44 günlük Vətən Müharibəsinin şəhidi Miqdad Abduləlimovun anası Tünzalə Abduləlimova Qubada futbol klubu yaradıb.
Bu barədə Şimal Regional Futbol Federasiyasının İcraiyyə Komitəsinin üzvü Akif Əliyev sportify.az-a məlumat verib.
Onun sözlərinə görə, görə, T.Abduləlimova komandaya "Vətən Naminə" adını verib.
Akif Əliyev
Klub yenicə start götürən AFFA Region Liqasının Şimal zonası üzrə B qrupunda mübarizə aparır. Komandanın baş məşqçisi Kamran Nurəhmədovdur. "Vətən naminə" ev oyunlarını Qusarın Şirvanlı kəndində keçirəcək.
Hazırda kollektiv ilk turun "Qobustan"a qarşı səfər matçında mübarizə aparır. Oyun Bakının Qaradağ rayonunun Şıxlar qəsəbə stadionunda təşkil olunub.
T.Abduləlimova həm də "Vətən naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyin sədridir.
Qeyd edək ki, Miqdad Faiq oğlu Abduləlimov 23 mart 2002-ci ildə Quba rayonunda dünyaya göz açıb, şəhid Hacıbaba Əliyev adına 1 saylı Tam Orta Məktəbi bitirdikdən sonra "ASAN Xidmət"də çalışmağa başlayıb və 2019-cu ildə Baki Dövlət İqtisad Kollecinə qəbul olub. 4 aprel 2020-ci ildə təhsilini donduraraq hərbi xidmətə könüllü yollanıb.

Miqdad Abduləlimov
Azərbaycan Ordusunun əsgəri olan Miqdad Abduləlimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak edib. 28 sentyabr 2020-ci ildə Tərtər istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olub.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə Miqdad Abduləlimov ölümündən sonra "Vətən uğrunda", "Laçının azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə" medalı və III dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.