İngiltərənin "Aston Villa" klubunun baş məşqçisi Unai Emeri Çempionlar Liqasının əsas mərhələsinin dördüncü turunda "Barselona"ya 0:3 hesablı məğlubiyyəti şərh edib.
İdman.Biz xəbər verir ki, ispaniyalı mütəxəssis komandasının nəticədən narazı olduğunu, lakin bu cür oyunların inkişaf baxımından əhəmiyyət daşıdığını bildirib.
"Nəticə bizi qane etmir. Biz hələ də komandanı formalaşdırırıq və bu təcrübə gələcəkdə bizə kömək etməlidir. Səhvlərimizdən nəticə çıxarmalı, daha güclü olmağın yollarını tapmalıyıq. "Barselona" kimi favoritlərlə bərabər səviyyədə mübarizə aparmağı bacarmalıyıq", - deyə Emeri UEFA-nın saytına açıqlamasında vurğulayıb.
Emeri komandasının qol imkanlarından yararlana bilmədiyini və rəqibin yüksək pressinqinin ciddi çətinlik yaratdığını qeyd edib:
"Qol vurmaq üçün yaxşı imkanlarımız oldu, lakin onlardan istifadə edə bilmədik. "Barselona" müdafiədən çıxarkən buraxdığımız bəzi səhvlərdən yararlandı. Əsas problem rəqibin yüksək pressinqi zamanı onların mərkəz müdafiəçiləri ilə mübarizədə çətinlik çəkməyimiz idi".
Baş məşqçi hətta iki top fərqi ilə geridə olarkən də oyunun taleyini dəyişəcəklərinə inandığını söyləyib:
"Barselona" hesabı açdıqdan sonra bərabərlik qolunu vurmaq üçün real şanslarımız vardı. Hesabı bərabərləşdirsəydik, oyun sanki yenidən başlayacaqdı. Hesab 0:2 olanda da ümidimi itirməmişdim. Üçüncü qoldan sonra isə uğur qazanmaq şansımız demək olar ki, qalmadı. Belə qarşılaşmalar inkişafımıza kömək edir. Əsas məqsədimiz Çempionlar Liqasında iştirak etmək və bu turnirdə möhkəmlənməkdir".
Qeyd edək ki, "Barselona"nın 3:0 hesablı qələbə qazandığı görüşdə Lamin Yamal bir, Rafinya isə iki qol vurub.