ABŞ Prezidenti Donald Tramp noyabrın 18-də (ABŞ vaxtı ilə) Portuqaliyanın dünya çempionatına (2026) rəsmi olaraq vəsiqə qazanmasından sonra ulduz futbolçu Kristianu Ronaldunu Ağ Evdə qəbul edəcək.
İdman.Biz xəbər verir ki, məlumatı Ağ Ev administrasiyasının mətbuat xidməti yayıb.
Məlumatda qeyd olunur ki, bu görüş 2026-cı ilin yayında ABŞ, Kanada və Meksikada keçiriləcək böyük futbol turnirinə hazırlıq dövründə ən əhəmiyyətli hadisələrdən biri hesab olunur.
Məlumat üçün əlavə edək ki, bundan əvvəl portuqaliyalı ulduz futbolçu Donald Trampa imzalı formasını göndərmiş, onun üzərində isə "Prezident Donald Tramp, futbolu dünyada sülh üçün oynayın" cümləsini yazılmışdı.
Ronaldu o zaman bildirmişdi ki, onun məqsədi qlobal miqyasda sülh ideyasını təbliğ etməkdir və o, Trampı vəziyyəti dəyişmək iqtidarında olan insan hesab edir.