. Çünki bu, aramızda olan söhbətdir. Amma lazım olsa, adlarını da deyərəm, birbaşa canlı bağlantı da quraram. Onlar mənə dəqiqliyi ilə epizodları başa saldılar. Eləcə də rusiyalı keçmiş hakim də, eyni fikri səsləndirdi, hansı ki, karyerasını təzə bitirib. O da dedi ki, qərarlar səhvdir. Əslində, bu məsələdə çox dayanmaq istəmirəm. "Qarabağ" daha iddialıdır. Güclər məlumdur. Onlarla "Araz-Naxçıvan" arasında çox böyük fərq var.
- Ola bilər ki, VAR çağırsa da, Rəvan Həmzəzadə epizoda baxmaqdan imtina etsin?
- Kiminsə haqqına girib yalandan nəsə demək istəmirəm. Sadəcə narazılığımı bildirirəm. Qayda var, qanun var. Lazım olsa, Naxçıvan Futbol Federasiyasının prezidenti kimi, Rövşən Nəcəfə də, baş katibə də yazılı şəkildə etirazımızı bildirərik. Yenə deyirəm, "Qarabağ" "Araz-Naxçıva""dan güclüdür, bilirdim ki, mərhələni adlayan tərəf də onlar olacaq. Çünki komandalar arasında fərq var. Bizim ehtiyat oyunçular skamyamız da qısadır. Ondan qabaq komanda "Turan Tovuz"la çətin oyun keçirmişdi. "Araz-Naxçıvan"ın stadionu, hətta avtobusu belə yoxdur. Həmin matç Naxçıvanda olsaydı, bəlkə də "Araz" finala yüksələrdi. 10 min azarkeşin qarşısında hakimlər bu cür səhvlərə yol verməzdilər. Baş verənləri yalnız qərəz kimi qəbul edirəm. Bu cür halları görəndə adam işdən soyuyur. Tam narazıyam. Bu oyun mənim üçün həmişəlik sual altında qalacaq. 3-4 epizoda cavab tapa bilmirəm. İlk dəfədir futbolda çıxış yolunu tapmaqda çətinlik çəkirəm. Elədirsə, VAR-a elə robot qoysunlar da. Bəlkə robot daha çox müdaxilə edər. Bir sözlə, tam narazıyam. Çox hakim səhvləri görmüşəm. Futbolda da, futzalda da. "Araz-Naxçıvan" səfərdə "Barselona" ilə heç-heçə oynamışdı. 22 min azarkeşin qarşısında başa düşürəm bunu.
"Bunlar cəfəngiyyatdır, uşaq söhbətidir"
- Həmin 10 min azarkeş nə vaxt "Araz-Naxçıvan"ı doğma meydanda görə biləcək?
- Sizdən çox mən istəyirəm bunu. Lakin müəyyən məsələlər var, qısa zamanda həllini tapacaq. Müəyyən işlər görülüb. Əsas iki çatışmazlıq var. Qazon dəyişməlidir, bir də işıqlandırma sistemi. Bununla bağlı AFFA prezidenti də məlumatlandırılıb. İnanıram ki, AFFA-nın dəstəyi ilə qısa zamanda bütün məsələlər həll olunacaq. Qazonla bağlı İtaliya şirkəti ilə danışmışıq. Süni olsa da, ən son modeldir. Həmin şirkətin qurduğu süni qazonlara UEFA tərəfindən 2 ulduz verilib. O cür meydançalar hətta avrokubokların qrup mərhələsinin oyunlarını da qəbul edə bilər.
- Bu yaxınlarda Naxçıvanda aşağı yaş qrupları üzrə liqalar keçirildi. 7 yaş qrupu – U-10, U-11, U-12, U-13, U-14, U-15 və U-16 liqaları - üzrə Azərbaycan çempionatının Naxçıvan regionu üzrə oyunları təşkil edildi. Liqalarda diqqəti çəkən istedadlar oldu?
- Həmin yarışlar yüksək səviyyədə keçirildi. Naxçıvan camaatı da sevinir. Federasiyaya təşəkkür edirlər ki, böyük futbol Naxçıvana qayıdıb. Artıq liqalarda özlərini yaxşı tərəfdən göstərən 8-10 uşaq nəzarətimizdədir. Şərurdan, Ordubanddan və s. Fikrimiz var ki, gələcəkdə o uşaqlardan bəhrələnək. Yavaş-yavaş onları "Araz-Naxçıvan"ın U-17, U-19 komandasına gətirək.
- Avrokuboklarda yaxşı çıxış etmək üçün "Araz-Naxçıvan"ın büdcəsinin artırılması mümkündür?
- Təbii ki, uğurlu çıxış üçün vəsait lazımdır. Biz də Naxçıvan Futbol Federasiyası olaraq bu barədə düşünürük. Lakin təəssüf ki, sponsor tapmaq olmur. Kimisə məcbur etmək olmaz. Gərək istək olsun. Hər şey maliyyədən asılıdır. İndiki məqamda bu barədə çox düşünmürük. Mövsümün sonuna 4 tur qalıb. Təbii ki, federasiya rəhbəri olaraq "Araz-Naxçıvan"ın avrokubokalara düşməsini çox istəyirəm.
- Sosial şəbəkələrdə "Araz-Naxçıvan"ın "Səbail"ə qəsdən xal verdiyi barədə iddia səslənib. Həmin bu işin "vasitəçisi" kimi AFFA-nın sabiq baş katibi, hazırda FIFA-nın Üzv assosiasiyaların direktoru Elxan Məmmədovun adı çəkilir...
- Elxan Məmmədov mənim dostumdur. Biz futboldan qabaq bir-birimizi tanımışıq. Amma Elxan Məmmədov mənə desin 1 xal verin, elə edin, belə edin - bunlar cəfəngiyyatdır, uşaq söhbətidir. Oyundan sonra paltardəyişmə otağında komandaya iradımı bildirdim. Futbolçuları da başa düşürəm, gücləri çatmadı. 45 dəqiqə, hətta deyərdim 35 dəqiqədən sonra "Araz-Naxçıvan" dayandı. Bu cür söhbətlər kiməsə də yapışsa, mənə yapımaz. Heç kim mənə o göstərişi verə bilməz. Axırda uduza da bilərdik. "Səbail" çox gözəl futbol oynadı. Onlar üçün də çox vacib matç idi. "Araz-Naxçıvan" arxaya çəkiləndə yanımda əyləşənlərə dedim ki, "biz buradan heç-heçə ilə getsək, böyük şeydi".
- AFFA-nın son Konfransında belə fikirlər səsləndi ki, Azərbaycan Premyer Liqasında da danışılmış oyunlarla bağlı şübhələr var. "Araz-Naxçıvan"ın futbolçularından şübhələnməmisiniz?
- Yox. O vaxt "İnter"in məsələsi yəqin yadınızdadır. O məsələni mən açdım. Ukraynadan, Gürcüstandan pul vurulmuşdu. Öz klubumun içində bu işi açdım. Halbuki şəxsi münasibətim olan futbolçular idi. Mən olan yerdə elə şey ola bilməz. Üstəlik, komanda nəzarətdədir, bunun üçün öz metodlarım var. Bunu nə məşqçilər bilir, nə administrativ heyət. Mən olan klubda bu cür şeylər qeyri-mümkündür. 10 faiz şübhəm olsa belə, həmin o futbolçu meydana çıxa bilməz. Bu mövsüm "Şamaxı"nın adı hallandı. Adil Nağıyevə simpatiyam olub, kim aldadıb onu yoldan çıxardı... İstənilən halda belə şeylər bağışlanmazdır.
"Klubları da qaldırmalıyıq"
- Bir qədər də futzaldan danışaq. Hazırda milli komandanın baş məşqçisi məsələsi müzakirə edilir. Vitali Borisov millidə qalacaq, yoxsa onunla yollar ayrılacaq?
- Hazırda çempionatın bitməsini gözləyirik. Borisovun müqaviləsi mayın sonuna qədərdir. Onu da çox günahlandırmaq olmur. Daha əvvəl əksər millilərdə olduğu kimi, bizdə də braziliyalılar kömək edirdi. İndi artıq bu, mümkün deyil. Yerli oyunçularla işləməliyik. Bunun üçün vaxt, təcrübə lazımdır. Cavanları futzala cəlb etmək çətinləşib. Hər şey maliyyənin üstündədir. AFFA rəhbərliyi ilə bu barədə görüşümüz olacaq. Azərbaycan həmişə futzal ökəsi olub. Dünya reytinqində altılıqda olan milli indi 149-cu pillədədir. Bu, hamı üçün üzücüdür. Klubları da qaldırmalıyıq.
- Vitali Borisovla bəzi təcrübəli oyunçular arasında konflikt olduğu da deyilir...
- O da var. Mən bu tip məsələlərdə həmişə baş məşqçinin tərəfindəyəm. Amma baş məşqçi ilə söhbətlərimiz qarşıda olacaq. Nizam-intizam mənim üçün birincidir.
Sportnews.az — idman dünyasında baş verən əsas hadisələrə həsr olunmuş aparıcı idman portalıdır. Biz hər gün ən son xəbərləri, oyun nəticələrini, müsahibələri, analizləri və proqnozları təqdim edirik.
Saytımızda siz tapa bilərsiniz:
Futbol: yerli və beynəlxalq liqalar, xüsusi diqqət — "Qarabağ" FK
Tennis, şahmat, gimnastika, voleybol, basketbol
Döyüş növləri: boks, güləş, cüdo
Formula 1 və Olimpiya Oyunları
Eləcə də diqqətəlayiq digər idman növləri
Biz azərbaycanlı idmançıların uğurlarını izləyirik, mühüm turnirləri işıqlandırırıq, yığmaların hazırlığı və fərdi nailiyyətlər barədə məlumat veririk. Bütün materiallar faktlara, ekspert şərhlərinə və keyfiyyətli təqdimata əsaslanır.
Niyə məhz Sportnews.az:
Yalnız aktual və etibarlı xəbərlər
Azərbaycan və dünya idmanının tam əhatəsi
Rahat struktur, müntəzəm yenilənmələr, obyektiv baxış
Əsas idman xəbərlərindən xəbərdar olmaq üçün bizimlə qalın.
Sportnews.az — burada idman ucadan danışır.