"Yuventus" "Napoli"nin yarımmüdafiəçisi Zambo Anqissanın transferini nəzərdən keçirir.
İdman.Biz "Tuttojuve"yə istinadən xəbər verir ki, kamerunlu futbolçu baş məşqçi Luçano Spallettinin orta xətti gücləndirmək üçün üstünlük verdiyi namizəddir.
Spalletti daha əvvəl "Napoli"də Anqissa ilə birlikdə çalışıb və A Seriyasında çempionluq yaşayıb. Mütəxəssis onun "Yuventus"un yarımmüdafiəsinə fiziki güc, keyfiyyət və balans gətirəcəyinə inanır.
Anqissanın "Napoli" ilə müqaviləsi 2027-ci ildə başa çatır. Yeni anlaşma üzrə danışıqlar maaş məsələsindəki fikir ayrılığına görə dayanıb. Futbolçu illik altı milyon avro (11,42 milyon manat) maaşla dördillik müqavilə istəyir. Klub isə ona mövsümə dörd milyon avro maaşla uzadılma opsiyası olan birillik anlaşma təklif edib.
Yarımmüdafiəçinin qış transfer pəncərəsində ayrılması istisna olunmur. Bununla belə, "Napoli"nin prezidenti Aurelio De Laurentis onu "Yuventus"a satmağa həvəsli deyil.
Anqissanın maaş tələbi hazırda Turin klubunun maliyyə imkanlarını da aşır. Bu səbəbdən "Yuventus" yaya qədər gözləyərək futbolçunu azad agent kimi heyətinə qatmağa çalışa bilər.
Qeyd edək ki, Spalletti yarımmüdafiəçi ilə yanaşı, hücumçu və sol cinah oyunçusu transferini də istəyir.