top
Roy Kehat: Oğlum artıq hamımızdan yaxşı Azərbaycan dilində danışır və mənə tərcüməçi lazım olanda ona müraciət edirəm. Idman.biz
Bu gün, 15:33
- +

Roy Kehat: "Oğlum artıq hamımızdan yaxşı Azərbaycan dilində danışır və mənə tərcüməçi lazım olanda ona müraciət edirəm."

İsraildən olan, artıq üçüncü mövsümdür "Sumqayıt" futbol klubunun formasını geyinən təcrübəli futbolçu Roy Kehat 2025-ci ildə klubla müqaviləsini daha iki il uzadıb. "Sumqayıt"dakı fəaliyyəti dövründə o, təkcə komandanın liderlərindən birinə çevrilməyib, həm də Azərbaycan həyatına və mədəniyyətinə uyğunlaşıb. R. Kehat Bakıya ailəsi ilə köçüb. Futbolçunun üç övladı var, kiçik qızı isə ötən il Azərbaycanda dünyaya gəlib.

İdman.Biz Roy Kehatla Premyer Liqa, "Sumqayıt", onun Azərbaycandakı həyatı və ailəsi barədə söhbət edib.

- Bu, "Sumqayıt"dakı üçüncü mövsümünüzdür. Bu müddətdə komanda necə dəyişib?

- Komanda tamamilə dəyişib. 2023-cü ildə biz bir heyətlə başlamışdıq. Futbolçular arasında əla uyğunluq var idi, yaxşı nəticələr də əldə edirdik. Lakin bir çox oyunçunun müqaviləsi başa çatdı və onlar ayrıldılar.

İkinci mövsümümün əvvəlində Avrokuboklar uğrunda mübarizə aparacaq güclü heyət formalaşdırmaq alınmadı. Ümumilikdə ikinci mövsüm uğursuz oldu. Turnir cədvəlinin aşağı hissəsində qərarlaşdıq.

Bu mövsüm isə kifayət qədər yaxşı heyətimiz var. Əsas vəzifə yeni və köhnə futbolçuları birləşdirmək, yaxşı əlaqə qurmaq, düzgün uyğunlaşmalar və optimal mövqelər tapmaq idi. Məşqçilər korpusu bunun öhdəsindən əla gəlir. Biz irəli addım atmışıq. Öz oyun üslubumuz və prinsiplərimiz formalaşıb, güclü və zəif tərəflərimizi bilirik.

- Hansı mövsümdə komandanın oyun üslubu sizə daha çox xoş gəlirdi?

- Düşünürəm ki, ilk mövsümüm və indiki mövsüm. Onlar bir qədər fərqlidir, çünki birinci ildə Samir Abbasov var idi, indi isə Saşa İliçdir. Hər məşqçi komandadan fərqli tələblər qoyur. Əvvəllər yarımmüdafiədən daha fəal istifadə edirdik, daha çox kombinasiyalar qurur, topu mərkəzdən irəli aparmağa çalışırdıq. Bu mövsüm isə gücümüz daha çox cinahlardan gəlir. Amma hər iki yanaşma mənim xoşuma gəlir.

- Siz komandanın ən təcrübəli futbolçularından birisiniz. Məşqçilər korpusu sizinlə məsləhətləşirmi?

- Düşünürəm ki, bu, həm oyun təcrübəm, həm də yaşımla bağlıdır. Hələ ilk ildən Samir Abbasov bəzən mənimlə söhbət edirdi, məşqdən sonra birlikdə oturub komandadakı müxtəlif situasiyaları müzakirə edirdik.

İndi isə yeni məşqçilər korpusu – Azərbaycanla yenicə tanış olan avropalı mütəxəssislər – klub, liqa və digər məsələlərlə bağlı suallar verirdilər, daha çox məlumat almaq istəyirdilər.

- 2025/2026 mövsümünün ilk yarısını komanda üçün necə qiymətləndirərdiniz?

- Nəticələrdən razı qala bilərik: turnir cədvəlinin ortasındayıq, amma hələ də "top-4", hətta "top-3" uğrunda mübarizə apara bilərik. Əgər bu yerləri tutmaq istəyiriksə, inkişaf etməliyik. Qapımızı daha çox "toxunulmaz" saxlamalıyıq. Adətən müdafiədə etibarlı oynamağı bacaran komandalar – məsələn, ötən mövsüm "Araz-Naxçıvan" – sonda qol vurmağın və xal qazanmağın yolunu tapırlar.

- Komandanın Avrokuboklara vəsiqə qazanmaq şansı varmı?

- Bu cür suallara mövsümün sonuna yaxın cavab vermək daha düzgündür. Çempionat ərzində komandaların tez-tez böhranlı mərhələləri olur – qələbəsiz seriyalar, xal itkiləri. Əgər ilk üçlükdə və ya dördlükdə qalmaq istəyiriksə, psixoloji baxımdan çox güclü və fiziki cəhətdən daim hazır olmalıyıq. Heyətin genişlənməsi məni sevindirir, start heyəti və ehtiyatdan gücləndirmə üçün daha çox variantımız var. Bu, məqsədlərimizə çatmağa kömək edə bilər və onda artıq real olaraq Avropaya çıxış şanslarından danışmaq mümkün olacaq.

- Mövsümün ilk yarısından sonra ən çox müzakirə olunan mövzulardan biri "Sabah"ın liderliyi idi. Bu, sizin üçün sürpriz oldumu?

- Xeyr, çünki çempionat ərzində onların keyfiyyətini, futbolçularını və oyun üslubunu görürdüm. Yaxşı futbol nümayiş etdirirlər və layiqincə birinci yerdədirlər. Bunu "Qarabağ"la oyunlarda da gördük – onlarla üz-üzə oynadılar və son matçda qalib gəldilər.

Çox maraqlı olacaq görək, bu mövqeyi qoruya biləcəklərmi. Ötən illərdə elə dövrlər olub ki, çox xal itirir və "Qarabağ"dan geri qalırdılar. "Sabah" lider olsa da, düşünürəm ki, təcrübə və Çempionlar Liqası oyunları başa çatdıqdan sonra çempionata daha çox fokuslanacaq "Qarabağ" üçün birinci yeri geri almaq şansı yüksək olacaq və "Sabah" üçün liderliyi qorumaq çətin olacaq.

- "Sabah"ın liderliyi digər klublara da motivasiya verir?

- Bəli, şübhəsiz. Real yanaşsaq, "Sumqayıt"ın büdcəsi "Neftçi", "Sabah" və ya "Qarabağ" kimi klublarla müqayisədə xeyli azdır. Bu isə onların daha keyfiyyətli futbolçular dəvət etməsinə imkan yaradır və bizim kimi komandalar üçün çempionluq uğrunda mübarizəni çətinləşdirir.

Amma böyük imkanlara malik klublar üçün bu, siqnaldır ki, hazırda titul uğrunda mübarizə aparmaq realdır. Bu da sponsorları və klub sahiblərini daha çox vəsait yatırmağa və növbəti illərdə çempionluq üçün mübarizə aparmağa motivasiya edə bilər.

- Azərbaycandakı həyatınız barədə danışaq. Ailəniz tam uyğunlaşa bilibmi?

- Gəlməzdən əvvəl nə ilə qarşılaşacağımı bilmirdim, əvvəllər Azərbaycanda oynamış futbolçularla danışmışdım və onlar təcrübələri barədə müsbət danışırdılar. Buraya gələndə hər şey çox xoşumuza gəldi və bu bir neçə il ərzində tam uyğunlaşdıq. Sadəcə uşaqlara bir qədər çox vaxt lazım oldu, çünki o zaman ingilis dilini bilmirdilər. Mən evdə onlarla yalnız ingiliscə danışmağa başladım ki, dili daha tez öyrənsinlər.

Oğlum isə indi artıq hamımızdan yaxşı Azərbaycan dilində danışır. Mənə tərcüməçi lazım olanda ona müraciət edirəm. O, dili digər uşaqlarla ünsiyyət sayəsində öyrənib. Bura gələndə onun cəmi üç yaşı var idi. İndi isə doğrudan da yaxşı danışır və bizə kömək edir.

Azərbaycanda həyat çox xoşumuza gəlir. Həyat keyfiyyəti yüksəkdir, başqa yerlərdə çətin olan bir çox şeyə burada imkan tapırıq. Bakı möhtəşəm şəhərdir. Azərbaycanlılar isə çox mehriban, qonaqpərvər və səmimidirlər. Bu, bir çox cəhətdən bizə İsraildəki insanları xatırladır.

- Bəs Azərbaycan mədəniyyəti və mətbəxi barədə nə deyə bilərsiniz?

- Uşaqlarımın artıq məktəb vasitəsilə Azərbaycan mədəniyyətinin bir hissəsinə çevrilməsi xoşuma gəlir. Onlar orada Novruz kimi bayramları qeyd edirlər. Mədəniyyətlə bu cür bağlılıq çox gözəldir.

Mətbəxə gəlincə, sevdiyim yeməklərdən biri düşbərədir. Sumqayıtda isə məncə, ən yaxşı qutab hazırlanır, onu çox sevirəm.

- Ətli, yoxsa göyərtili?

- Ətli daha çox xoşuma gəlir (gülümsəyir), amma pendirli və göyərtili də dadlıdır.

- İsrail ənənələrinə Azərbaycanda əməl edirsinizmi?

- Əlbəttə. Məsələn, bütün bayramları İsraildə olduğu kimi qeyd edirik. Bakıda yəhudi icması var və biz birlikdə, məsələn, Purim bayramını qeyd edirik – bu, bir növ Hellouinə bənzəyir, kostyum geyinirik.

Bakıda yəhudi dostlarımız var və demək olar ki, hər bayram bir araya gəlib şam yeməyi yeyir, dua edirik. Eyni inanca malik insanların yaxınlıqda olması çox vacibdir, xüsusən də uşaqlar naminə ənənələri qorumaq üçün.

- Uşaqlardan söz düşmüşkən, onlar futbola maraq göstərirlər?

Bəli, futbola maraq göstərirlər, həftədə üç dəfə məşqlərə gedirlər və bunu çox sevirlər. Çox istedadlıdırlar. Hətta böyük qızım – doqquz yaşı tamam olmaq üzrədir – məşqçi deyib ki, çox yaxşıdır və gələn il qızlar liqasında oynaya bilər.

Oğlum da istedadlıdır, baxmayaraq ki, hələ balacadır, cəmi beş yaşı var. Stadion ab-havasını çox sevirlər, oyunlara gələndə atalarını meydanda görmək onlar üçün xüsusi hissdir, bunun bir parçası olmaq istəyirlər. Peşəkar olub-olmayacaqlarını bilmirəm, amma kim olmaq istəsələr, onları məcbur etməyəcəyəm. Atam da mənə heç vaxt təzyiq göstərməyib və mən də eyni cür davranacağam – seçimlərində onları dəstəkləyəcəyəm.

- Yəqin ki, məktəbdə sinif yoldaşları onların futbolçu ailəsindən olduğunu bilirlər...

- Bəli. Məktəbdən götürməyə gələndə bəzən uşaqlar mənimlə şəkil çəkdirmək istəyirlər. Uşaqlarımın xoşuna gəlir – mənə heyranlıq duyulduğunu hiss edirlər. Məktəbimizdə "Araz-Naxçıvan", "Qarabağ" və "Sabah" futbolçularının övladları da oxuyur, yəni futbolçular kifayət qədərdir. Futbola baxan uşaqlar bizi tez-tez tanıyırlar.

- Böyük övladlarınızın yaş fərqi azdır. Bu yaşda uşaqların yola getməsi çətin olur. Sizdə necədir?

- Hər gün dəyişir (gülür). Elə günlər olur ki, bir-birlərini çox sevirlər, elə günlər də olur ki, dalaşır, ağlayırlar. Amma düzünü desəm, möhtəşəm bacı-qardaşdırlar, bir-birlərinin qayğısına qalırlar. Bir dəfə böyük qızım qan analizi verməkdən qorxurdu, oğlum yaxınlaşıb onu qucaqladı, dəstək oldu. Bir-birlərinə qarşı çox diqqətlidirlər və bunu izləmək xoşdur. Kiçik bacılarına münasibətləri isə xüsusilə təsirlidir.

- Həyat yoldaşınız üçün Azərbaycanda uşaq böyütmək necədir?

- Dünyada bütün futbolçular üçün bir qayda var: əgər həyat yoldaşın xoşbəxt deyilsə, sənə çox çətin olacaq. Burada həyatımızın yaxşı olmasının və mənim futbolda uğurlu çıxış etməyimin əsas səbəblərindən biri həyat yoldaşımın xoşbəxt olmasıdır. Ona Azərbaycandakı həyat xoş gəlir, Bakıda pilates təlimatçısı kimi çalışır və özünü realizə edir. Həyat yoldaşının öz işi olanda, özünü bu yerin bir hissəsi hiss edəndə bu, bütün ailə üçün çox önəmlidir. "Ailənin kraliçası"nın xoşbəxt olub-olmamasını dərhal hiss edirsən. Bu mənim üçün çox vacibdir və onun sayəsində Azərbaycanda daha uzun müddət qalmaq istəyirəm.

- Yeri gəlmişkən, nə vaxtdan birlikdəsiniz?

- 2007-ci ildən. Tarixi dəqiq xatırlayıram – 26 may 2007-ci il. İli bəzən qarışdırıram, amma tarixi dəqiq bilirəm (gülür). Artıq 19 ildir birlikdəyik. Məktəbdə, hər ikimizin 15 yaşı olanda tanış olmuşuq.

- Deməli, o sizin ilk sevginizdir?

- Bəli (gülümsəyir).

Qarabağ FK

Son xəbərlər

Olimpiada
Bu gün, 17:03

Dünya çempionu Melvil Ayvz Olimpiadada yıxılaraq huşunu itirdi

Futbol
Bu gün, 17:00

"Nottingem Forest" Murilyo üçün 70 milyon avro qiymət təyin etdi

Futbol
Bu gün, 17:00

"Turan Tovuz" - "Zirə" matçı başladı

Futbol
Bu gün, 17:00

"Turan Tovuz" - "Zirə" oyunu başladı - CANLI

Futbol
Bu gün, 16:55

Con Oluremi: Nəriman Axundzadənin transferi MLS üçün böyük hadisədir

Futbol
Bu gün, 16:40

"Fənərbaxça" "Nottingem Forest"lə matçda 2 oyunçusunu itirdi

Futbol
Bu gün, 16:40

U-18 Azərbaycan millisi Beynəlxalq İnkişaf Turnirində ikinci oyununda da məğlub oldu

Boks
Bu gün, 16:34

Azərbaycanın gənc boks milliləri ilk təlim-məşq toplanışına başlayıb

Futbol
Bu gün, 16:33

Klublararası Dünya Çempionatında iştirakçı komanda sayı Avropa nəhənglərinin təzyiqi ilə 48-ə yüksəldilir

Olimpiada
Bu gün, 16:32

54 ildən sonra: İspaniya Qış Olimpiya Oyunlarında xizək alpinizmi üzrə qızıl medal qazandı

Futbol
Bu gün, 16:32

Klublararası dünya çempionatında iştirakçı sayı 48-ə çatdırılır: Avropa nəhənglərinin təzyiqi

Futbol
Bu gün, 16:31

"Sabah" "Birmingem"dən Qodfred Boakini icarəyə götürüb

Futbol
Bu gün, 16:23

Azərbaycan Kuboku: 1/4 final cavab oyunlarının proqramı açıqlanıb

Digər
Bu gün, 16:21

Azərbaycan velosipedçiləri "Grand Prix Alaiye 1.2" yarışında iştirak edəcəklər

Futbol
Bu gün, 16:20

"Real"ın qapıçısı Tibo Kurtua "Le Man"ın səhmdarı oldu

Futbol
Bu gün, 16:18

U-18 Azərbaycan millisi Beynəlxalq İnkişaf Turnirində Özbəkistana da uduzdu

Futbol
Bu gün, 16:16

"Mingəçevir"in baş məşqçisi cəzalandırıldı, klub cərimələndi; "Şəfa" və "Şahdağ Qusar" da itkilər yaşadı

Futbol
Bu gün, 16:09

Dünya Çempionatı 2030 öncəsi Mərakeşdə sahibsiz itlərlə bağlı qalmaqal: Milyonlarla itin məhv edilməsi iddiaları

Futbol
Bu gün, 16:07

"Turan Tovuz" - "Zirə": Start heyətləri və oyun öncəsi məlumatlar

Futbol
Bu gün, 16:01

"Kəpəz"in bıçaqlanan futbolçusu Veysəl Rzayev 15 günə məşqlərə başlayır

Futbol
Bu gün, 16:00

"Qarabağ" Addaiyə maaşının azaldılmasını təklif edir, əks halda yollar ayrılacaq

Futbol
Bu gün, 15:57

Firuddin Mövsümov "Şəki"nin baş məşqçisi təyin olundu

Futbol
Bu gün, 15:54

"Turan Tovuz" - "Zirə": Qarşılaşmanın Heyətləri və Oyun Öncesi Təhlil

Olimpiada
Bu gün, 15:54

Azərbaycan paraüzgüçüləri Belarusda Açıq Kubokda medallar qazanıblar - YENİLƏNİB + FOTO

Oxşar xəbərlər