"Sumqayıt"ın kapitanı Vüqar Mustafayev "Report"a müsahibə verib. Azərbaycan çempionatlarında 250-ci matçını keçirən 30 yaşlı futbolçu bununla bağlı fikirlərini bölüşüb. Bu müddət ərzində karyerasında yaşadığı məqamlara toxunan futbolçu onun üçün əhəmiyyətli sayılan dönəmlərdən danışıb. "Sumqayıt"ın çıxışı ilə yanaşı, milli haqqında da düşüncələrini bölüşən Mustafayev cari mövsümün sonunda karyerasını bitirmək istədiyini nəzərə çatdırıb. Bununla yanaşı, növbəti mövsümdən Misli Premyer Liqasında limitin ləğv olunması və komanda sayının artırılmasına da münasibət bildirib.
- Azərbaycan çempionatlarında 250-ci oyununuzu keçirdiniz. Bu rəqəm 30 yaşa görə azdır, yoxsa qənaətbəxş saymaq olar?
- Futbola başladığım dönəmdən bu günə qədər zədələrdən çox əziyyət çəkmişəm. 4 dəfə əməliyyat keçirmişəm, ayağım sınıb. Bütün bunların fonunda Azərbaycan Premyer Liqasında 250 matça çıxmağım normaldır.
- Keçirdiyiniz mövsümlərdən sizin üçün ən yaddaqalanı hansılar olub?
- Daha çox "Zirə"də çıxış etdiyim vaxt, ikinci yeri tutduğumuz mövsüm mənim üçün yaddaqalan olub. Komanda ilk dəfə idi Premyer Liqada çıxış edirdi. Ancaq həmin il avrokuboklarda oynaya bilmədik. Bunun üçün ölkə çempionatında oynadığımız üçün tələb olunan müddət az idi. Çempionatda isə yaxşı mübarizə apardıq. Həmçinin "Sumqayıt"ın heyətində UEFA Avropa Liqasına vəsiqə qazandığımız mövsümü qeyd edərdim. Klubun tarixində qazanılan ilk belə uğurda mənim də payım olduğuna görə çox xoşbəxtəm. Bu mövsümlərin karyeramda yeri başqadır. Təbii ki, oynadığım hər mövsümün xüsusi yeri var. Lakin bu illəri karyeramdakı əhəmiyyətinə görə daha çox vurğulayardım. Robert Prosineçkinin dönəmində Azərbaycan millisinə dəvət aldığım illər də mənim üçün yaddaqalan idi. Qısa müddət toplanışda oldum.
- Zədələr, ağrılar səbəbindən meydana çıxmaq şanslarınızın az olduğunu dediniz. Mövsümün sonunda karyeranızı bitirmək fikriniz var?
- Əslində, 29-30 yaş futbolçu üçün həm təcrübə, həm də oyun baxımından çox yaxşı dönəmdir. Özünü daha yaxşı hiss edirsən. Son 3 ildə dizimdəki ağrılardan əziyyət çəkirdim. Bəlkə də bunu çox adam bilmir, iki mövsümdür demək olar bütün oyunlara iynənin köməyi ilə çıxıram. Böyük ehtimalla məcburiyyət qarşısında mövsümün sonunda karyeramı bitirəcəyəm. Düzdür, futboldan çörək qazanmışam, bunu heç vaxt dana bilmərəm. Amma sağlamlıq hər şeydən önəmlidir.
- Məşqçilik kurslarında iştirak edirsiniz. Karyeranızı bitirdikdən sonra yəqin ki, məşqçiliyə başlayacaqsınız. Ümumiyyətlə, gələcək planlarınız necədir?
- Bəli, kurslara qatılıram, məşqçi kimi davam etmək niyyətim var. Ümid edirəm ki, istəyimə nail olacam.
- Məşqçiliklə bağlı planlarınız necədir? Yəqin ki, uşaq futbolundan başlayacaqsınız...
- Klub rəhbərliyi ilə öncədən danışmışdıq və karyeramı bitirmək istəyimlə bağlı məlumat vermişdim. Sağ olsunlar, kapitan kimi daha bir il kömək etməyimi istədilər. Ancaq onlara bunun mümkünsüzlüyünü bildirdim. Bununla yanaşı, klubun aşağı yaş qruplarından başlamağı təklif etdilər. Başqa təkliflər də var, karyeramı bitirdikdən sonra qərar verməliyəm.
- Artıq mövsümün sonuna yaxınlaşırıq, "Sumqayıt"ın bu müddət ərzindəki çıxışını necə dəyərləndirirsiniz?
- Mövsümə başlayanda hədəflərimiz fərqli idi. Avrokuboklara vəsiqə qazanmaq uğrunda mübarizə aparmaq istəyirdik. Mövsümə pis başlamamışdıq. Sonradan toparlanıb davamını gətirə bilmədik. İndi isə məqsədimiz Premyer Liqada qalmaqdır.
- Komandanı geri salan nə oldu?
- Ötən mövsüm bitdikdən sonra bir neçə aparıcı oyunçu getdi. Yeni gələnlər isə komandaya uyğunlaşmaqda çətinlik çəkdilər. Kollektiv bir-birinə gec öyrəşdi, sonradan ayrılanlar da oldu. Nəticədə kollektiv optimal formaya düşə bilmədi. Ötən mövsüm avrokuboklarda göstərdiyimiz nəticənin də müəyyən təsirləri var idi. Çünki Macarıstan təmsilçisi keçə biləcəyimiz rəqib idi. Ən azı bir mərhələ adlamaq istəyirdik. Əfsuslar olsun ki, istəyimiz reallaşmadı.
- Növbəti mövsümdən ölkə çempionatında legioner limiti ləğv olunacaq. Bu, futbol ictimaiyyəti arasında birmənalı qarşılanmır. Sizcə, limitin ləğvi Azərbaycan futboluna necə təsir göstərə bilər?
- Açığı, kimin haqlı və ya haqsız olduğunu zaman göstərəcək. Lakin mən bir azərbaycanlı kimi istərdim ki, hər klubda yerli futbolçular oynasın və inkişaf etsinlər. Başa düşürəm, bir çoxları azərbaycanlı futbolçuların xaricdə oynamasının tərəfdarı olduğu üçün limitin ləğvinə fərqli yanaşır. Mən də buna qarşı deyiləm, amma indiyə qədər belə olmayıb axı. Düşünürəm ki, yerlilər oynadıqca inkişaf edəcək və bu, yığmaya da yaxşı təsir göstərəcək. İstərdim ki, tamamilə ləğv etməsinlər, ən azı 3 yerli oyunçunun heyətdə daimi çıxışına şərait yaradılsın. Yenə də qərarlara hörmətlə yanaşıram. Sadəcə, düşüncələrimi bölüşdüm.
- Karyeranız ərzində xaricdə oynamaq imkanınız olub? Hansısa klubdan rəsmi təklif almısınız?
- Təxminən iki il əvvəl, "Sumqayıt"da oynayarkən Qazaxıstanın "Tobol" klubundan təklif almışdım. Lakin zədələr səbəbindən qəbul edə bilmədim. Azərbaycanı xaricdə təmsil edəcəyim üçün oraya yaxşı formada getmək istəyirdim. Rəqabətdən çəkinmirdim, sadəcə, zədə səbəbindən alınmadı.
- Premyer Liqada komanda sayının artırılması ilə bağlı düşüncələriniz necədir?
- Limitin ləğvi xoş olmasa da, komanda sayının artırılması həqiqətən çox yaxşıdır. Ümid edirəm ki, gələcəkdə say daha çox olacaq. Ancaq əsas liqaya yüksələn komandaların strukturu, aşağı yaş qrupları yaxşı səviyyədə olmalıdır.
- Azərbaycan yığmasının çıxışını necə qiymətləndirisiniz? Neçə oyundur qələbəyə həsrətik və baş məşqçi Fernandu Santuşla bağlı fikirlər birmənalı deyil.
- Tam səmimi deyirəm, milli üzvlərinin hamısının potensialı var. Bu yığma ilə İsveçi məğlub etmişik. Uduzanda futbolçuların və baş məşqçinin tənqid olunması normaldır. Ancaq şəxsi fikrimdir, millidə yerli baş məşqçinin olması daha yaxşıdır. Çünki yerlilər futbolçularımızın mentalitetini, düşüncəsini daha yaxşı bilirlər. Fernandu Santuşun pis məşqçi olduğunu demək istəmirəm. Onun zəngin karyerası, titulları var. Sadəcə, bizim futbolçuları daha yaxşı tanıyan məşqçi gəlsə, fəqli kollektiv görə biləcəyimizi düşünürəm.
- Ümumiyyətlə, millidə oynamaq haqqı olan, lakin kənarda qalan futbolçular var?
- Bəli, elə öz komanda yoldaşlarımdan Elvin Bədəlovu, Murad Xaçayevi, Rövlan Muradovu qeyd edərdim. Son vaxtlar Səbuhi Abdullazadəni dəvət etmişdilər. Gözümün qarşısında olduqlarına görə deyirəm, bu futbolçular da yığmaya dəvət almalı idilər. Lakin baş məşqçinin hansı ideya ilə yanaşdığını, nə düşündüyünü deyə bilmərəm. Hər halda, öz qərarıdır. Bəlkə də fərqli düşünüb, amma istədiyi kimi alınmayıb.
- Karyeranızı bitirəcəyiniz təqdirdə vida matçı keçirmək fikriniz var?
- Açığı, bu barədə düşünməmişəm. Çox təmtəraqlı mərasim istəmirəm. Hər halda, klub rəhbərliyi ilə məsləhətləşərəm.
Sportnews.az — idman dünyasında baş verən əsas hadisələrə həsr olunmuş aparıcı idman portalıdır. Biz hər gün ən son xəbərləri, oyun nəticələrini, müsahibələri, analizləri və proqnozları təqdim edirik.
Saytımızda siz tapa bilərsiniz:
Futbol: yerli və beynəlxalq liqalar, xüsusi diqqət — "Qarabağ" FK
Tennis, şahmat, gimnastika, voleybol, basketbol
Döyüş növləri: boks, güləş, cüdo
Formula 1 və Olimpiya Oyunları
Eləcə də diqqətəlayiq digər idman növləri
Biz azərbaycanlı idmançıların uğurlarını izləyirik, mühüm turnirləri işıqlandırırıq, yığmaların hazırlığı və fərdi nailiyyətlər barədə məlumat veririk. Bütün materiallar faktlara, ekspert şərhlərinə və keyfiyyətli təqdimata əsaslanır.
Niyə məhz Sportnews.az:
Yalnız aktual və etibarlı xəbərlər
Azərbaycan və dünya idmanının tam əhatəsi
Rahat struktur, müntəzəm yenilənmələr, obyektiv baxış
Əsas idman xəbərlərindən xəbərdar olmaq üçün bizimlə qalın.
Sportnews.az — burada idman ucadan danışır.