İspaniyanın "Tenerife" klubu futbol meydanında aldığı zədədən sonra həyatını itirən hücumçusu Xesus de Migelin biryaşlı qızına 18 yaşına qədər maddi dəstək göstərəcək.
İdman.Biz xəbər verir ki, bu barədə klubun baş direktoru Antonio Manuel Porro Qranados açıqlama verib. Onun sözlərinə görə, "Tenerife" futbolçunun ailəsinə qanunla nəzərdə tutulan öhdəliklərdən daha geniş yardım etməyi planlaşdırır.
"Planımız qızın yanında olmaq və bütün "Tenerife" ailəsinin ona dəstək göstərməsini təmin etməkdir. Ən azı yetkinlik yaşına çatana qədər onun yanında olmaq istəyirik. Bu təşəbbüs əsas səhmdarımız Rayko Qarsiyadan gəlib və hamımız onu dəstəkləyirik. Bu, klubumuzun futbolçunun ailəsi və qızı Karla qarşısında götürdüyü öhdəlikdir", - deyə Qranados bildirib.
Klub rəsmisi ailəyə maddi yardımın artırılması üçün əlavə imkanların da araşdırıldığını açıqlayıb.
Futbol ictimaiyyəti də mərhum oyunçunun yaxınlarına dəstək göstərir. "Burqos" klubu "Tenerife" ilə keçirəcəyi oyundan əldə olunan bilet gəlirlərini ailəyə bağışlamaq niyyətindədir. "Mançester Yunayted" isə İspaniya təmsilçisinə başsağlığı göndərib.
Bundan başqa, "Erkules"in hücumçusu Fran Sol futbolçunun ailəsi üçün ianə kampaniyasına başlayıb. Aksiyaya Alvaro Morata və Aleks Baena da daxil olmaqla bir sıra tanınmış futbolçular və azarkeşlər qoşulublar.
Xatırladaq ki, 30 yaşlı Xesus de Migel noyabrın 2-də İspaniya Sequndasının 12-ci turunda "Andorra" ilə keçirilən qarşılaşmada rəqib qapıçı ilə toqquşaraq ağır xəsarət alıb. Futbolçu noyabrın 3-də həyatını itirib.