"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 11-ci turunda "Qəbələ" üzərində qazandıqları 2:1 hesablı qələbəni şərh edib.
İdman.Biz xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında komandasının ilk hissədə çətinlik çəkdiyini, fasilədən sonra isə üstünlüyü ələ aldığını bildirib:
"Oyuna çox yaxşı başladıq və erkən qol vurduq. Bundan sonra üstünlük rəqibə keçdi. "Qəbələ" ilk hissənin sonuna qədər aqressiv pressinq tətbiq etdi və bu, oyunumuzu qurmağa mane oldu. Fasilədən sonra vəziyyət dəyişdi, tədricən üstünlüyü ələ aldıq. 60-cı dəqiqədən etibarən meydanda görmək istədiyim "Zirə" var idi. Çoxsaylı hücumlar təşkil etsək də, rəqibin müdafiəsini yarmaq asan deyildi. Yeton Bekirinin gəlişindən sonra "Qəbələ"də irəliləyiş hiss olunur. Bizi çətin oyun gözlədiyini bilirdik. Davit Volkovun yaxşı qol imkanı oldu. Sonda isə Vierinya və Kris Diqbeunun kombinasiyası sayəsində qələbə qolunu vurduq. Vacib 3 xal qazandıq".
Sadıqov Elçin Əlicanovun start heyətində yer almasının, Vierinya və Kris Diqbeunun isə sonradan meydana daxil olmasının səbəblərini də açıqlayıb. Baş məşqçi ilkin taktiki planın iki futbolçunun zədələnməsi səbəbindən dəyişdiyini qeyd edib:
"Bəli. Oyuna 4-2-3-1 sistemi ilə hazırlaşmışdıq. İsmayıl İbrahimli və İssa Cibrilla əsas heyətdə başlamalı idi. Lakin hər ikisi iki gün əvvəl zədələndiyi üçün beşli müdafiə sisteminə keçməyə məcbur olduq. İkinci hissənin daha vacib olacağını düşünərək Krislə Vierinyanı ehtiyatda saxladıq. Belə taktiki gedişləri əvvəlcədən planlaşdırırıq, amma onların uğurlu alınacağına heç vaxt tam zəmanət yoxdur".
Rəşad Sadıqov "Qarabağ"da birgə çıxış etdiyi keçmiş komanda yoldaşı Riçard Almeyda ilə görüşdüyünü və ona məşqçilik işinin çətinliyindən danışdığını da bildirib.