"Qrupda birinci yeri tutsaq da, bununla kifayətlənməyəcəyik".
İdman.biz xəbər verir ki, bunu İsveç millisinin baş məşqçisi Yon-Dal Tomasson deyib.
Təcrübəli mütəxəssis Millətlər Liqasının Azərbaycan yığmasına qarşı sabahkı oyunu ərəfəsində mətbuat konfransına qatılıb. Tomasson meydana qələbə üçün çıxacaqlarını bildirib: "C liqasının ən yaxşısı olmaq istəyirik. Bununla da DÇ-2026-nın pley-offuna vəsiqəni təmin etmiş olacağıq. Amma Azərbaycanla oyun öncəsi bəzi futbolçularla bağlı suallar var. Həkimlərin yekun rəyini gözləyirik. Onların oynayıb-oynamayacağını bu gün və ya sabah səhər dəqiq biləcəyik. 2-3 futbolçunun fiziki durumu ilə bağlı problemi var. Bu görüşdə kapitanımız Deyan Kulesevski olacaq".
Qeyd edək ki, sabah keçiriləcək İsveç – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
İdman.biz