Ueyn Runi XXI əsrin ən parlaq ingiltərəli futbolçularından biri hesab olunur. "Mançester Yunayted" və İngiltərə millisinin tarixində ən yadda qalan hücumçulardan biri olan Runi qalmaqalları, qəribə həyat hekayələri, bəzən isə ziddiyyətləri ilə azarkeşlərin yaddaşında qalıb.
İdman.Biz 40 yaşlı Ueyn Runinin həyatının və karyerasının maraqlı məqamlarını əks etdirən yazını oxuculara təqdim edir.
Uşaqlıq illəri və inancı
Runi dindar katolik ailəsində böyüyüb. O, Katolik məktəbində oxuyarkən ən çox uğur qazandığı fənn məhz din dərsləri olub. Müəllimlərinin qeyd etdiyinə görə, o, İsa Məsihin həyatındakı hadisələri detallı şəkildə danışa bilib.
Amma Runi sakit uşaq olmayıb. Bir dəfə topu əlindən alındığına görə əsəbiləşib və məktəbin laboratoriyasının divarını ayaqları ilə təpikləyib. O bu hərəkətinə görə üç gün dərsdən uzaqlaşdırılıb.
Orta məktəbi bitirmədən tərk edən Runi "Everton"un əsas heyətinə qəbul olunub. Ən zəif olduğu fənlər ispan dili və coğrafiya imiş. Hətta bir dəfə Everton və Liverpulun iki fərqli və qonşu şəhərlər olduğunu zənn edib.

Özünüinkişaf və fobiyaları
Gənc futbolçu komanda yoldaşlarını daha yaxşı tanımaq üçün davamlı olaraq afroamerikalıların tarixi və din haqqında kitablar oxuyub. "Hər kəsin fərqli mədəniyyəti və hekayəsi var. Mən onları anlamaq üçün özümü maarifləndirirdim", - deyə Runi sonralar etiraf edib.
Beş yaşına qədər valideynləri ilə eyni yataqda yatıb. Belə ki, yeniyetmə Runi otağında sarı-yaşıl ruhların dolaşdığına inanıb. Maraqlıdır ki, "Mançester Yunayted"in ilk rəngləri də məhz sarı-yaşıl olub.
Runi yuxusuzluqdan əziyyət çəkirdi. O, yalnız fen üzünə isti hava üfürəndə yata bilirdi: "Əvvəllər fenlə yatırdım. Kolin (həyat yoldaşım) buna görə dəfələrlə əsəbləşirdi, neçə-neçə feni yandırmışam". Runi uşaqlıqdan "tənbəl göz sindromu" (ambliopiya) ilə mübarizə apardığı üçün bəzən eynək taxmalı olurdu.
"Everton"un uşağı, "Yunayted"in əfsanəsi
Runi futbolçu olarkən ailəsi "Everton"un qatı azarkeşləri olublar. Onu klub əfsanəsi Adrian Hitin şərəfinə adlandırmaq istəyirdilər. Ueyn isə öz dovşanına "Spido" adını vermişdi - bu, "Everton"u tərk edən Qari Spidə ithaf idi.
Cəmi doqquz yaşında o, "Everton"un ulduzu Dankan Ferqyusona həbsxanaya məktub yazır. Ferqyuson illər sonra həmin məktubu xatırlamış və Runiyə cavab göndərmişdi. 11 yaşında isə Runi artıq "Everton"un maskotu kimi Ferqyusonla birlikdə meydançaya çıxırdı. Beş il sonra isə onunla eyni komandanın əsas heyətində oynayacaqdı.
10 yaşında məşq zamanı klubun əfsanəsi Nevill Sautollun başı üzərindən qolu vurmuş, amma qapıçı bu hərəkətə əsəbiləşərək onu "balaca nadürüst" adlandırmışdı.
İlk uğurlar və idmançı intizamı
Runi bir dəfə "Liverpul"a baxışa "Everton" forması ilə gəlib. "Bu, məktəbdən çıxanda geyindiyim paltardır," – deyə o, sadəcə cavab vermişdi. Nəticədə "Liverpul" onu istəsə də, "Everton" daha çevik davranaraq Runiyə peşəkar müqavilə təklif edir.
14 yaşında futboldan bezərək boksla məşğul olmağı düşünür. Atası və əmisi boksla məşğul idi, lakin "Everton"un məşqçisi Kolin Harvi onu bu fikirdən daşındırır.
Elə həmin yaşda ilk agenti Piter Makintoş vasitəsilə klubla müqavilə bağlayır. O dövrdə həftəlik maaşı cəmi 75 funt idi. Bu məbləğ tikintidə fəhlə maaşından daha az sayılırdı.

Moyes, intizam və ilk qalmaqallar
"Everton"un baş məşqçisi Devid Moyes Runiyə davranış qaydalarını öyrədirdi. Bir dəfə jurnalistlərin qarşısında suyu birbaşa butulkadan içdiyinə görə onu sərt tənbeh etmişdi:
"Gələn dəfə o şüşəni yox, stəkanı istifadə et!"
"Mançester Yunayted"ə keçidi isə Evertonda faciə kimi qarşılandı. Qəzəbli azarkeşlər onun ailəsinə ölüm hədələri göndərir, Runi isə valideynləri üçün mühafizəçi tutmalı olurdu.
O, "Everton"dan gedişini bir SMS-lə izah etmişdi: "Mən klubu tərk etdim, çünki məni bezdirmişdilər.
İçki, təzyiq və özünlə mübarizə
Gənc yaşlarında Runi iki gün davam edən içki marafonları ilə stressdən qaçmağa çalışırdı. Səhər məşqlərinə isə göz damcısından istifadə edərək çıxırdı ki, gözlərinin qızartısı görünməsin.
"Amma indi etiraf edirəm ki, içki olmasaydı, karyeram daha uzun çəkərdi" – deyə U.Runi vburğulayıb.
Ser Aleks və "Mançester Yunayted"də parlayan dövr
Runi oyunlardan əvvəl dua edir, yatmazdan öncə isə gələcək matçların epizodlarını xəyalında canlandırırdı. "Xəyal etdiyim qol epizodları çox vaxt gerçəkləşirdi," – deyə o, sonradan bildirirdi.
Ser Aleks Ferqyusonun sərt iradları qarşısında susmayan azsaylı oyunçulardan biri idi: "Bəzən mən də qışqırırdım, amma etiraf edirəm, o demək olar ki, həmişə haqlı idi."
100-cü qolunu evdə Çin yeməyi ilə qeyd etmişdi. 2008-ci ildə İngiltərə Kubokunda qapıçı qırmızı vərəqə alanda qapıya keçmək istəmiş, amma Ferqyuson buna icazə verməmişdi. 26 yaşında saç əkdirərək zarafatların qarşısını almaq üçün bunu əvvəlcədən komanda yoldaşlarına demişdi.

Hədə-qorxu və inam
2010-cu ildə "Mançester Yunayted"i tərk edib "Mançester Siti"yə keçmək istədiyi barədə xəbərlər yayılanda azarkeşlər onun evinin qarşısına "Join City and Die" ("Siti"yə keçsən, öləcəksən") yazılmış plakat asmışdılar. Hətta gecə 3-də fanatlar onun evinə gələrək futbolçunu fikrindən daşındırmağa çalışmışdılar - halbuki Runi artıq klubla yeni müqavilə bağlamışdı.

Ailə, sevgi və həyat yoldaşı Kolin
Runi həyat yoldaşı Kolinlə 12 yaşında tanış olmuş, 22 yaşında evlənmişdi. Toy mərasimi Britaniyanın məşhur "OK!" Jurnalının yazdığına görə təxminən 2,5 milyon funt dəyərində başa gəlmişdi.
Həyat yoldaşı Kolin "Liverpul" azarkeşidir. Runi bu barədə gülərək danışırdı:
"2020-ci ildə ‘Liverpul" çempion olanda Kolin evin eyvanından klubun bayraq asmışdı. Ondan bayrağı yığmağını xahiş etdim, o da pəncərədən çıxıb eyvandakı bayrağı endirəndə qapını bağladım. Amma çox keçmədən açdım. Təbii ki, bu bir zarafat idi."

Toyda Runinin sevimli qrupu "Stereophonics" çıxış etmişdi. Qrupun "Just Enough Education To Perform" albomunun adını o, sağ biləyinə döymə kimi həkk etdirmişdi.
Yaradıcılıq, qumar və hobbilər
Runi boş vaxtlarında şeirlər və hekayələr yazır. Kolin bu qeydləri illərlə qoruyur və Runi vaxtaşırı oraya yeni əsərlərini əlavə edir.
Runinin həyatında zərərli vərdişlər də olub. O, bir dəfə kazino masasında cəmi iki saata 500 min funt uduzmuşdu. Sonradan bu hadisəni "sıxıntı və darıxmağı" ilə izah etmişdi.
Futbolçu "Harri Potter" seriyasının böyük pərəstişkarıdır, ən sevdiyi kitab "Harri Potter və fəlsəfə daşı"dır. Runi karaokeyə olan sevgisi ilə də tanınır - hətta evinə karaoke aparatı almışdı.

Məşqçi Runi və təvazökarlığın simvolu
Karyerasının son illərində ABŞ-da "DC United"də çıxış edən Runi burada da təvazökarlığı ilə fərqlənirdi. O, oyunçularla birlikdə ekonom sinifdə uçur, səfərlərdə otaqları bölüşürdü. Sonradan komanda üçün öz hesabına çarter reysləri təşkil edərək liqanı oyunçulara az maaş verdiyinə görə tənqid etmişdi.
"Derbi Kaunti"də baş məşqçi olarkən klub maliyyə böhranı yaşayanda, o öz cibindən komanda üçün avadanlıq alır, klubun səfər xərclərini ödəyirdi. Hətta iş yükü çox olduğundan bəzən ofisdə yatırdı.
Runi: Həqiqəti açıq deməkdən qorxmayan lider
Runi karyerası boyunca fikrini açıq söyləməsi ilə tanınıb. Məsələn, "Mançester Yunayted"ə yeni gələn Patrik Evra və Nemanya Vidiç barədə "onlar hələ bu klubun səviyyəsinə qalmayıblar" söyləyib. Evra müsahibələrinin birində etiraf etmişdi: "Komandada bir qayda vardı - istənilən şeyi açıq demək. Runi bunu hamıdan çox edirdi."

Miras və yadda qalan obraz
Ueyn Runi futbolda yalnız qolları ilə deyil, xarakteri, dürüstlüyü və bənzərsiz davranışları ilə tarixə düşüb. Uşaqlıqdan katolik inancına bağlı olan, amma həyatın ən sərt sınaqlarından keçmiş bu futbolçu, ingilis futbolunun həm ən parlaq, həm də ən qalmaqallı simalarından biri olaraq yadda qalacaq.