"Çelsi" və Seneqal millisinin sabiq hücumçusu Demba Ba Fransanın "Havr" klubunun idman direktoru vəzifəsindən ayrılmaq qərarına gəlib.
İdman.Biz "L"Équipe" nəşrinə istinadən xəbər verir ki, keçmiş futbolçunun bu addımı klub rəhbərliyində yaranmış böhranla əlaqədardır.
İyunun 19-da vəzifəyə təyin olunan Demba Ba "Havr"da cəmi dörd aydan bir qədər çox çalışıb.
Bundan əvvəl klub baş məşqçi Didye Diqarla yollarını ayırıb. Bu qərara etiraz edən prezident Jan-Mişel Russye də istefa verib.
Beləliklə, "Havr" qısa müddətdə rəhbər heyətinin üç əsas nümayəndəsini itirib. Kluba sahiblik edən Blue Crow investisiya qrupunun indi idarəetmə strukturunu yenidən formalaşdırması gözlənilir.
Demba Banın köməkçisi Kventin Rozienin idman direktoru vəzifəsini müvəqqəti icra edə biləcəyi bildirilir.
Qeyd edək ki, "Havr" cari mövsüm Liqa 1-də uğursuz çıxış edir. Komanda doqquz turdan sonra cəmi iki xal toplayaraq turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.