"Rəqibi yaxşı təhlil etmişdik, amma alınmadı. Bu cür oyunla məğlub olmaq həqiqətən də çox üzücüdür". Sport24.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycanın 16 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Aqil Nəbiyev III MDB Oyunlarında Rusiyaya 2:3 hesabı ilə məğlub olduqları final oyunundan sonra deyib.
O, məğlubiyyətin səbəblərini açıqlayıb: "Futbolçuların fiziki durumları ilə bağlı problemlərimiz var idi. Onları çox yükləyə bilmirik. Beynəlxalq təcrübəmiz də azdır. Bu səbəbdən əsasən də son dəqiqələrdə tab gətirə bilmədik. Rəqib futbolçular ard-arda qollar vurduqdan sonra komandamız ruhdan düşdü. Əslində hər iki hissədə futbolçularımız verilən tapşırıqları yerinə yetirə bildilər. Onları təbrik edirəm. Sözün əsl mənasında xarakter göstərdilər".