"Vacib üç xal qazandıq. Oyun bizim üçün uğurlu başladı".
İdman.biz xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyib.
Gənc mütəxəssis Azərbaycan Premyer Liqasının VI turunda "Neftçi" üzərində qazanılan 2:0 hesablı qələbəni şərh edib: "İlk dəqiqədə pressinq tətbiq edərək, topu əldə edib qapıya zərbə vurduq. Hesabı açdıq. Ondan sonra oyun daha çox ortada keçirdi. İlk hissədə ərazi üstünlüyümüz var idi. Bilirdik ki, fasilədən sonra rəqib daha çox irəli atılacaq. Futbolçularımız tempdən düşmədi və lazım olan ikinci qolu vurduq. Bizim üçün çox vacib qələbə qazandıq. Oyunçulardan razıyam. Çempionatda iki məğlubiyyətimiz var idi. Nəticə psixoloji cəhətdən çox önəmlidir. Bərabərlik də pis nəticə sayılmayacaqdı".
Qeyd edək ki, "Zirə" 5 oyundan sonra 9 xal toplayıb.
İdman.biz