"Barselona"nın növbəti mövsüm üçün əsas heyətdə düşünmədiyi Mark-Andre ter Ştegen karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Mançester Siti" almaniyalı qolkiperin xidmətində maraqlıdır.
Bu barədə "Diario AS" nəşri məlumat yayıb.
"Şəhərlilər"in baş məşqçisi Pep Qvardiola 33 yaşlı "əlcək sahibi"ni komandasında görmək istəyir. "Mançester Siti" təcrübəli futbolçu üçün İspaniya klubuna təklif göndərəcək.
Qeyd edək ki, "Barselona" Mark-Andre ter Ştegeni 2014-cü ilin yayında Münhenqladbax "Borussiya"sından transfer edib. Almaniya millisinin üzvü ötən mövsüm Kataloniya təmsilçisinin heyətində 9 rəsmi matçda meydana çıxıb.