Son günlər guya Pep Qvardiola və Xavinin futbol üzrə Hindistan milli komandasının baş məşqçisi vəzifəsinə namizədliklərini irəli sürmələri ilə bağlı xəbərlər yayılıb.
İdman.biz xəbər verir ki, Hindistan Futbol Federasiyası (AIFF) artıq rəsmi şəkildə bu məsələdə saxtalaşdırmanın olduğunu təsdiqləyib.
AIFF-in bəyanatında deyilir: "Pep Qvardiola və Xavinin adları qeyd olunan elektron məktublar almışıq. Amma onların həqiqiliyini təsdiqləmək mümkün olmadı. Məlum oldu ki, müraciətlər saxtadır".
Hindistan millisinin baş məşqçisi vəzifəsi üçün ümumilikdə 170 müraciət daxil olub. AIFF real namizədlərdən ibarət üç nəfərlik qısa siyahı hazırlayıb və "Qvardiola" ilə "Xavi"nin müraciətlərini zarafat və ya dələduzluq kimi rədd edib.
Maraqlıdır ki, bəzi KİV federasiya nümayəndələrindən sitat gətirərək bildirmişdi ki, "Xavi çox baha başa gələcək bir variantdır".
Hindistanlı jurnalistlər güman edirlər ki, bu hadisənin arxasında saxta elektron poçt ünvanlarından istifadə edən 19 yaşlı bir "zarafatcıl" dayana bilər.
Real namizədlər arasında isə Stiven Konstantin (Hindistan millisinin keçmiş baş məşqçisi), Xalid Camil, və Stefan Tarkoviç (Slovakiya millisinin keçmiş baş məşqçisi) yer alır.
İdman.biz