"Bilmirəm bu söz-söhbət hardan ortaya çıxıb. Özünüz də gördüz ki, komanda ilə məşqə çıxmışam. "Neftçi"də baş verən proseslərdən xəbərim yoxdu. Mənim heç hara getmək fikirim yoxdu". Bu sözləri Sport24.az-a açıqlamasında "Sumqayıt"ın baş məşqçisi Samir Abasov deyib.
Son günlər 46 yaşlı mütəxəssisin adı "Neftçi" ilə yanaşı hallanırdı. Yayılan xəbərlərə görə, Abasov "ağ-qaralar"ın "sükanı arxasına" keçəcək. Ancaq "kimyaçılar"ın çalışdırıcısı iş yerini dəyişmək fikrinin olmadını vurğulayıb: "Neftçi"dən təklif almamışam. Aramızda heç bir sövdələşmə, danışıq, şərt olmayıb. Ola bilsin, "ağ-qaralar"ın azarkeşləri sosial şəbəkələrdə mənim adımı çəkirlər, "Neftçi"yə dönməyimi istəyirlər. Ancaq yenə deyirəm, "Neftçi" ilə heç bir danışığım olmayıb".
Qeyd edək ki, Roman Qriqorçukun gedişindən sonra paytaxt klubunun baş məşqçi postu boş qalıb.