"Sabah"ın U-14 komandasının baş məşqçisi İlqar Mənsimov Qazaxıstanın Konayev şəhərində keçirilən "Qonaev City Cup" beynəlxalq turnirinin qalibi olmaları barədə təəssüratlarını bölüşüb.
Mütəxəssis bu barədə "Report"a danışıb.
"İstənilən beynəlxalq turnirin uşaqlara təsiri olduqca böyükdür. Bu turnir də komanda üzvlərində çox xoş təəssüratlar yaratdı. Bizim üçün burada nəticədən daha vacibi uşaqların ölkə xaricində oyun təcrübəsi qazanması, fərqli mühitlərdə özlərini sınamaları idi. Azyaşlı futbolçuların belə turnirlərdə iştirak etmələri, başqa ölkələrdən olan həmyaşıdları ilə tanış olub ünsiyyət qurmaları, fərqli oyun üslubları ilə qarşılaşmaları onların inkişafında mühüm rol oynayır. Əlbəttə, çempionluq da istənilən halda sevindirici və dəyərlidir", - deyə o bildirib.
İ.Mənsimov komandadan razı qaldığını vurğulayıb:
"Turnir boyunca uşaqların həm davranışları, həm də meydandakı çıxışlarından tam razı qaldım. Onlar həm komanda mədəniyyətini, həm də meydanda peşəkar yanaşmanı nümayiş etdirdilər. "Sabah" Futbol Akademiyası hər zaman aşağı yaş qruplarının beynəlxalq turnirlərdə iştirakını dəstəkləyib. Qarşıda başqa komandalarımızın da müxtəlif beynəlxalq turnirlərdə iştirakı gözlənilir".
Qeyd edək ki, "Sabah" turnirin final matçında yerli "OSDYŞ Konayev" komandasını 9:0 hesabı ilə üstələyərək çempion olub.