PSJ-nin mərkəz müdafiəçisi Villian Paço "Barselona"ya keçməkdə maraqlıdır. Lakin Paris təmsilçisinin baş məşqçisi Luis Enrike mümkün transferə qəti şəkildə qarşı çıxır.
İdman.Biz "El Nacional" nəşrinə istinadən xəbər verir ki, Kataloniya klubu uzun müddətdir solaxay mərkəz müdafiəçisi axtarır və 25 yaşlı ekvadorlunu əsas namizədlərdən biri hesab edir.
Məlumata görə, Paçonun özü də karyerasını "Kamp Nou"da davam etdirmək perspektivinə müsbət yanaşır və klubunu dəyişməkdən məmnun olardı. Ancaq futbolçunun bu istəyi Luis Enrikenin mövqeyi ilə ziddiyyət təşkil edir.
İspaniyalı mütəxəssis ekvadorlu müdafiəçini öz oyun sistemi üçün demək olar ki, ideal futbolçu hesab edir və komandanın müdafiə xəttini onun iştirakı ilə qurmağa davam etmək niyyətindədir. Üstəlik, PSJ-nin baş məşqçisi Paçonun ayrılması ehtimalını müzakirə etməyə belə hazır deyil.
Qeyd edək ki, "Transfermarkt" portalı Paçonun bazar dəyərini 80 milyon avro (152,3 milyon manat) qiymətləndirir. Mərkəz müdafiəçiləri arasında yalnız "Arsenal"ın futbolçusu Vilyam Saliba və "Barselona"nın üzvü Pau Kubarsi daha yüksək qiymətləndirilirlər. Hər iki oyunçunun bazar dəyəri 100 milyon avro (190,4 milyon manat) təşkil edir.
Beləliklə, Paris klubu danışıqlara başlamağa razılıq verərsə, ekvadorlunun mümkün transferi müdafiəçilər arasında ən bahalı keçidlərdən birinə çevrilə bilər.