"Real"ın mərkəz müdafiəçisi Din Heysen sol ayaq nahiyəsindən aldığı zədə səbəbindən sıradan çıxıb. Sport24.az "AS"a istinadən xəbər verir ki, 20 yaşlı ispaniyalı futbolçu oktyabrın 4-də La Liqanın 8-ci turunda "Vilyarreal" üzərində 3:1 hesablı qələbə qazandığı oyunda zədələnib.
İspaniya millisinin oktyabr matçlarını buraxan Heysen fərdi məşq edir və oktyabrın 19-da "Xetafe" ilə oyunu buraxacaq. Bununla belə, o, qarşıdakı "Yuventus" (22 oktyabr) və "Barselona" (26 oktyabr) matçlarında iştirak edə bilər.
Qeyd edək ki, Heysen bu mövsüm bütün turnirlərdə Madrid klubunun heyətində 14 matçda meydana çıxıb və 1 məhsuldar ötürmə edib. "Real" daha əvvəl müdafiəçiləri Antonio Rüdiger, Trent Alexander-Arnold və Dani Karvahallı da zədə səbəbindən itirib.