Ukraynanın "Polesye" klubu futbolçusu Andrusv Arauxonun Venesuela millisinin heyətində Rusiya ilə yoldaşlıq görüşündə iştirak etməsinə icazə verməyib.
İdman.Biz xəbər verir ki, Jitomir təmsilçisi bununla bağlı Venesuela Futbol Federasiyasına rəsmi məlumat göndərib.
Venesuela millisi noyabrda iki yoldaşlıq görüşü keçirməyi planlaşdırır. Komanda noyabrın 14-də İspaniyanın Bilbao şəhərində Basklar ölkəsinin yığması, noyabrın 17-də isə Krasnodarda Rusiya millisi ilə qarşılaşacaq.
"Polesye" Arauxonun yalnız İspaniyada keçiriləcək oyunda iştirakına razılıq verib.
"Klub Andrusv Arauxonun Rusiyaya səfərinə və 17 noyabr 2026-cı il tarixinə planlaşdırılan yoldaşlıq görüşündə iştirakına icazə vermədiyini Venesuela Futbol Federasiyasına rəsmi şəkildə bildirib. Bu mövqe həmin oyunla bağlı məşqlərə, hazırlıq tədbirlərinə və digər fəaliyyətlərə də şamil olunur", - deyə klubun açıqlamasında bildirilir.
Ukrayna təmsilçisi futbolçunun milli komandadakı fəaliyyətinin və sonrakı səfər marşrutunun Rusiyaya gedişi tamamilə istisna etməli olduğunu vurğulayıb.
Klub eyni zamanda Arauxonun İspaniyada Basklar ölkəsinin yığmasına qarşı keçiriləcək matçda iştirakına etiraz etmədiyini açıqlayıb.