Bu gün Olimpiya çempionu İqor Ponomaryovu 65 illik yubileyidir. Sport24.az xəbər verir ki, bu münasbətlə AFFA rəhbərliyi veteran futbolçunu təbrik edib, ona cansağlığı və uğurlar arzulayıb.
"Neftçi"nin sabiq 9 nömrəsinə xatirə hədiyyəsi təqdim olunub.
Ponomaryov futbolçu karyerası ərzində SSRİ yığmasının heyətində gənclər arasında dünya çempionatının gümüş (1979), Avropa çempionatının qızıl (1980), medallarını qazanıb. 1988-ci ildə SSRİ yığmasının heyətində olimpiya çempionu olan Ponomaryov, buna nail olmuş yeganə azərbaycanlı futbolçudur.
O, ardıcıl 24 penalti zərbəsini dəqiq yerinə yetirərək, SSRİ çempionatında rekord göstəriciyə imza atıb. SSRİ çempionatında "Neftçi" və ÇSKA (Moskva, Rusiya) komandalarında çıxış etmiş İqor Ponomaryov yüksək liqanın 100 ən yaxşı bombardiri siyahısına daxil olub.
Ponomaryov 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkədə idmanın inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.