"Kəpəz"lə oyuna ciddi hazırlaşmışdıq. Onlar mövsümdə xal qazanmasa da, çox istəkli, təhlükəli komandadı. Ona görədə gəncəliləri ciddi rəqib hesab edərək meydana çıxmışdıq". Bu sözləri Sport24.az-a açıqlamasında Ülvi İsgəndərov deyib.
26 yaşlı hücumçu "Kəpəz"lə oyun barədə danışmaqla yanaşı, öz performasndan da söz açıb: "Kəpəz"lə oyunda deməzdim ki, əla oynadıq. İlk yarıda rəqib çox güclü müqavimət göstərməklə oyun planımızı pozdu. İstədiyim kimi meydanda yaradıcı ola bilmədik. Buna baxmayaraq, sona qədər xarakter göstərdik və istədiyimiz 3 xalı əldə etdik. Düşünürəm ki, bu qələbə qarşıdakı matçlar üçün bizə bir qədər də motivasiya verəcək. Bildiyiniz kimi ötən mövsüm zədə alıb xeyli müddət yaşıl meydandan kənarda qaldım. Şükürlər olsun artıq sağalmışam, ona görə də məşqlərdə maksimum çalışıram. Baş məşqçi də şans verdikcə özümü yaxşı tərəfdən göstərməyə çalışıram. Amma hələ istədiyim formaya düşmək üçün çox işləməliyəm".
İsgəndərov Naxçıvan təmsilçisinin qarşısına qoyulan hədəfdən də danışıb: "Bu gün desək ki, avrokuboklara düşmək uğrunda mübarizə aparırıq yalan olar. Biz hər oyuna maksimum nəticə göstərmək və bacardıqca irəli getmək istəyirik. Müəyyən vaxtdan sonra göstərdiyimiz nəticələrə və mövqeyimizə görə məqsəd dəyişə bilər. Amma bu gün oyun planında artırmaq və daha çox xal qazanmaqda maraqlıyıq".
Qeyd edək ki, Premyer Liqanın VI turu çərçivəsində "Araz-Naxçıvan" öz meydanında "Kəpəz"i 1:0 hesabı ilə məğlub edib.