"Real Madrid"in yarımmüdafiəçisi Federiko Valverde İspaniya La Liqasında uzaq məsafədən vurduğu qollarla diqqətçəkən statistik göstəriciyə imza atıb.
İdman.Biz xəbər verir ki, uruqvaylı futbolçunun "Valensiya" ilə qarşılaşmada fərqlənməsindən sonra onun çempionatdakı qolları ilə bağlı maraqlı statistika açıqlanıb.
"MisterChip"in məlumatına əsasən, Valverdenin La Liqada vurduğu 26 qoldan 16-sı cərimə meydançasının kənarından qeydə alınıb. Bu isə onun çempionatdakı qollarının 62 faizini təşkil edir.
XXI əsrdə La Liqada qollarının böyük hissəsini uzaq məsafədən vuran futbolçular arasında Markos Assunsao (79 faiz), Roberto Karlos (70 faiz), Markos Senna (65 faiz) və Tiko (65 faiz) da yer alırlar.
Valverdenin 2017-ci ilin sentyabrında La Liqada debüt etməsindən bəri cərimə meydançasının kənarından yalnız Lionel Messi və Yaqo Aspas daha çox qol vurublar. Argentinalı futbolçu bu müddətdə 34, Aspas isə 20 dəfə uzaq məsafədən fərqlənib.