"Çoxları Almaniyada təşkil olunan qitə çempionatında sürpriz nəticələrin qeydə alındığını söyləyir. Mənə görə ən böyük sensasiya Belçikanın turniri erkən tərk etməsi oldu. Özüm də onlara azarkeşlik etdiyimdən belçikalılardan belə uğuruszluq gözləmirdim". Bu sözləri Sport24.az-a açıqlamasında Yunis Hüseynov deyib.
Təcrübəli mütəxəssis Portuqaliya - Sloveniya qarşılaşmasını dəyərləndirməklə yanaşı, Kriştianu Ronaldonun çıxışına da münasibət bildirib: "Çoxları sloveniyalıların asan yem olacağını gözləsə də, Məzkəzi Avropa təmsilçisi sona qədər döyüşdü. Bu oyunu qapıçıların dueli də adlandırardım. Belə ki, 120 dəqiqə ərzində Sloveniyanın qolkiperi poruqallar üçün keçilməz sədd oldu. O, bir neçə dəfə Ronaldo ilə dueldən qalib ayrıldı, həmçinin "7 nömrə"nin penalti zərbəsini dəf etdi. Amma "lotoreya"da Diyeqo Koştanın qapıçı məharətini gördük. Ronaldo dünyanın iki ən yaxşı futbolçularından biri olsa da, artıq yaş sözünü deyir. O, əvvəlkitək qollar vura, rəqib qapıçıları təzyiq altında saxlaya bilmir".
Hüseynov Türkiyə yığmasının çıxışını da dəyərləndirib: "Avstriya dünən heç də asan təslim olmadı. Sadəcə, ikinci qoldan sonra qardaş ölkənin millisi daha çox müdafiəyə diqqət yetirdi. Türkiyənin qapıçısı Mərt Günokun seyvlərini də mütləq qeyd etmək lazımdı. "Çərçivə qoruyucusu" qurtarışları ilə türklərin xilaslarına çevrildi. Qarşıda Montellanın komandasını daha bir ağır oyun gözləyir".
ABDULLA İSMAYILOĞLU